Bir gün şuşalılar mütləq vətənlərinə dönəcək - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycanın qədim zəngin tarixə malik olan və mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğalından bu gün 21 il ötür.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, o vaxtkı səriştəsiz qüvvələrin əlində olan hakimiyyət və ordu Qarabağın incisi sayılan Şuşanın mənfur düşmənlərimizin əlinə keçməsinə səbəb oldu. İşğaldan sonra Gəncə şəhərində müvəqqəti məskunlaşan Ələmşah Hüseynov bu alınmaz qalanın yerli sakinlər tərəfindən əzmlə müdafiə olunmasına baxmayaraq, 1992-ci ilin may ayının 8-də günorta saat 01 radələrində Şuşanı məcburi tərk etdiklərini bildirdi.

Tarix boyu Azərbaycanda alınmaz qalalar sırasında öndə gedən Şuşa qalası 21 il bundan öncə respublikada baş alıb gedən hakimiyyət anarxiyasının qurbanına çevrildi. Bununla da möhtəşəm Şuşa şəhəri 1992-ci ilin may ayının 8-də şiddətli döyüşlərdən sonra rus qoşunlarının köməyilə ermənilərə təslim oldu. O günləri ağrı-acı ilə xatırlayan şuşalı Ələmşah Hüseynov canları və qanları bahasına qoruduqları şəhəri çoxlu itki verdikdən sonra çarəsiz, eləcə də köməksiz bir şəkildə tərk etdiyini bildirib.

Ələmşah Hüseynov: "Yağışlı və soyuq bir gün idi. Qadınlar, uşaqlar, qocalar Şuşanı məcbur tərk edərək Laçın tərəfə üz tuturdular. Yollarda, meşələrdə, Şuşanın özündə güllə altında günlərlə qalıb daha sonra Laçın rayonuna gəlib çıxanlarımız olub. O günləri çox acı xatirələrlə xatırlayıram və öz-özümə deyirəm ki, ay Allah kaş bu gün Şuşada olaydıq".

Azərbaycanın bugünkü qüdrətli ordusu işğal zamanı olsaydı, nəinki Şuşa, heç Qarabağdan bir qarış da olsa, torpaq düşmənə verilməzdi. Şuşalı Ələmşah Hüseynov bu fikirləri səsləndirərək bu gün də öz doğma yurdları uğrunda döyüşə getməyin arzusu ilə yaşadığını söylədi.

Ələmşah Hüseynov: "Bu gün iki oğlumla mən Şuşaya, müharibəyə getməyə hazıram ki, torpaqlarımız azad olsun, bu gün Şuşa olsun, orada yaşayaq. Mən xatırlayanda kı, bu gün Şuşanın işğal günüdür... Bu, bizim ən ağrılı günümüzdür".

Xatırladaq ki, Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib. 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Elə Gəncə şəhərinə pənah gətirən 170 ailədən ibarət 512 şuşalı da öz doğma yurdlarının düşmənlərdən qaytarılacağı günü gözləyir.
 

Böyütmək üçün şəkillərə klikləyin.