Düşənbə şəhərində 28 may – Respublika Günü ilə bağlı ziyafət təşkil olundu - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


24 may 2013-cü ildə Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyi 28 may - Respublika Günü ilə bağlı Düşənbə şəhərindəki "Hyatt Regency" mehmanxanasında ziyafət təşkil etdi.
 

Ziyafət zalına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emomali Raxmonun portretləri asılmış, hər iki ölkənin dövlət bayraqları qoyulmuşdu.
 

Tədbirin əvvəlində Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndi.
 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Tacikistandakı Səfiri Abbasəli Həsənov qonaqları salamlayaraq onlara bayram tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. Səfir çıxışında Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti haqqında danışdı, onun xalqımızın taleyində önəmli yer tutduğunu vurğuladı. Qeyd etdi ki, 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu il Azərbaycan xalqı və dövləti ADR-in yaranmasının 95, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd edir. ADR 23 ay mövcud olmasına baxmayaraq qısa müddət ərzində böyük işlər görmüşdü. Təəssüf ki, ADR çox keçmədən xarici təcavüzə məruz qaldı və Azərbaycan öz dövlət müstəqilliyini itirmiş oldu.
 

Azərbaycanda sovet hakimiyyəti quruldu. Sovet hakimiyyəti illərində Azərbaycan xalqının böyük itkiləri də olub, uğurları da olub. Uğurları elmin, təhsilin, mədəniyyətin yüksək inkişafı, itkilər isə sovet rəhbərliyi tərəfindən zaman-zaman Azərbaycanın tarixi torpaqlarının hissə-hissə alınaraq Ermənistana birləşdirilməsi ilə bağlıdır. Beləliklə Azərbaycanın 20 min km² torpaqları Ermənistana verilmişdir.

1991-ci ildə oktyabr ayının 18-də Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etməyə nail oldu. Dövlətimizin inkişafı və müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi Ümummilli Lider H.Əliyevin adı ilə bağlıdır. Məhz onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın mükəmməl xarici siyasət və uzunmüddətli inkişaf konsepsiyası işlənib hazırlandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər tərəfindən əsası qoyulan daxili-xarici siyasəti uğurla davam etdirir və bu gün dövlətimiz yüksək iqtisadi gösəricilərə malikdir.
 

Səfir Azərbaycanın iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verərək qeyd etdi ki, Qafqaz ölkələrinin ÜDM-nin 80 %-i Azərbycanın payına düşür. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və tikintisi başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmiryolu kimi transmilli layihələrdə iştirakı iqtisadi inkişafın göstəricilərindən biridir.
 

Səfir sözünə davam edərək bildirdi ki, Azərbaycanla Tacikistan arasında bütün sahələrdə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Mədəni tədbirlər keçirilir. 2013-cü ilin 10-12 may tarixlərində Tacikistan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şaşmakam" festival-simpoziumunda Azərbaycandan gələn sənət ustaları müvəffəqiyyətlə çıxış etdilər.

Gəncə ilə qardaşlaşmış Xocənd şəhərində, may ayının 15-də, möhtəşəm "Rudəki" sarayında Azərbaycandan gələn muğam ustalarının iştirakı ilə keçirilən Tacikistan-Azərbaycan dostluq konserti tamaşaçılar və ictimaiyyət tərəfindən alqışlarla və mehribanlıqla qarşılandı. Konsert, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən birincisi idi.

May ayının 19-da Sadraddin Ayni adına Dövlət Opera və Balet Teatrında "Azərbaycan xalqının Ümummili Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Tacikistan-Azərbaycan dostluq konserti" adı ilə Azərbaycan musiqisinin şah əsəri və Şərqin ilk operası sayılan "Leyli və Məcnun" operası səhnə tarixində ilk dəfə olaraq başqa bir dövlətin - Tacikistanın aktyorları, xor və orkestri ilə birlikdə Azərbaycan dilində səhnəyə qoyuldu.

Səfir bildirdi ki, mədəni sahələrdə əməkdaşlığımızın genişlənməsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gələcəkdə dövlətlərimiz arasında digər sahələrdə də əməkdaşlığımızın genişlənməsinə imkan yaradacaqdır.
 

TR Prezidenti E.Raxmonun Azərbaycana ötən ilin iyul ayında baş tutan rəsmi səfərinə toxunan Səfir A.Həsənov qeyd etdi ki, səfər zamanı imzalanmış 9 sənədin həyata keçirilməsi üzərində real iş gedir və çox sevindirici haldır ki, bu səfərin həyata keçirilməsi ilə uzun müddətdən bəri həllini tapmayan bir çox məsələlər öz həllini tapdı.
 

Səfir çıxışının sonunda qonaqlara bir daha təşəkkürünü bildirdi və çıxış üçün sözü ali qonaq TR XİN Xamroxon Zarifiyə təqdim etdi.

Ziyafətdə ali qonaq qismində iştirak edən Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi çıxışında bütün azərbaycan həmkarlarını ürəkdən təbrik etdi və bildirdi ki, əsrlərlə formalaşan ümumi tarixi keçmişi və qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensialı olan Azərbaycan Tacikistan üçün etibarlı tərəfdaşdır. Dövlətlərimiz arasındakı fundament dövlət başçılarının sıx qarşılıqlı təmasları ilə daha da zənginləşir. Buna aydın nümunələrdən biri kimi Tacikistan Respublikasının Prezidenti Emomali Raxmonun ötən ilin iyul ayında Azərbaycana rəsmi səfərini və səfər zamanı əldə olunan razılaşmaları göstərə bilərik.
 

Bu ilin mart ayında Düşənbə-Bakı birbaşa aviareysinin açılması çox diqqətəlayiq haldır və iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, eləcə də sahibkarlar arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.
 

Qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadmağa dəvət olundular.
 

Azərbaycandan dəvət olunan muğam ifaçıları Aytən Məhərrəmova, Vüqar Musayev, Ədalət Behbudov və Pərviz Fərhadov milli musiqimizlə qonaqlara xoş dəqiqələr bəxş etdilər. Tacikistan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Muğam Festivalının iştirakçısı olmuş Xurşed İbrahimov Azərbaycanlı musiqiçilərlə birgə "Qarabağ şikəstəsi"ni ifa etdilər.
 

Bayram ziyafətində Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri, deputatlar, Düşənbədə akkreditə olunan diplomatik korpus və beynəlxalq təşkilatların rəhbərləri, elm-mədəniyyət xadimləri, KİV nümayəndələri, yerli diasporanın üzvləri, eləcə də Tacikistanın ictimaiyyətindən olan şəxslər iştirak etdilər.
 

Tədbir iştirakçılarına 28 may-Respublika Günü ilə bağlı azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış press-relizlər, o cümlədən Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən bukletlər, kitabçalar nümayiş etdirildi və paylanıldı. Həmçinin, hazırlanan press-reliz Düşənbədə akkreditə olunan diplomatik korpusa göndərildi. Bundan əlavə, Azərbaycan və Tacikistan kütləvi informasiya vasitələrinə tədbir barədə məlumat verildi.
 

Tədbirin foto və video çəkilişini AZTV-in Orta Asiya üzrə müxbiri Aida Eyvazlı və həmin kanalın operatoru İlqar Məmmədov apardılar.

Böyütmək üçün şəkillərə klikləyin.