Rumıniyada Azərbaycan həqiqətlərinə həsr olunmuş sərgi keçirilir - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyilə "Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım" İctimai Birliyi Azərbaycan uşaqlarının rəsm sərgisinin açılış mərasimi keçirmişdir.
 

Rumıniya Milli Kitabxanasında baş tutan sərgini giriş sözü ilə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev açmış və sərginin əhəmiyyətindən danışmışdır.
 

Açılış mərasimində iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev çıxış edərək, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizdən kənarda dövlətçiliyimizin inkişafına yönəlik müxtəlif tədbirlər təşkil etməsini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına göstərdiyi etimadın nəticəsidir. Azərbaycan Gənclər Fondunun da öz növbəsində belə layihələri dəstəkləməsi təqdirəlayiqdir.

Layihənin koordinatoru, Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev Rumıniyada yalnız ticarət layihələri deyil, müxtəlif sosial layihələrə də dəstək verəcəklərini qeyd etdi.
 

Tədbirdə Rumıniya parlamentinin deputatları, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının əməkdaşları, Rumıniyanın elm və ictimaiyyət nümayəndələri, tələbələr, KİV və yerli QHT-lər iştirak etmişdir.
 

Qeyd edək ki, 3 gün davam edəcək sərgidə məcburi köçkün uşaqlarla yanaşı, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Nizami adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Respublika İncəsənət Gimnaziyasının Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Bakı şəhər gənc turistlər və diyarşünaslıq mərkəzinin şagirdlərininçəkdiyi rəsmlər nümayiş etdirilir.

Böyütmək üçün şəkillərə klikləyin.