MŞ üzvləri düşmən qüvvələrdən maliyyələşir

Day.Az представляет новость на азербайджанском языке. 

Milli Şuranın bu günə təyin edilən sessiyası da baş tutmayacaq. Bunun səbəbi guya qurumun İcra Aparatının sədri Eldar Namazovun təcili olaraq Rusiyaya, şuranın sədri Rüstəm İbrahimbəyovun yanına getməsidir.

Ancaq adıçəkilən qurum daxilində baş verən hadisələr onu göstərir ki, artıq vəziyyət gərginləşməyə doğru gedir. Çünki bir neçə gün öncə Milli Şuranın bəzi üzvləri ABŞ-a səfər edəcəkləri ilə bağlı məlumatlar yayırdılar. Səfərin iyulun 10-da baş tutacağı da əvvəlcədən planlaşdırılmışdı. Onların Amerika səfəri zamanı Konqresdə görüşlər keçiriləcəyi bildirilirdi. Ancaq Milli Şura üzvü, Rəsul Quliyevin bu xəbəri təkzib etməsi vəziyyəti tamam dəyişdi. Üstəlik, Quliyev ABŞ səfərindən xəbərsiz olduğunu bildirərək bunu şayiə adlandırıb. Bu fikir isə "Şura"dakı fikir ayrılıqlarının olduğunu bir daha sübut etdi.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə ABŞ-a nəzərdə tutulan səfəri barədə məlumatsız olduğunu, səfərdə iştirak edəcək şəxslərin kimliyi və səfər planı barədə xəbərinin olmadığını deyib. Şuranın üzvü Zəfər Quliyev isə ACP sədri Sülhəddin Əkbər və Rəsul Quliyevə iradlarını bildirib. O, bu iki şəxsin Milli Şura ilə bağlı belə bir münasibət sərgiləməsini düzgün addım hesab etməyib.

Onun sözlərinə görə, razılaşmanı şayiə adlandırmaq doğru deyil: "Belə bir niyyətimiz, planımız var idi. Necə olur ki, onların xəbəri olmasın. Rəsul Quliyevin bu iradları düzgün deyil. Ola bilsin ki, onlar şayiə kimi qiymətləndirirlər, amma bizim bu barədə danışıqlarımız aparılırdı".

ABŞ görüşlərinin fiaskoya uğraması ilə Eldar Namazovun Moskvaya səfəri üst-üstə düşüb. Belə olan halda Milli Şura üzvlərinin mütəmadi olaraq xarici səfərlərə getməsi çox mətləblərdən xəbər verir. Təbii ki, ilk növbədə onların xarici qüvvələr tərəfindən maliyyələşməsi və tapşırıqlar alması barədə şübhələri artırır.

Aydındır ki, Milli Şurada təmsil olunan bəzi şəxslər və onların ətraflarında olanların məqsədi antiazərbaycançı şəbəkənin maliyyə dəstəyi ilə ölkədə xaos, anarxiya yaratmaq, hər hansısa bir beynlxalq tədbirin, mərasimin keçirildiyi zaman ictimai-siyasi sabitliyi pozmaq olub. Artıq həm Azərbaycan ictimaiyyətindən, həm də antiazərbaycançı şəbəkədən "dəstək" ala bilməyən həmin şəxslər indi kinorejissor Rüstəm İbrahimbəyovun ətrafında dolaşırlar.

Yəni məcburiyyət qarşısında qalan liderlər siyasi səhnədən silinməmək üçün bu yoldadırlar. Əgər bu şəxslər seçki öncəsi hər hansısa antimilli qüvvədən cüzi də olsa belə "dəstək" alsalar, Milli Şura, "vahid namizəd" oyunları ilə bağlı planlar alt-üst olacaq. Həm İsa Qəmbər, həm də Əli Kərimli sadəcə fürsət gözləyir. Onların Milli Şurada təmsil olunmaları sadəcə görüntü xarakteri daşıyır. Bir sözlə, qarşılıqlı ittihamlar, daxildə yaranmış narazılıq, demək olar ki, Milli Şurada çox ciddi problemlərin olduğunu ortaya çıxarıb.

Belə bir məsəl var, "utanmasan oynamağa nə var ki...", ancaq bircə şey dəqiqliklə aydındır ki, Milli Şurada olanların oynadıqları milli notlara köklənməyib. Milli notlar üzərində yazılmayan mahnılar isə sevilə bilməz.
 

/Trend/