Budapeştdə 31 mart azərbaycanlılarının soyqırımı münasibəti ilə anım mərasimi keçirilib - FOTO
Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 31 mart Dünya azərbaycanlılarının soyqırımı münasibəti ilə anım mərasimi keçirilib.

Mərasim yazıçı Günel Anarqızının Budapeştdə Azərbaycan və macar dillərində yenicə çapdan çıxan "Qarabağ hekayələri" kitabının təqdimatı ilə müşaiyət olunub. İndiyə qədər bir sıra dillərə tərcümə edilən hekayələr toplusu səfir Vilayət Quliyevin "İtirilmiş cənnətin sorağında" adlı ön sözü ilə açılır.

Anım mərasimi ilə kitab təqdimatının bir araya gətirilməsinin səbəbləri var. Bu, hər şeydən əvvəl "Qarabağ hekayələri"ndə son iki əsrdə radikal erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasətinin bədii əksini tapması ilə bağlıdır. Altı hekayədən ibarət silsilədə yüz minlərlə insanın həyatına öz dəhşətli möhürünü vurmuş Dağlıq Qarabağ münaqişəsi, dörddə bir əsr davam edən erməni işğalı bədiiliyin tələb və meyarları ilə soyqırımı faktı kimi dəyərləndirilir, Azərbaycan insanının üzləşdiyi psixoloji sarsıntılar, yurd itkisi, erməni vəhşiliyinin biri-birindən dəhşətli mənzərələri bu hekayələri yaddaşlarda yaşayan soyqırımı sənədləri kimi qəbul etməyə əsas verir.

Anım mərasimi və kitab təqdimatını açan səfir Vilayət Quliyev öz çıxışında 1998-ci ildən başlayaraq 31 mart tarixinin Dünya azərbaycanlılarının soyqırımı günü kimi ölkədə və onun hüdudlarından kənarda geniş qeyd edildiyini xatırlatdı. Səfir qonşu Ermənistanın təcavüzkar siyasəti nəticəsində ötən əsrin əvvəllərindən etibarən azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, tarixi torpaqlarından sürgün edilməsi və didərgin salınmasını XX əsrdə insanlığa qarşı törədilən dəhşətli cinayətlərdən biri kimi dəyərləndirdi. Təqdimatı keçirilən kitabın bu baxımdan bədii sənəd olduğunu və macar oxucularında dost Azərbaycan xalqının üzləşdiyi faciələrlə bağlı dolğun təsəvvür yaradacağını vurğuladı.

Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva rəhbərlik etdiyi qurumun macar ictimaiyyəti arasında Azərbaycan həqiqətlərini, xüsusi ilə də erməni işğalının acı nəticələri ilə bağlı gerçəkləri yaymaq istiqamətində gördüyü işlərdən bəhs etdi. Bu baxımdan Günel Anarqızının "Qarabağ hekayələri" kitabının öz bədii təsir gücü ilə insanları daha çox inandıracağını bildirdi.

Sonda çıxış edən yazıçı Günel Anarqızı soyqırımı qurbanlarının anılmasına və bu kədərli mövzuya kiçik töhfə olan kitabının təqdimat mərasiminin keçirilməsinə görə Səfirliyə və Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinə təşəkkürünü çatdırdı. Müasir macar oxucuları bu kitab vasitəsi ilə erməni işğalı nəticəsində Azərbaycan xalqının üzləşdiyi faciələr barəsində müəyyən obyektiv təsəvvür əldə etdiyi təqdirdə bunu özünün uğuru sayacağını vurğuladı. Bir azərbaycanlı və yazıçı kimi "Qarabağ hekayələrində" toxunulan mətləblərin aktuallığını itirməsini həyatının ən böyük arzusu adlandırdı.

Mərasimdə Macarıstanın yaradıcı ziyalıları, diplomatik korpus təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Böyütmək üçün şəkillərə klikləyin: