Azərbaycanda bir azdan hamı maşın ala biləcək Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan adambaşına düşən avtomobillərin sayına görə inkişaf etməkdə olan ölkələrdən 2 dəfə geri qalır. Hazırda ölkədə 1,3 milyon avtomobil var, yəni hər 8 nəfərə 1 avtomobil düşür ki, inkişaf etməkdə olan ölkələr üzrə orta göstərici 4 nəfərə 1 avtomobildir. İnkişaf etmiş ölkələrdə isə 3 nəfərə 2 avtomobil düşür.

Bu göstəricini ortaya çıxarmış İqtisadi və Sosial İnkişaf Mərkəzindən Anspress-ə bildiriblər ki, əslində vəziyyət tam tərsinə olmalı idi. Çünki orta gəlirli ölkələr siyahısının yuxarı sıralarında yer alan Azərbaycan adambaşına gəlir göstəricisinə görə, inkişaf etmiş ölkələrə daha yaxındır.

Mərkəzin araşdırmasına görə, bu fakt Azərbaycanda avtomobil satışı üzrə böyük potensialın olduğunu ortaya çıxarır - əhalinin gəlirləri ildən-ilə artır, amma bazarda ucuz avtomobillərin olmaması bu potensialı gerçəkləşdirməyə imkan vermir. Son illərdə idxalda "Avro-4" standartlarına keçilməsi də bu imkanları xeyli azaldıb.

Məsələ bundadır ki, artıq ölkəyə ucuz maşın gətirilmir və bu, idxalda xeyli azalmaya səbəb olur. Statistikaya görə, əgər 2013-cü ildə Azərbaycana 103 min avtomobil gətirilmişdisə, "Avro - 4" standartlarının tətbiq edilməsi ilə bağlı 2014-cü ildə bu, 67 minə düşüb. Lakin 30 minə yaxın avtomobil də daxili bazardakı satışlar nəticəsində əldən-ələ keçib. Beləliklə, bazarın həcmi təxminən 100 min təşkil edib.

İqtisadçı Vüqar Bayramovun fikrincə, bazara olan avtomobil təklifi yerli avtomobil sənayesini qurmaq üçün yetərlidir: "100 min avtomobil yerli istehsalın qurulması üçün çox əlverişli rəqəmdir. Yerli avtomobil istehsalının əsas mahiyyəti ölkə vətəndaşını ucuz nəqliyyat vasitəsi ilə təmin etməkdir. Yerli istehsal vətəndaşa imkan verir ki, gömrük rüsumu və digər vergilər olmadan ucuz avtomobil ala bilsin. Həm də yerli avtmobillərin ölkə daxilində ehtiyat hissələrini də tapmaq çətin olmur, təmir ucuz başa gəlir. Bizim bazarda Rusiya avtomobillərinə tələbin böyük olmasının əsas səbəbi məhz onların ehtiyat hissələrinin ucuz olması ilə bağlıdır".

İqtisadçının dediklərini Dövlət Statistika Komitəsinin məlumatları da təsdiqləyir. Statistikaya görə, Azərbaycanda hazırda 1 milyona yaxın minik avtmobili var və bunun 52 faizindən çoxu Rusiya avtombillərinin payına düşür. SSRİ 24 ildir ki, dağılıb, amma Azərbaycan hələ də sovet maşınlarının asılılığından xilas ola bilmir və bunun əsas səbəbi Rusiya avtomobillərinin ucuz olmasında, ehtiyat hissələrinin asan tapılmasındadır. Orta və kiçik biznesi təmsil edən sadə insanlar adatən bu maşınlara üstünlük verirlər. Lakin dövriyyədə olan Rusiya avtmobillərinin əksəriyyəti çağdaş standartlara cavab vermir, qoruyucu yastıqlara, avtomat sürətlər qutusu və s. malik deyil.

