Musa Quliyev: "EL-də nə yeni lider, nə yeni ideya, nə də bir xarizma yoxdur"

Day.Az представляет новость на азербайджанском языке.

Məlum olduğu kimi, bir müddət öncə Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazovun rəhbərliyi ilə "El" hərəkatı təsis olundu. Amma çox maraqlı və qəribədir ki, Ziyalılar Forumunun cəmi iki üzvündən, yəni, Eldar Namazovun özü ilə Eldəniz Quliyevdən savayı heç kim yeni yaranan qurumda təmsil olunmayıb. Elə ən azı bu baxımdan, bu təşkilatın hansısa uğurunu, perspektivini, iddia etdiyi "üçüncü qüvvə" adını doğrulda biləcəyi çübhə altındadır. Millət vəkili Musa Quliyev bildirib ki, "El" hərəkatının adı nə olsa da, mahiyyəti həmin elə Ziyalılar Forumu və ya İctimai Palata, yaxud da, müxalifətin radikal qanadının fəaliyyətindən fərqlənməyən bir fəaliyyətdir: "Bunlar Ziyalılar Forumunu yaradarkən elan etdilər ki, bizim hakimiyyətə gəlmək, siyasi iddiamız yoxdur. Amma hamı bilirdi ki, hansı stereotiplər bunların arxasında dayanıb. İndi onlar Ziyalılar Forumunda guya bir qrupu qalmaqla, bir qanadını da siyasiləşdirməklə, öz fəaliyyətlərinin əsl məqsədini leqallaşdırmaq istəyirlər.

Amma nə cidanı çuvalda gizlətmək olar, nə də ki dəvəquşu başını quma, yaxud da, kəklik başını kola soxmaqla onun qalan hissəsini gizlətmək olmadığı kimi, bunların da Ziyalılar Forumu yaranandan fəaliyyətlərinin məqsədi aydındır. Fəaliyyətlərinin məqsədi odur ki, siyasi mübarizədə iştirak etmək və hakimiyyətə gəlmək. Amma bunlar niyə bu işləri utana-utana edirlər, bax, bunu mən anlaya bilmirəm. Digər tərəfdən, bu "El" hərəkatının nə adının, nə də mahiyyətinin o qədər ciddi əhəmiyyəti yoxdur. İstər bunun adını "El" qoy, istər "Dar" qoy, istər nə bilim "Dəniz" qoy, - yəni, orada Eldəniz də var, Eldar da - bunun prinsipial heç fərqi yoxdur. Nə Eldəniz Quliyev, nə Eldar Namazov lider olası şəxsiyyət deyillər. Bunların xarizması yoxdur. Və yeni də bir ideya ortaya qoymurlar ki, narazıları haradasa öz ətraflarında birləşdirə bilsinlər. Ümumiyyətlə, siyasi hərəkatda, siyasi fəaliyyətdə insanları öz ətrafına yığmaqda ötrü iki faktor var".

Millət vəkilinini sözlərinə görə, yaradılan hər bir təşkilatın prespektivi üçün yeni ideya, ya da yeni lider olmalıdır. Bu təşkilatda isə nə yeni lider, nə də yeni ideya var. Nə də bir xarizma yoxdur ki, bunun arxasında dursunlar: "Yəni, Ziyalılar Forumunda da iştirak edənlərin, elə bu "El" hərəkatında da təmsil olunanların heç birisi yeni adamlar deyillər. Onlar hamısı müəyyən dövrlərdə hakimiyyətdə olmuş, hakimiyyətdən bəhrələnmiş, ya öz fəaliyyətsizlikləri nəticəsində, ya da yaşlarına görə artıq istefada olan adamlardır. Bunların da hamısını Azərbaycan xalqı tanıyır. Bu "El" təşkilatı da - adına hərəkat deyir, ancaq hərəkat əslində çox böyük, kütləvi ictimai-siyasi bir qüvvəni ətrafında birləşdirən və davamlı şəkildə fəaliyyət göstərən bir toplumun fəaliyyətinə deyilir. Burada özlərinə indi gurultulu adlar qoymaqla deyil ki?!

