Azərbaycan yaxın gələcəkdə milyardlarla borc verən kreditor ölkəyə çevriləcək

Day.Az представляет новость на азербайджанском языке.

Hazırda dünyada xarici borc göstəriciləri üzrə Azərbaycan qədər pozitiv göstəriciyə malik az ölkə var. Borcun götürülməsi və qaytarılması şərtləri, istifadə sahələri, ÜDM-də yeri, adambaşına düşən həcmi və s. bütün bu göstəricilər uğurlu borclanma siyasətindən xəbər verir. Vətəndaş olaraq dövlət borcuyla bağlı istər texniki, istərsə də digər əhəmiyyətli məqamlar hamımız üçün maraqlıdır. Bu maraq dairəmizi həmkarım Xəyalə Mürsəl əhatə etməyə çalışıb.
 

Azərbaycan Respublikasının dövlət borcu daxili və xarici dövlət borcundan ibarət olmaqla, respublikanın təxirəsalınmaz sosial-iqtisadi xərclərinin maliyyələşdirilməsi və büdcə kəsirinin yerinin doldurulması üçün Azərbaycan Respublikası hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və ya xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Demək ki, əgər borcun varsa, onu qaytarmaq öhdəliyində var.
 

1 oktyabr 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,380.7 milyon ABŞ dolları və ya 5,005.1 milyon manat təşkil edib.
 

Xarici dövlət borcunun həcmi 01 yanvar 2014-cü il tarixinə 4,753.2 milyon manat, bir öncəki ilin müvafiq dövründə 5,708.4 milyon ABŞ dolları, 2012-ci ildə 4,816.7 milyon ABŞ dolları, 2011-ci ilin ilk ayında isə 3 857.3 milyon ABŞ dolları olub.

Xarici borclanma dinamikasında illər üzrə artım müşahidə olunur. Məbləğ artımının təməlində ölkə boyu həyata keçirilən infrastruktur layihələri dayanır. Cəlb olunan vəsaitlərin böyük hissəsi iqtisadi islahatlar proqramının dəstəklənməsinə, yolların tikintisinə, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.
 

1 oktyabr 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun ÜDM-yə olan nisbəti 8.5% təşkil edib.

Xarici dövlət borcunun ÜDM-də payı 01 yanvar 2014-cü il tarixinə tarixinə 8.2% olduğu halda bu rəqəm bir öncəki ilin müvafiq dövründə 8.3, 2012-ci ildə 7.6 %, 2011-ci ilin ilk ayında isə 7.42 % olub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, xarici borcun ÜDM-də artan payı isə ÜDM-nin artımı ilə adekvat təşkil edir və 8.5%-lik göstəricini nümunəvi rəqəm hesab etmək olar.
 

Vüqar Bayramov, iqtisadçı alim: "Nəzərə alsaq ki, beynəlxalq standartlara görə ÜDM-də dövlət borcunun payı 35%-dən azdırsa, başqa sözlə, ÜDM-in üçdə birindən azdırsa, bu nisbətən normal hal kimi qiymətləndirilir. Azərbaycanda xarici borcun ÜDM-də payı birrəqəmlidir. Azərbaycan regionun az sayda ölkələrindən biridir ki, xarici borcun ÜDM-dəki payını bir rəqəmli həddə qoruyub saxlaya bilir. Bu rəqəm bir daha göstərir ki, Azərbaycan praktiki olaraq xarici borc asılılığına malik olan ölkə deyil".
 

Ekspertlərin fikrincə, xarici borcun məbləğindəki və borcun ÜDM-dəki faizində qeyd olunan artıma baxmayaraq hələlik Azərbaycanda xarici borc təhlükəli həddən uzaqdır. Bir faktı nəzərə alaq ki, Azərbaycanın dövlət ehtiyatları ölkənin xarici borcundan 8 dəfə çoxdur. Bu əslində ondan xəbər verir ki, aşağı həcmli xarici borca, eyni zamanda kifayət qədər maddi ehtiyata malik olmaq ölkə iqtisadiyyatı üçün bir növ sığorta yastığının formalaşmasına imkan verir və Azərbaycanda baş verə biləcək hər hansı bir regional və ya qlobal böhranlardan sığortalana bilər.
 