Vüqar Bayramovun fikrincə, bu tələblərə cavab verən yerli avtomobil istehsalını təşkil etməklə bazarın 60 faizini təmin etmək mümkündür. "Azərbaycanda yerli avtmobilə ən azı ildə 60 min tələb var. Söhbət qiyməti 10-12 min manat arasında dəyişən və "Avro-3" standartına uyğun avtomobillərdən gedir. Əgər yerli istehsalın qiymətini 7-8 min manata endirmək mümkün olarsa, o zaman yerli avtmobil tələbatın 80 faizini ödəyər, yəni 80 min yerli avtmobil satıla bilər", - deyə iqtisadçı alim vurğulayır.

Vüqar Bayramovun fikrincə, hazırda müəyyən qədər avtmobil istehsal edilən Gəncə və Naxçıvan avtomobil zavodlarında istehsalı mütəmadi genişləndirməklə bir neçə ilə bu göstəricələrə qalxmaq olar. "Bu həmin şəhərlərin əhalisi üçün çox faydalı ola bilər. Bizim araşdırmalara görə, Naxçıvan və Gəncə avtomobil zavodlarında istehsal genişləndirilərsə, bu, toplam 40 min, yəni hər bir şəhərdə 20 min yeni iş yerinin yaradılması deməkdir", - deyə iqtisadçı vurğulayır. Bu öz yerində, həm də ölkə ümumi daxili məhsuluna (ÜDM) təxminən 1 milyard manatlıq neftdənkənar dəyər əlavə olunar. Lakin bu məsələnin bir sıra problemləri var.

Başlıca problem 1,2 milyona yaxın avtmobilin toplaşdığı Bakıda yaranmış tıxaclarla bağlıdır. Tıxaclar şəhər nəqliyyatının hərəkətini zəiflətməklə yanaşı, həm də havanı korlayır.

Vüqar Bayramov problemin həlli üçün inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmağı təklif edir: "Günün müəyyən saatlarında, məsələn, saat 8-dən 20-yə kimi şəhər mərkəzinə minik avtomobillərinin çıxmasını qadağan eləmək lazımır. Həmin zaman bir boşluq yaranacaq ki, ictimai nəqliyyat bu boşluğu doldurmalıdır. Buna görə ictimai nəqliyyatı da genişləndirmək, sürətli tramvay xətləri çəkmək, dəniz travmayı təşkil etmək lazımdır".

Yerli avtomobil sənayesinin qurulmasına ikinci əngəl əhali arasında yerli avtomobillərin populyarlıq dərəcəsinin aşağı olması ilə bağlıdır. Hələ ki, yerli avtomobili yalnız əlillər alır və əhali könüllü şəkildə bu maşınlara pul vermək istəmir. Bu, sovet dövründə yalnız idxal malının keyfiyyətli olacağı barədə formalaşmış təsəvvürlə bağlıdır.

Vüqar Bayramov bu düşüncə tərzini dağıtmaq üçün Mərkəzi və Şərqi Avropanın postsosialist ölkələrinin təcrübəsindən yararlanmağı təklif edir: "Ölkədə ili nisbətən köhnə olan avtomobillərin istifadəsi qadağan edilə bilər. Dövlət bu avtomobilləri alıb metal qırıntısı kimi istifadə edə bilər və həmin avtmobillərin sahiblərinə topdansatış qiymətindən ucuz qiymətə yeni avtmobillər təklif edər. Bununla da, ekoloji cəhətdən zərərli, qəza riski yüksək olan avtomobillər bazardan çıxarılar, həm də yerli avtomobil populyarlaşar. Yerli avtomobilləri populyarlaşdırmaq üçün dövlət subsidiya mexanizmindən də istifadə edilə bilər. Məsələn, avtomobil 10 min manata başa gəlirsə, dövlət bunun 2 minini özü ödəyə bilər. Üçüncü yol isə idxal edilən avtomobillərə daha yüksək gömrük rüsumu tətbiq edilməsi ilə bağlıdır. Nəticədə, xarici avtmobil həddindən baha başa gəlir ki, əhali yerli avtomobil almağa meylli olur".