Facebook testləri təhlükəlidirmi?

Day.Az представляет новость на азербайджанском языке.


"Sənin ruh əkizin kimdir" sualından başlanan casusluq

Bir qrup adam var, Facebooka sırf oradakı əcaib testlərdən keçmək üçün girirlər. Adamlar həyatlarını (məsələn, gələcək ərlərini, işlərini, saç rənglərini) həmin testlərə həvalə ediblər. Təsəvvür edin, oturub gözləyirlər ki, sarışın bir oğlan gəlsin, özü də əliboş yox a, bir əlində karyera, o birində də üzük.
Məsələn, Facebook tez-tez soruşur ki, "Sənin ruh əkizin kimdir?" və ya "Əslində, neçə yaşın var?". Siz də deyirsiz indi bu Facebook sizin ata-ananızdan və ya öz hisslərinizdən sizi yaxşı tanıyır eləmi?!

Bəs, heç maraqlı deyilmi ki, bu testlər haradan qaynaqlanır? Ümumiyyətlə, Facebookun özü ilə əlaqəsi varmı?

Bu test məsələsinin əslində tarixi var. Əslində, Facebook bu işin əsasını onun adını ilk dəfə eşitməyə başladığımız illərdən qoymuşdu. Həmin testlər Facebooka aid olduğu üçün əlavə problemlər yaranmırdı. Lakin indiki testlər Facebooka çox da aid deyil və müxtəlif kanallardan sizlərə göndərilir. Ancaq həmin kanallara da Facebook tərəfindən nəzarət edilir.

Bu testlər iki kanal vasitəsilə yayınlanır. Bunlardan biri "Captan Quizz", digəri isə "Nametest.com"dur.
Captan Quizz testləri təhlükəsizdirmi?

İlk növbədə hazırda yayımlanan bəzi testlərdən bəhs edək. Ən məşhuru təbii ki, "Gerçək ruh əkizin kimdir?" olanıdır. Bundan əlavə, "Neçə uşağınız olmalıdır?", "Saçınız hansı rəngdə olmalıdır?",

"Hansı element sizə uyğundur?" və s. Hər hansı testdən keçməyə başlayanda proqram sizdən bəzi icazələr istəyir. Bax, həmin bu icazələr çox önəmlidir. Həmin icazələr çox vaxtı başımıza bəla olur.

Captan Quizz sizdən bu icazələri istəyir: "Captain Quizz bunlara daxil ola biləcək: hər kəsə açıq profilinə, dostluq siyahına, zaman tunelində paylaşdıqlarına, ad gününə və şəkillərinə".

Bu icazələrdə əslində ilk baxışda heç bir problem yoxdur. Lakin fərdi məlumatlarınızın tətbiq tərəfindən izlənəcəyini unutmayın. Doğum günü, şəkil, dostluq siyahısınız və bir az da gizliliyinizi təhdid edəcək icazələr. Təbii ki, Facebook şifrənizi əldə edə biləcək qədər icazə vermirsiniz bu tətbiqə. Yəni bu testlərin məqsədi şifrənizi oğurlamaq deyil. Facebook özü onsuz da bunların hamısını bilir. Captan Quizzə verdiyiniz icazələr əslində heç bir təhdid məqsədli deyil. Lakin fərdi məlumatlarınızı götürə bildiyi üçün problemlər yarana bilər. Məsələn, siz dostluq siyahınızı "sadəcə mən" - deyə seçirsiniz. Lakin sahibinin kim olduğunu bilmədiyiniz tətbiqə icazə verirsiniz. Bu problem deyil? Bu icazələri verdikdən sonra test başlayır və cavablar gəlir. Profilinizde paylaşıb paylaşmamaq isə artıq sizin şəxsi qərarınızdır.

Gələk Nametest.com-a. Buradaki ən məşhur test "Əslində neçə yaşınız var?" testidir. Bundan başqa "Neçə gizli fanatınız var?", "Əslində kimsən?", "50 il sonra necə görünəcəksən" və s. kimi maraqlı testlər təklif olunur. İstənilən testdən keçmək istəyəndə sizdən soruşulur: "Porfiliniz və e-mail adresiniz".

Deməli, Nametest.com Captan Quizzə nisbətən daha az icazə istəyir. Amma burada e-mail ünvanınızı istəməyi bir qədər narahatçılıq yaradır. Çünki Facebook adresimiz ona bağlıdır və hətta e-mail vasitəsilə bir çox işinizi həll edirsiniz. E-mail ünvanınızı istəməsindən əlavə başqa problem yoxdur. Həmçinin qeyd edək ki, indiyə kimi Nametest.com-dan istifadə edən şəxslər bu tətbiqdən şikayət etməyib. Baxın, qərarı özünüz verin! Nəticə etibarilə əslində bu cür testlər çox da təhlükəli, həmçinin ciddi deyil. Onsuz da Facebook bütün bunlara nəzarət etdiyi üçün şəxsi həyatınız və virtual dünyanız üçün problemlər yaranmır. Lakin fərdi məlumatlar (doğum günü, şəkil və s.) özəl həyatın gizliliyinə zərər verə bilər. Qısası, ailədaxili problemlərə yol aça bilər.

Bir şeyi də qeyd edək ki, bu cür testlər əyləncəli olsa da, mənasızdır. Yəni siz ruh əkizinizi, ya da saç rənginizi seçməyi süni zəkaya həvalə edirsiniz. 

Atv.az