İsmayıllı meşələrində baş vermiş yanğın söndürüldü - YENİLƏNİB Day.Az представляет новость на азербайджанском языке.

---------
20:53

Bir neçə gün əvvəl İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində baş vermiş yanğın 29 avqust 2014-cü il tarixində saat 19 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 

Qeyd edək ki, yüksək dağlıq ərazidə bir-birindən uzaq məsafələrdə yerləşdiyindən və küləklə müşayiət olunduğundan yanğının söndürülməsi xeyli çətinlik yaratmışdı. Eyni zamanda, yanğının baş verdiyi ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranmışdı.

Belə ki, yanğının qarşısının alınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib. Közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən bel, kürək və sair avadanlıqlardan istifadə olunmaqla tədbirlər görülüb. Həmçinin yaxın dağ çaylarından əl əməyi ilə su daşınıb. Əraziyə cəlb olunmuş FHN-in aviasiya və canlı qüvvəsinin, ETSN-in müvafiq yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində hazırda yanğının tam olaraq qarşısı alınıb.
 

Ümumilikdə bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla 20 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində 4 hektara yaxın quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.


---------
15:03

İsmayıllı dağlarında yanğın artıq 3 gündür ki, davam edir.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, rayonun Qara Qaya kəndinin dağətəyi hissəsini cənginə alan alovun söndürülməsi istiqamətində səylər davam edir.

Yanğın dağlıq ərazidə baş verdiyindən əraziyə texnika göndərmək mümkün deyil. Hətta alovla mübarizədə FHN-in iki helikopter və 1 təyyarəsindən istifadə olunması belə nəticəyə təsir göstərməyib. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb və sakinlər üçün heç bir təhlükə yoxdur. Ancaq yanğın digər istiqamətlərdə genişlənməyə davam edir.