Vüqar Bayramov -iqtisadçı alim: "Xarici borcların məbləğinə baxsaq görərik ki, bu gün dünyada ən çox xarici borcu olan ölkə ABŞ-dır. Bu ölkənin xarici borcu birləşmiş ştatların ÜDM-si qədərdir. B.Britaniyanın xarici borcu ölkənin ÜDM-dən təxminən iki dəfə çoxdur. Əksər Avropa ölkələrində xarici borc ÜDM-nin 100%-nə yaxındır".

Xarici borcun ÜDM-də payına görə Azərbaycan MDB ölkələrini də geridə qoyur. Bu rəqəm Özbəkistanda 14%, Rusiyada 35%, Gürcüstanda 60%-ə yaxın, Ermənistanda 64%, Ukraynada 65%, Belarusda 50%-ə yaxın, Qazaxıstanda isə 50%-dən artıqdır.
 

Vüqar Bayramov: "Azərbaycan nəinki MDB-də, eyni zamanda Mərkəzi-Şərqi Avropa ölkələrində xarici borcun ÜDM-dəki payına görə ən yaxşı göstəricilərə malikdir. Eyni zamanda Azərbaycan dövlət rezervlərinin ÜDM-dəki payına görə MDB-də, eləcə də Mərkəzi-Şərqi Avropa ölkələrində ən yaxşı göstəriciyə malikdir. Belə ki, dövlət rezervlərinin ÜDM-də payı Azərbaycanda 75% olduğu halda bu rəqəm digər ölkələrdə kifayət qədər aşağıdır. MDB ölkələrində rezervlərin ÜDM də payı 50%-dən artıq olan ölkə yoxdur.
 

Borc mənbələri Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər maliyyə qurumlarıdır. Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi isə aşağıdakı kimidir:


BVF-nin XBH 10.4% (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları)

ABŞ dolları 63,7%

avro 21.7%

yapon yeni 2.2%

İslam dinarı 0.8%

Səudiyyə rialı 0.5%

BƏƏ dirhəmi 0.5%

Küveyt dinarı 0.2%
 

Cəlb edilən borcların böyük bir qismi uzunmüddətli dövr üçün cəlb edilən borclardır. Belə ki, ümumi borcun 7,4%-i 10 il, 61.3%-i 10 ildən 20 ilə qədər, 31.3%-i isə 20 ildən artıq müddətə cəlb olunub.
 

Vüqar Bayramov -iqtisadçı alim: "Xarici borcların orta faiz dərəcəsi təxminən 5%-ə yaxındır. Yəni praktiki olaraq xarici borclar kifayət qədər aşağı faizlə verilən borclardır. Elə borclar var ki, onların illik faizləri hətta iki faizdən aşağıdır. Biz hətta dolların inflyasiyasını nəzərə alsaq, bu o deməkdir ki, xarici borclar real ifadədə kifayət qədər kiçik faizlə cəlb edilən borclardır. Bu baxımdan borclar və müddət Azərbaycanın iqtisadi maraqları üçün uyğundur və birmənalı şəkildə faiz borclarının aşağı və müddətinin uzun olması gələcəkdə Azərbaycanda xarici borc probleminin yaşanmasına imkan verməyəcək.


Xarici borcun məhz uzunmüddətli və az faizlərlə cəlb edilməsi Azərbaycana bir dövlət kimi inamdan xəbər verir. Üzümüzə debitor qapılar açıq olsa da, borclanmaya meylimiz azdır. Bunun fonunda da Azərbaycanda xarici borc təhlükəli həddən uzaqdır.
 

