Ümummilli lider Heydər Əliyevin yubileyi çərçivəsində Qarsda bir sıra tədbirlər keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı" çərçivəsində Baş Konsulluq tərəfindən bir sıra işlər görülmüşdür.
Ilk olaraq, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu A.Süleymanov ölkə mətbuatına 10 may tarixində ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı mətbuat açıqlaması vermiş və həmin açıqlama ölkənin müxtəlif yerli KİV-də geniş şəkildə dərc olunmuşdur.
Sonra, 16 may 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı, həmçinin dəstəyi ilə Qars şəhər Qafqaz Universitetinin və Naxçıvan Dövlət Universitetinin iştirakı ilə universitetin 400 nəfərlik Necdet Leloğlu konfrans salonunda Heydər Əliyevin Xarici siyasət sahəsində fəaliyyətinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir.
Mərasimdə Qars vilayətinin valisi Eyyup Təpə, Bələdiyyə Sədri Nevzat Bozkuş, Əmniyyət (Təhlükəsizlik) müdiri Ercan Çakmak, Jandarma Komutanı (Komandanı) Osman Uçar, Səhiyyə idarəsinin rəhbəri professor Hasan Tuncer, Qars Qafqaz Universitetinin rektoru professor Sami Özcan, rektor müavini professorlar Mitat Şahin və Mehmet Çitil, vilayət eləcə də şəhərin digər qurumlarının rəhbərləri və nümayəndələri, Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyasının (ÇHP) üzvləri, Naxçıvan Dövlət Universitetinin prorektoru professor Məmməd Rzayev, Qars Qafqaz universitetinin professorları Haydar Efe, Mikayıl Emin və digər müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələri, KİV-nin, yerli ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.
İlk öncə Qars şəhəri Ərzurum küçəsində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önündə gül dəstələrinin qoyulması mərasimi təşkil edilmişdir. Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş mərasim universitetin konfrans salonunda davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş konsul A.Süleymanov qonaqları mərasimdə iştirak etdikləri və Ümumilli Liderimizin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə öz təşəkkürünü bildirmişdir.
Çıxışına davam edən baş konsul Ayxan Süleymanov ulu öndərin ölkəsi üçün göstərdiyi xidmətlərdən danışaraq, bu gün Azərbaycan Respublikasının azad, müstəqil dövlət kimi tanınması, iqtisadiyyatının gündən-günə güclənməsi, siyasi çəkisinin artması Azərbaycan tarixində misilsiz iz qoymuş, dünya miqyaslı siyasətçi, uzaqgörən rəhbər, görkəmli şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır.
Bundan əlavə bu günlərdə Türkiyənin bir çox şəhərlərində Heydər Əliyevin 90 illik yubileyinin keçirildiyini diqqətə çatdıran baş konsul Heydər Əliyevin Türkiyə və Azərbaycan dövlətləri, eləcə də xalqları arasında daha sıx əlaqələrin yaradılması istiqamətində yürütdüyü siyasəti xüsusi qeyd etmiş və məhz bu siyasətin nəticəsidir ki, bu gün onun doğum gününü Türkiyənin Qars şəhərində iki qardaş ölkənin nümayəndələrinin birlikdə qeyd etdiyini bildirmişdir.
A. Süleymanov öz çıxışında ulu öndər Heydər Əliyevi Azərbaycanın uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı kimi qiymətləndirərək, Heydər Əliyev çağdaş dünyanın tarixində öz xalqını, onun taleyini, milli mədəniyyətini, mənəviyyatını yaxından hiss edən, öz şəxsiyyəti ilə xalqının simvoluna, dövlətinin təcəssümünə çevrilən rəhbərlərdən biri olduğunu nəzərə çatdırmışdır. A. Süleymanov, həmçinin mərhum prezidentin ağır bir dövrdə Azərbaycanda rəhbərliyi üzərinə götürməsindən söz açmış və ölkədə vəziyyətin sabitləşməsi sahəsində apardığı fəaliyyəti ilə bağlı maraqlı faktları tədbir iştirakçıları ilə bölüşmüşdür. Daha sonra baş konsul əsası Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətin davamı kimi türk və Azərbaycan nümayəndələrinin bu gün bir araya gəlməsini, birgə tədbirlər keçirməsini təqdirəlayiq hal hesab etdiyini bildirmişdir.
