Romada məcburi köçkünlərimizin problemi müzakirə edilib - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


 

Cari il 6 may tarixində İtaliya Parlamentinin Deputatlar Palatasında bu ölkədə insan hüquqları müdafiəsi üzrə aparıcı qurumlardan biri olan İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi "Beynəlxalq humanitar hüquqda məcburi köçkünlərin müdafiəsi: Azərbaycan məsələsi" adlı beynəlxalq seminar keçirmişdir.
 

Tədbiri İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo açmışdır.
 

Tədbirin əvvəlində Deputatlar Palatası sədrinin aparat rəhbəri, insan hüquqları üzrə tanınmış ekspert Mauritsio Qressi Palatanın sədri xanım Laura Boldrininin adından konfransın iştirakçılarını salamlamışdır. Avropanın ən böyük universitetlərindən biri olan Romanın Sapienza Universitetinin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru professor Antonello Biacini öz giriş nitqində beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycanda məcburi köçkünlərin məsələsinə yönəldərək irimiqyaslı humanitar böhranların qarşısının alınmasının vacibliyini vurğulamışdır.
 

Daha sonra Aralıq Dənizi Parlament Assambleyasının baş katibi səfir Sergio Piatsi, Norveç Helsinki Komitəsinin baş katibinin müavini Qunnar Slidal, Sapienza Universitetinin tədqiqatçısı Alberto Bekerelli, Brüsseldəki İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq təşkilatının direktoru Bricit Düfur, AR Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələləri üzrə idarə rəisi Marat Kəngərlinski, BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson məruzələrlə çıxış etmişlər.
 

Məruzələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycandakı məcburi köçkünlərin hüquqlarının qorunmasının vacibliyi qeyd olunmuş, bu sahədə ölkəmizdə aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər və mövcud problemlər barədə fikir mübadiləsi aparılmışdır. Tədbir zamanı eləcə də Gürcüstan, Bosniya və Herseqovina, Suriya və digər regionlarda baş vermiş münaqişələrin tarixi, onların nəticəsində məcburi köçkün və qaçqın düşmüş şəxslərin müdafiəsi mövzularına toxunulmuşdur.
 

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılmış və mövzu ilə əlaqədar geniş müzakirələr aparılmışdır. Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak etmişdir.

Böyütmək üçün şəkillərə klikləyin.