Vahid Əhmədov, MM-nin İqtisadi Siyasət Komitəsinin üzvü: "Vaxt var idi Azərbaycan borc almaqda çətinlik çəkirdi. Qoyduğumuz investisiyanın hardasa 20%-i daxili, 80%-i isə xarici investisiyanın payına düşürdü. Amma gələn il üçün investisiya planı qoyacağıq - hardasa 20 milyarda yaxın. Bunun cəmi 20%-i xarici investisiya olacaq, qalanı yerli investisiya olacaq. Yəni biz borc almağa üstünlük vermirik. Borcun qaytarılması üçün mənbələr var - istiqraz vərəqləri, əmlak satışı və s. kimi məsələlər həyata keçirilir. Xaricdən fərqimiz ondan ibarətdir ki, bizə borc vermək istəyən dövlətlər çoxdur. Bilirlər ki, bunun arxasında neft var, onun satışı var, bundan başqa 55 milyard dollara yaxın ehtiyatımız var. Yəni vəsaitlə bağlı bizim problemimiz yoxdur.
 

Çünki, xarici borcun qaytarılması ilə bağlı ayrıca siyasət həyata keçirilir, hər il dövlət büdcəsindən müəyyən ayırmalar olur.

Vahid Əhmədov: "Dövlət borcunun qaytarılması ilə bağlı MM-nin qərarları olur, büdcə təyin edildikdə orada da göstərir ki, borclar nə qədərdir və nə vaxta ödəniləcək. Düzdür, borclanmada müəyyən artımlar var, amma həddi keçmir, normal həddədir -adambaşına düşən xarici borc 620 dollara yaxındır. Borcun qaytarılması üçün 2015-ci il dövlət büdcəsində 703 milyon manat nəzərdə tutulub, bunun da 239 milyonu faiz, 463 milyonu isə əsas borcdur".
 

Ekspertlərin fikrincə dövlət borcunun sıfırlanması texniki baxımdan mümkün olsa da, iqtisadi baxımdan buna ehtiyac yoxdur. Nəticədə hər bir ölkənin xarici borcu var. Bu sahədə digər ölkələrdən fərqlənən Azərbaycan nəinki təkcə xaricdən borc götürür, eyni zamanda Azərbaycan özü də tədricən borc verən ölkəyə, digər tərəfdən də donor ölkəyə çevrilir. Yəni xarici borcları investisiyaya bənzətmək olar ki, ölkə həm investisiya cəlb edir, həm də investisiya yatırır.
 

Vahid Əhmədov, MM-nin İqtisadi Siyasət Komitəsinin üzvü: "Azərbaycan elə bir külli miqdarda borc vermir, Azərbaycan üçün lazım olan dövlətlərə müəyən kreditlər verir. Bu əsasən Bakı-Qars dəmir yolunun tikintisilə bağlıdır. Çünki, bu layihə Azərbaycan üçün önəmlidir, layihə Azərbaycana xeyli gəlir gətirəcək. Yolun çəkilişi ilə bağlı 300 milyona yaxın müəyyən faizlərlə kredit verilib. Amma Azərbaycan hələlik böyük kreditlər vermir, xırda kreditlər verir.
 

Zaman gələcək, o zaman ki, Azərbaycan "əkdiyinin bəhrəsini" görəcək. Hazırda borclanma ilə bağlı yürüdülən düşünülmüş siyasət özünü daha qabarıq şəkildə büruzə verəcək. Ölkəyə qoyulan xarici, eləcə də yerli investisiyalar hesabına Azərbaycan zəngin və inkişaf etmiş ölkələr sırasına düşəcək və milyardlarla borc verən kreditor ölkəyə çevriləcək. Debitor ölkə olaraq isə dünyada iqtisadiyyat tarixinə nümunəvi göstəricilər üzrə lider dövlət kimi düşəcək!

Milli.Az