Sonra Qafqaz Universitetinin rektoru Sami Özcan qonaqları salamlayaraq öz çıxışında Heydər Əliyevin "İki dövlət - bir millət" siyasətinin dərin məna daşıdığını, böyük siyasətçinin dövründə Mərkəzi Komitənin Siyasi Bürosuna seçilən yeganə müsəlman türk olaraq öz kimliyini qorumağa çalışmasından və Azərbaycanın dilini, mədəniyyətini saxlaması üçün göstərdiyi səylərdən söhbət açmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin prorektoru professor Məmməd Rzayev Heydər Əliyevin gərgin əməyi və uğurlu neft strategiyası nəticəsində 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin imzalandığını, ölkə iqtisadiyyatına külli miqdarda xarici sərmayələrin yatırıldığını qeyd etmiş, bunun sayəsində Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Supsa və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verildiyini bildirmişdir. Azərbaycanın çətin və ağır günlərində ərazilərimizin bir hissəsinin - Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi bir vaxtda, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığını, 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə yeni Konstitusiyanın qəbul edildiyini, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin qarşısının alındığını xatırlatmışdır.
Tədbirdə Qafqaz Universitetinin professoru Haydar Efe çıxış edərək, Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqlində bilavasitə Heydər Əliyevin xidmətlərinin olduğunu bildirmişdir. Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqinin artması, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcə və valyuta ehtiyatlarının ildən-ilə çoxalması, 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsi olduğunu və Azərbaycanda eyni zamanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsi olduğunu ifadə etmişdir.
Beynəlxalq münasibətlər üzrə Qafqaz Universitetinin professoru Mikayıl Emin ulu öndər Heydər Əliyevin keçdiyi şanlı həyat yoluna, sovetlər dövründə Azərbaycanın inkişafındakı xidmətlərinə, müstəqilliyin bərpasından sonra ölkənin üzləşdiyi mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında dahi şəxsiyyətin rolunu, ölkəmizin inkişafı və beynəlxalq sistemə inteqrasiya edilməsi istiqamətindəki strategiyasından danışmışdır. Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunmasında, regionda və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin gücləndirilməsində, respublikada demokratik, hüquqi və vətəndaş cəmiyyətinin yaradılmasında və dünyəvi dəyərlərə inteqrasiya sahəsində ulu öndər Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən söz açmışdır.
Konfrans zamanı Kars vilayətindən olan millət vəkilləri tərəfindən göndərilmiş məktubda ümummilli lider Heydər Əliyevin Xarici siyasət sahəsində fəaliyyətinə həsr olunmuş beynəlxalq elmi konfransa dəvət olunduqlarına görə öz təşəkkürlərini bildirmiş və Ulu Öndərin anadan olmasının 90 illik yubileyini ürəkdən təbrik etmiş və həmin məktub tədbirin aparıcısı tərəfindən qonaqlar qarşısında oxunulmuşdur.
Yubiley gecəsinin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin musiqi qurupu müxtəlif janrlarda musiqilər ifa etmişlər. Musiqiçilər bütün mahnıları xüsusi olaraq Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyevin xatirəsinə ithaf etmişlər.
Bundan əlavə tədbir zamanı tədbir iştirakçıları üçün Heydər Əliyevin 2002-ci ildə Qars şəhərinə etdiyi səfər və səfər çərçivəsində Qars Qafqaz Universitetinə etdiyi ziyarətdən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Konsertdən sonra tədbir iştirakçılarına ziyafət verilmişdir.
Tədbir iştirakçıları Baş Konsulluğun universitetdə təşkil etdiyi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend, kitab və jurnallar ilə tanış olmuş və mərasim zamanı Heydər Əliyevə həsr olunmuş "Büyük İnsanların Yaşamı" adlı kitab tədbir iştirakçıları arasında paylanılmışdır.
Sonda qeyd etmək istərdik ki, 16 may tədbirinin yüksək səviyyədə keçirilməsi məqsədilə, Ümumilli Liderimizin həyat və fəaliyyətinin yerli ictimaiyyət arasında daha da yaxından tanıdılması və toplantıya geniş auditoriyanın cəlb olunması üçün Baş Konsulluq tərəfindən şəhərin mərkəzi meydanı və küçələrinə afişalar vurulmuşdur.
Tədbir yerli və Azərbaycanın KİV-də geniş işıqlandırılmış və tədbirin videoyazısından olan parçalar ölkəmizin Televiziya və Radio Verilişləri (AztV) vasitəsilə yayımlanmışdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре