Azərbaycanda bank kreditlərinin faizi niyə yüksəkdir?

Day.Az представляет новость на азербайджанском языке.

Ölkədə bank kreditlərinin faiz dərəcələrinin niyə yüksək olduğu barədə suala cavab axtararkən ilk növbədə nəzərə almaq vacibdir ki, burada söhbət məhz "əmtəə satışından" gedir. Bu və ya digər əmtəənin qiyməti nəyə görə baha və yaxud ucuz olur? Ona görə ki, ya ona tələbat yüksək olur - təklif bunu ödəyə bilmir, ya da satış getmir - təklif tələbi üstələyir. Bax, kredit faizlərində də məsələ belədir.

Bunu Milli.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov deyib:

"Kredit bir əmtəə növüdür - pul şəklində verilir və yaxud satılır ki, gəlir gətirsin. Azərbaycanda kreditə tələbat hədsiz yüksəkdir - bankların isə resursları o qədər çox və yaxud da tam əlverişli halda deyil ki, sözügedən tələbata uyğun pul "paylasınlar". Odur ki, məcburdurlar ki, faizləri qaldırsınlar və bahalı kredit təklifiylə çıxış etsinlər".

Ekspert bunun səbəbini belə açıqlayıb: "Çünki bizdə kommersiya banklarının verdikləri kreditlər əsasən 3 mənbə - AMB-nin vəsaiti, xarici maliyyə qurumlarından alınan və əhalidən cəlb edilən vəsaitlər hesabına formalaşır. Bunların sırasında da ən çox payı olan sonuncudur, yəni əhalidən cəlb edilən əmanətlər. Əhalinin pulu hesabına uzunmüddətli, sərbəst və ucuz kredit siyasəti yeritmək olarmı? Sözsüz ki, yox! Hələ üstəlik, həmin vəsaitlər özü yüksək divident vədi ilə götürülürsə... Xatırladım ki, Azərbaycanda əhalidən banklara cəlb olunan əmanətlər 12%-ə qədər dividentədək sığortalanır. Deməli, kreditə hələ tələbat olmasa belə, kommersiya bankları 18-20%-dən aşağı faizlə borc verə bilməzlər. Bunun da üzərinə yuxarıda qeyd etdiyimiz amilləri gələndə kreditlər üzrə faiz məbləğləri qalxıb kəllə-çarxa, yəni 25-39% səviyyəsinə çatır".

İqtisadçı yaranmış situasiyadan çıxış yolunu da göstərib: "Bu vəziyyətdən çıxmaq üçün əvvəla, dövlət bankların sərbəst pul resurslarına çıxışlarını asanlaşdırmalıdır və bu sahədə mövcud imkanlarının azı 3-4 dəfə genişlənməsinə nail olmalıdır. İkincisi isə, kreditə tələbatın kökündəki risk səviyyəsi minimuma endirilməlidir. Heç kəs "pulu çox olsa" belə, geri ödənişi şübhə doğuran yerə borc verməz..."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.