Deputat beynəlxalq təşkilatları sərt tənqid etdi

Day.Az представляет новость на азербайджанском языке.

Millət vəkili Aytən Mustafayeva BMT İnsan Haqqları Şurasının Azərbaycanla bağlı keçirdiyi müzakirəyə və ölkəmizin insan haqqlarına görə sərt tənqid olunmasına münasibət bildirib. Millət vəkili SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı BMT-dəki müzakirələr əvvəla ikili standartın növbəti nümayişidir: "Bu həm də müsəlman dövləti kimi Azərbayacana olan qərəzli münasibətdir, eyni zamanda təzə bir şey də deyil. Biz zaman-zaman bu cür təxribatçı çıxışların şahidi oluruq".
 

A.Mustafayeva beynəlxalq qurumların böhran yaşadığını, hətta öz qərarlarına hörmət etmədiyini bildirib: "Beynəlxalq hüquq son 10 ildir ki, böyük böhran keçirir. BMT birinci gedib öz qərarlarının icra olunmasına nəzarət etsin. 1 milyondan artıq azərbaycanlının hüquqları pozulub. Bəs bu insan hüququ deyil? Qəbul olunan qətnamələrin hansı icra olunub? Özlərinə lazım olanda, 2-3 günün içində icra edirlər, böyük dövlətlərin marağı olanda istənilən qərarı işlədirlər. Əgər ortada kimlərinsə maraqları varsa, beynəlxalq təşkilatların insan hüquqlarından danışmağa haqqı yoxdur."
 

Bu kimi müzakirələrin və vaxtaşırı sərt təndiqlərin keçirilməsinin beynəlxalq təşkilatların əllərində alət olduğunu deyən millət vəkili onu da bildirdi ki, biz demokratiyanın inkişafını xalqımız üçün edirik: "Biz demokratiyanı ona görə inkişaf etdirmirik ki, beynəlxalq təşkilatlar bizə hansısa söz desin. Azərbaycanda insan hüquqları, qadın haqqları ilə bağlı qərarlar qəbul olunanda Qərbin, beynəlxalq təşkilatların nə özləri var idi, nə də bu haqda anlayışları!"
 

/Sia.az/