Bunun bir mənası da yoxdur. İkinci tərəfdən yenə deyirəm, Eldar Namazovun özünün nə xarizması, nə liderlik keyfiyyəti var və yeni bir şey də ortaya qoymayıb. Vaxtı ilə o Prezident Administrasiyasında Heydər Əliyevin köməkçisi olarkən nə isə öyrənibsə, öyrənib, öyrənməyibsə də, öyrənməyib. Elə görünür öyrənmədi ki, orada qala bilmədi, çıxdı gəldi. İndi bunlar hansı qüvvəyə "stavka" edirlər, o da aydın deyil. Yəni, əslində azlıq təşkil edən narazılar Xalq Cəbhəsində də, Müsavatda da birləşiblər. Müəyyən bir qrup da ola bilsin 5-10 il əvvəl Rəsul Quliyev ətrafında var idisə, indi artıq onlar da yoxdur. Əgər onlar gənclərə, yeni nəslə "stavka" edirlərsə, bu gənclərin təmsilçilərini də o qədər görmədik, nə də onların gənclərə yönəlik bir şüarları, ideyaları da yoxdur. Hər halda hesab etmirəm ki, istər "El" hərəkatı, yaxud da, Ziyalılar Forumu bu gedişlə uzağa gedə bilməyəcəklər".

Millət vəkili əlavə edib ki, Ziyalılar Forumu iki ildən çoxdur yaranıb, fəaliyyət göstərir, ancaq demək olar ki, onların özlərinin məşvərətlərindən uzağa getmədi bu fəaliyyət. Nə bölgələrdə dəstək aldılar, nə də 10-15 adamdan başqa onun içərisində təmsil olunan bir adam yoxdur: "Baxmayaraq ki, Azərbaycanın ziyalıları minlərlə saymaq olar. Azərbaycanda elmlər doktoru minə yaxındır, elmlər namizədləri bir neçə mindir. Hələ gənc alimləri demirəm. Qələm sahibləri var, yaradıcı adamlar var, jurnalistlər var, yazıçılar var, şairlər var, bəstəkarlar var, rəssamlar var, bəs, onların ətrafında olanlar kimlərdir? Cəmisi 10-15 nəfərdir, onlar da, yenə deyirəm, vaxtilə hakimiyyətdən bəhrələnmiş, amma müəyyən səbəblərdən artıq oradan aralanmış narazılar qrupundan başqa bir şey deyil. Ona görə buna ciddi əhəmiyyət verməyin də düşünmürəm ki, bir mənası var. Əslində bəzi qrup gənclərlə işləməyə daha ciddi əhəmiyyət vermək, bəzi qrup gənclər ki var onlarla daha çox işləmək lazımdır. Çünki ABŞ-ın Milli Demokratiya İnstitutu, "SOROS" təşkilatı, yaxud, ola bilsin bəzi ölkələrin xüsusi xidmət orqanlar daha çox gəncləri, yəni, öz potensialını reallaşdırmamış, öz yolunu tapmamış və hər şeyi çəhrayı rəngdə görməyi xoşlayan gəncləri öz torlarına sala bilərlər".

Millət vəkilinin qənaətincə, belə təşkilatların qanunsuz fəaliyyətinin qarşısını almaqdan ötrü bir sıra addımların atılmasına ehtiyac var: " Bunun üçün bizim müvafiq qurumlar, məsələn, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi daha çox bu qrup gənclərlə intensiv və səmərəli şəkildə işləməlidir. Çünki uşaqları küçədə qoymaq olmaz. Bunlar ya, yenə deyirəm, həmin Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin əhatə dairəsinə düşməlidir, ya da gec-tez hüquq-mühafizə orqanlarının fəaliyyət dairəsinə düşəcəklər. Hər halda birinci variant daha məqsədəuyğun və gərəklidir. Amma bir daha qeyd etmək istəyirəm ki, bu "El" hərəkatıdır, Ziyalılar Forumudur, bunlardan ciddi bir şey gözləməyinə dəyməz. Xüsusən onlar indiki dövrdə Azərbaycan iqtidarına, Yeni Azərbaycan Partiyasına, cənab İlham Əliyevə heç bir alternativ ola biləcək bir qüvvə deyillər".

Olaylar.az