Brüsseldə “Avropa İttifaqı və Azərbaycan: irəliyə gedən yol” mövzusunda konfrans keçirilmişdir

Day.Az представляет новость на азербайджанском языке.

 

Cari ilin 5 mart tarixində Brüsseldə Avropa Siyasət Mərkəzində (European Policy Center) "Avropa İttifaqı və Azərbaycan: irəliyə gedən yol" mövzusunda konfrans keçirilmişdir. Avropa İttifaqı və Azərbaycandan ekspertlərin qatıldığı bu tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi Nümayəndəsi F.Lefor, Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi D.Daniilidis, LİNKS beynəlxalq qeyri-hökumət təşkilatının direktoru D.Sammut natiq qismində iştirak etmişlər.

Aİ institutlarının nümayəndələri və diplomatik heyətin böyük marağına səbəb olan bu tədbirdə ölkəmizin Aİ ilə münasibətləri və gələcək inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri və bu xüsusda Aİ-nin oynaya biləcəyi rol və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. SAM direktor müavini G.Paşayeva münaqişənin həlli prosesindən bəhs edərkən əsas vurğunu məsələnin humanitar aspektinə yönəldərək, Dağlıq Qarabağdan zorla qovulmuş insanların geri qayıtmasının əhəmiyyətini və Aİ-nin məhz Dağlıq Qarabağ bölgəsinin hər iki, erməni və azərbaycanlı icmaları arasında etimad tədbirləri həyata keçirməsinin vacibliyini ön sıraya çəkmişdir.

Öz növbəsində xüsusi nümayəndə F.Lefor Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyinə baxmayaraq, həlli imkansız bir münaqişə olmadığını vurğulamış, bu xüsusda münaqişənin hər iki tərəfinin Madrid prinsiplərinə əməl etməsinin vacibliyini səsləndirmiş və mövcud status-kvonun dəyişməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Brüsselə səfəri çərçivəsində SAM direktor müavini G.Paşayeva və Mərkəzin xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev Avropa Siyasət Mərkəzi ilə yanaşı, Brüsseldə fəaliyyət göstərən digər nüfuzlu beyin mərkəzləri, o cümlədən, Təhlükəsizlik və Müdafiə Agentliyi (Security and Defence Agenda) və Egmont İnstitutunda ikitərəfli görüşlər keçirmiş və SAM-ın bu mərkəzlərlə gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər.