Serbiyada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş klassik musiqi konserti və fotosərgi keçirilmişdir - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

26 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu şəhərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, tanınmış Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert və ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi keçirilmişdir.

Belqrad şəhərinin "İvo Lola Ribar" mədəni-bədii özfəaliyyət cəmiyyətinin konsert salonunda təşkil edilmiş tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ölkə parlamentində fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik korpusun üzvləri, tanınmış musiqiçilər və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak etmişlər.

Qonaqlar ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad şəhərinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə çıxış edərək, tədbir iştirakçılarını salamlamış, rəhbərlik etdiyi Mərkəzin fəaliyyətindən bəhs edərək, bu konsert və fotosərginin Belqrad şəhərində həyata keçirilən və ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin tərkib hissəsi olduğunu bildirmişdir.

Daha sonra Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin müşaviri Cavanşir Məcidov çıxış edərək, ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən və xilaskar rolundan bəhs etmişdir. O, ölkəmizdə azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin iqtisadi rifahı, ölkəmizin ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, tərəqqi edən və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz ulu öndər tərəfindən qoyulduğunu, bu siyasi kursun bu gün Azərbaycan Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmış, onlara xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə minnətdarlığını bildirmişdir. Daha sonra o, 1970-1980-ci illərdə dəfələrlə SSRİ-də, o cümlədən bir neçə dəfə Azərbaycanda səfərdə olmuş və ulu öndərimiz və onun ailə üzvləri ilə şəxsən tanış olan tanınmış serb müğənnisi və mədəniyyət xadimi xanım Radmila Karaklaiçi səhnəyə dəvət edərək, xatirələrini tədbir iştirakçıları ilə bölüşməyi ondan xahiş etmişdir.

Azərbaycanda son dəfə 1984-cü ildə olduğunu xatırlayan xanım R.Karaklaiç, böyük qonaqpərvərliyi ilə seçilən ölkəmiz və xalqımız haqqında xöş sözlər söyləyərək, ümummilli lider Heydər Əliyev və onun ailə üzvləri ilə tanışlığı və görüş xatirələri barədə məlumat vermişdir. O, Bakıdakı konsert çıxışlarından birindən sonra ümummilli liderin ailəsi tərəfindən nahara dəvət edildiyini söyləmiş, bir müddət sonra isə onların dəvəti ilə Moskva şəhərində ulu öndərin özü ilə də tanış olduğunu məmnunluqla xatırlayaraq, Əliyevlər ailəsinin onun qəlbində səmimi, gözəl, mədəniyyət və incəsənətə dəyər verməyi bacaran bir insanlar kimi dərin iz qoyduğunu vurğulamışdır.

Daha sonra tədbir iştirakçıları Belqrad şəhərinin "Lola klasik" orkestri və Novi Sad şəhərinin İncəsənət Akademiyasının "Üzeyir Hacıbəyli təqaüdü"nə layiq görülən tələbələrinin ifasında tanınmış Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert başlanmışdır.

Tədbirin sonunda iştirakçılara Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən serb dilinə tərcümə olunaraq nəşr etdirilmiş "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən ulu öndərə həsr olunmuş kitab və xüsusi olaraq ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar dərc etdirilmiş "Dünya liderləri Heydər Əliyev haqqında" kitabçası paylanmışdır.

Fotosərgi və konsert Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və ölkə mətbuatında işıqlandırılmışdır.


Böyütmək üçün fotolara klikləyin.