Dağıdıcı müxalifət düşərgəsində “atalar və oğullar problemi”

Day.Az представляет новость на азербайджанском языке.

Prezident seçkiləri yaxınlaşdığı bir müddətdə müxalifət düşərgəsində yeni-yeni birlik və təşkilatlar təsis olunur. Demokratik Qüvvələrin Məşvərət Məclisi, "Vətən" bloku kimi müxalifət birliklərinin ardından yaradılan "El" Hərəkatı və hələlik tam reallaşmayan Milli Şura kimi qurumları da bu sıraya aid etmək olar. Zamanında bir-birinə əks mövqedə dayanan, ən adi bir məsələdə bir araya gələ bilməyən qüvvələrin indiki məqamda birləşməsi təəccüblü olduğu qədər də perspektivsiz görünür. Elə müxalifət düşərgəsində təmsil olunan əksər partiyalar da bu qənaətdədirlər. Birmənalı olaraq qeyd edilir ki, ayrı-ayrı müxalifət partiyalarının seçkilər ərəfəsində yeni-yeni birliklər yaratması əslində bu düşərgənin diqqətinin əsas hədəfdən-seçkilərə hazırlıqdan uzaqlaşadırlmasına, eyni zamanda onsuz da gərgin olan müxalifətdaxili münasibətlərin bir qədər də pisləşməsinə xidmət edir. Son günlər ayrı-ayrı partiyalar, eləcə də yeni yaradılan qurumlarla ənənəvi müxalifət partiyaları arasında yaşanan problemlər də deyilənləri təsdiqləyir. Bəs görəsən yeni müxalifət birliklərinin perspektivsizliyinə və birləşmə adı altında yaradılan yeni təşkilatlarla problemlərin yaranmasına başlıca səbəb nə olur?

Belə ki, müxalifət düşərgəsində yaradılan hər yeni qurum əslində sırf köhnə simalardan təşkil olunur və köhnə təşkilatların elektoratına göz dikir. Bu isə elə həmin "yeni" qurumun da əslində köhnə müxalifətçilik prinsipləri ilə fəaliyyət göstərdiyini və göstərəcəyini büruzə verir: Həmçinin yeni yaranan qurumlar köhnə müxalifətin elektoratına göz dikməli olurlar. Bu da təbii ki, digər müxalif qüvvələrin əks reaksiyasına səbəb olur və "yeni" ilə köhnələr arasındakı ziddiyyətləri gücləndirir. Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə, əsas problem ondan ibarətdir ki, köhnə simalar yeniliyi qəbul edə bilmir, yeni siyasi texnologiyaların tətbiqindən və müasir yanaşmalardan bəzi hallarda geridə qalırlar: "İndi də siyasi arenamızda bu çatışmazlıqları çılpaqlığı ilə hiss edirik. Əgər müxalifət ölkəyə köklü dəyişikliklər gətirmək istəyirsə, öncə özü dəyişməlidir. Adlar dəyişə bilər. Cəlbedici və diqqətçəkici adlar qoyula bilər. Amma bu, heç də siyasi həyata yenilik gətirmək anlamı vermir. Müxalifət rəhbərləri və funksionerləri tutduqları postlarda karyeralarını başa vurmaqdadırlar. Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətinin əsas problemlərindən biri köhnə təfəkkür tərzindən, keçmiş stereotiplərdən qurtarmaqla bağlıdır".

Əli Orucov bildirib ki, bu gün qeyri-iqtidar düşərgəsinin cəmiyyətin müzakirəsinə verə biləcəyi nə güclü komandası, nə kadrları, nə də alternativ layihələri yoxdur: "Partiyalar müasir dövrün tələblərinə uyğun olan yüksək ixtisaslı və geniş hazırlıqlı gənclərlə işləyə bilmir. Elə dəyərli və yetişərək püxtələşmiş kadrları da öz kadr potensialını gücləndirmək üçün cəlb edə bilmir. Çünki belə gənclər pozitiv düşünürlər və gələcəklərinin qarantiyası olmayan yerlərdə olmaq istəmirlər. Yaxud narazı elektoratdan kənar düşüb, böyük siyasi iddialar qoyub həmin iddialara çatmağa özünü inandırmaq utopiyadan başqa bir şey deyil".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Azərbaycan müxalifətinin yaratdığı birliklərinn uğurlu olmaması və nəticə etibarilə ideoloji mübarizəni uduzmasının bir sıra səbəbləri var: "Bu səbəblərdən biri də həm üzdə olanların, həm də onların media təmsilçilərinin istiqaməti düzgün götürməmələri, boş bir hadisəni fövqəlbəşər hadisə kimi təqdim etmələri, bir adamın bir kəlməsindən yapışaraq ondan dissident düzəltmələridir. Eyni zamanda müxalifətin həmin şəxsi xalq qəhrəmanına cevırmələri, onu əsas müxalif simalardan biri kimi təqdim etmələridir". Partiya sədri hesab edir ki, son zamanlar belə cəhdlər çoxalıb: "Bütün müxalifətyönlü media sanki xalq artisti Zeynəb Xanlarovanı yeni müxalif sima kimi göstərmək təşəbbüsünə girişmişdi . Zeynəb xanım da dərhal cavab verdi ki, heç kəs məni yolumdan döndərə bilməz, mən prezidentimə sədaqətliyəm. Bunların demokratik qüvvələrin, müxalifətin əsas siması kimi təqdim edilməsi kökündən yanlışdır".

/Olaylar.az/