Колонка Арзу Нагиева: Türkiyədəki sabitlik bütün region üçün vacibdir

Kütləvi informasiya vasitələri Türkiyənin bir çox şəhərlərində qeyri-stabil vəziyyətin davam etdiyini, iqtidar partiyasının nümayəndəliklərinə qarşı addımbaşı təzyiqlərin olduğunu bildirirlər.

Türkiyədə baş verən hadisələrin miqyası istər Ankara, istərsə də region dövlətləri üçün gözlənilməz oldu. Türkiyənin xüsusi xidmət orqanları, o cümlədən ölkə kəşfiyyatı Rəcəb Tayib Ərdoğanın birbaşa göstərişinə əsasən, Taksim meydanında baş verənlərlə xarici dövlətlərin əlaqəsini araşdırır. Bu, eyni zamanda həm də düzgün qərardır. Çünki məhz türk kəşfiyyatı bir tərəfdən ərəb ölkələrində baş verənlərdə icraçı və sifarişçilərin kim olduğunu öyrənə bilər, digər tərəfdən ölkə daxilində prosesləri izləyər.

Təhlillər göstərir ki, heç bir xarici qüvvə bu gün Türkiyədə baş verənlərin təşkilatçısı olmaq iqtidarında deyil. Cünki əhalini küçələrə çıxarmaq üçün tək ekoloji problemlər deyil, hakimiyyətin cavabdeh olduğu bir çox həllini gözləyən obyektiv problemlər və amillər də mövcuddur.

Maraqlıdır ki, bir müddət əvvəl Türkiyədə baş verən bir sıra qarışıqlıqları sakit tərzdə qarşılayan sərmayədarlar, bu dəfə Türkiyədəki siyasi risklərə həddindən artıq diqqət yetirməyə başladılar.

Belə davam edərsə, onların sonrakı hərəkətləri haqqında hər hansı rəy vermək çətin olacaqdır. Əgər baş verənləri aradan qaldırmaq mümkün olarsa, sərmayədarlar sakitləşib bazara qayıdacaqlar. Əksinə, böhran davam edərsə, bu zaman ölkə iqtisadiyyatı ciddi ziyana düşə bilər.

Belə bir kritik şəraitdə ən başlıca problemlərdən biri də ABŞ-ın inkişaf etmiş ölkələrdən, o cümlədən Türkiyədən də vəsaitlərinin çıxarması oldu. Digər tərəfdən, Türkiyədə baş verənlər dünya ictimaiyyəti üçün gözlənilməz olduğu üçün dövlətin stabil siyasi imicini qaytarmaq bir o qədər də asan olmayacaq. Beynəlxalq ictimaiyyət hiss edir ki, bu ölkədə iqtidar öz mövqeyini itirə bilər, müxalifət isə ölkə vətəndaşlarının dəstəyini tam şəkildə qazanmayıb.

Əlbəttə, heç kim Ərdoğanın istefa verəcəyini düşünmür, çünki bu gün onu həm kürdlər, həm də baş verənlərə aidiyyatı olmadıqlarını bəyan edən siyasi partiyalar dəstəkləyir. Ancaq Ərdoğan hökumətinin də manevr etmək üçün imkanlarının məhdudlaşdığı hiss olunur. Digər tərəfdən, kürdlərlə sülh prosesi də pozula bilər.

Onu da yaddan çıxarmaq lazım deyil ki, seçkilərdə Ərdoğanın partiyası səslərin 50 faizini toplayıb, seçicilərin qalan 50 faizi isə əleyhinə səs verib. İndi isə balans onun xeyrinə olmamaqla pozulub. Bunun nə ilə nəticələnəcəyi isə məlum deyil.

Qeyd edək ki, Türkiyə Prezidenti Abdulla Gülün çıxışı cəmiyyət üçün o qədər də təsirli olmadı və belə nəticəyə gəlmək olar ki, cəmiyyət artıq hakimiyyətin göndərdiyi mesajları qəbul etmir.

Qərb, o cümlədən Ketrin Eştonun simasında Avropa hakimiyyətin vətəndaşlara qarşı güc tətbiqini pislədi.

Ağ Ev də, öz növbəsində sakitliyi bərpa etməyə çağırdı və nümayişlərin demokratiyanın bir təzahürü olduğunu bəyan etdi.

Rusiya baş verənlərə öz qiymətini verdi və bunun Türkiyənin daxili işi olduğunu bildirdi və sabitliyin bərpasının vacibliyini qeyd etdi.

Azərbaycan üçün isə Türkiyə ilk növbədə, ən yaxın dost, reqional layihələrdə geniş iqtisadi və sərmayə qoyuluşlu ortaq, dili bir, dini bir ölkədir. Buna görə də ölkəmiz birmənalı şəkildə stabil və çiçəklənən Türkiyənin marağındadır.