Mobil telefon tarifləri, nəhayət ki, aşağı salınır Day.Az представляет новость на азербайджанском языке

"Mobil telefonla bir operatordan digərinə zəng etmək çox baha başa gəlir. Heç 5 dəqiqə danışmamış azı 40-50 qəpik çıxılır. Danışıq tarifləri həddən artıq yüksəkdir. Həmçinin tez-tez danışıq zamanı əlaqə kəsilir. Danışmaq üçün pul ödəyirsən, amma telefonla bir kəlmə sözünü rahat deyə bilmirsən".

Bunu Anspress -in "qaynar xətti"nə müraciət edən Tural Məmmədov söyləyib. Gənc oğlan mobil rabitə operatorların xidmətlərindən gileylənir. Tural deyir ki, bir operatordan başqa operatora zəng etmək üçün ən azı balansınızda 1-2 manat olmalıdır ki, sözünü qarşı tərəfə çatdırıb deyə biləsən. Digər bir problemin isə texniki məsələrlə bağlı olduğunu deyən gənc xidmət keyfiyyətinin aşağı olduğunu söyləyir.

Bu gün Tural kimi mobil rabitə operatorlarının xidmətindən narazı qalanların sayı isə az deyil.

Narazılar dəstəsində ön cərgələrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) də var. Nazirlik dəfələrlə mobil rabitə operatorlarına xəbərdarlıq etsə də, hələlik heç bir nəticə əldə edilməyib. Artıq bu problemlərdən çıxış yolu kimi müəyyən mexanizmlərdən istifadə ediləcək.

RYTN-dən bildirilir ki, yaxın zamanda mobil rabitə operatorları vahid arabağlantı tariflərinə keçəcək. Yəni bir operatordan digərinə zəng edərkən vahid qiymətdən istifadə olunacaq. Bununla bağlı artıq mobil rabitə operatorları ilə ümumi razılaşma da əldə edilib. Mütəxəssislər isə bu cür tariflərinin tətbiq edilməsinin bazarda rəqabətin balanslaşdırılmasına imkan verəcəyini söyləyirlər.

Ekspertlərin fikrincə, yeni arabağlantı qiymətləri daha aşağı olduğu üçün mobil rabitə operatorları daha aşağı qiymətlə xidmət göstərə biləcəklər. Qonşu ölkələrdə danışıq tariflərinin bizdəkindən dəfələrlə ucuz olduğunu deyən mütəxəssislər taariflərin azaldılmasının vacib olduğunu söyləyirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tezliklə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının fəaliyyətinin keyfiyyətinin yoxlanılmasına başlayacaq. Bu yoxlamalara əsasən, danışıqlar zamanı kəsilmələr və rouminq xidmətinin keyfiyyətinin yüksəldilməsi məsələlərinə diqqət yetiriləcək. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq addımlar atılacaq.

Nazirlikdən bildirilir ki, yaxın vaxtlarda monitorinqlərə başlanılacaq. Bu monitorinq beynəlxalq standartlar səviyyəsində aparılacaq.

Nazirlik mobil operatorlarının fəaliyyətində nöqsanlar aşkarlayacağı təqdirdə Azərbaycan qanunvericiliyinə uyğun olaraq cərimələr tətbiq edəcək.

RYTN mobil operatorlara lisenziyalar verən və yeni imkanlar yaradan tənzimləyici orqan kimi aşkar olunan nöqsanları nəzərə alacaq.