“Milli Şura”da heç bir birlikdən söhbət gedə bilməz

Day.Az представляет статью на азербайджанском языке.

"Hələ "Milli Şura" təzə yarananda demişdim ki, bu qurum tez dağılacaq. Çünki onların daxilində heç bir birlikdən söhbət gedə bilməzdi. Bununla yanaşı, Rüstəm İbrahimbəyovun da bu qurum və namizədliklə bağlı müəyyən narazılıqları var idi. Tarix boyu belə hay-küylü birliklər çox yaranıb. Onlar öz məğlubiyyətlərini əvvəlcədən də bilirdilər. İlk olaraq deyim ki, Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşı deyil. Buna görə də onun hər hansı siyasi partiya və ya birlik yaratmaq haqqı yoxdur. Xüsusilə qeyd edim ki, həmin şəxs heç prezidentliyə namizəd də ola bilməzdi".
 

Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri, Partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralov Rüstəm İbrahimbəyovun yerli mətbuata verdiyi müsahibəsində "Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam" fikirlərinə münasibət bildirərkən deyib.
 

Onun sözlərinə görə, hətta qardaşı da onun haqqında gözəl fikir səsləndirib: "Maqsud İbrahimbəyova sual veriblər ki, qardaşın niyə belə edir, o da qarşılığında belə deyib: "Rüstəm mənim ögey qardaşımdır". Bir faktı da qeyd edim ki, Rüstəm İbrahimbəyovun Amerikada yaşıl kartı var. Yaşıl kart vasitəsilə həmin ölkənin vətəndaşı ola bilərsən. Həmin kart sadəcə vergi məsələsində oranın vətəndaşlarından başqalarını seçir. Yalnız həmin şəxsin orada şirkəti varsa, o zaman vergi verməlidir. Bir sözlə, Rüstəm İbrahimbəyovun Amerika qarşısında da şəxsi öhdəliyi var. Buna görə də o heç vaxt bu sahəyə gəlməmişdi və indi de heç bir yerə getməyib. Məsələ necə var idisə, elə də qalıb. Sadəcə boş yerdən hay-küy qaldırıldı. Bizim bəzi mətbuat orqanlarımız da bu məsələni çox böyütdülər".
 

"Maraqlıdır ki, Rüstəm İbrahimbəyov kinorejissor olaraq, Azərbaycan üçün hansı filmi çəkib? Son illərdə Azərbaycan kino sahəsində nə kimi yenilik olub? Sıfır səviyyəsində olan birini dünya şöhrətli şəxsiyyət kimi təqdim etmək olarmı? Buna görə də onun haqqında siyasi karyera düzəltmək böyük səhv idi. Bir sözlə, ona ümid olanların hamısı "quyruğunu" suda qoydu. Özlərini qatı müxalifətçi adlandıranlar belə onun bu işin içində olmasını istəmirdilər. Yalnız onu deyə bilərəm ki, bu qurum ölü doğulmuşdu, elə ölü olaraq da getdi. Vaxtilə guya Qarbaçov da xalq cəbhəsini qurtuluş üçün yaratmışdı. Güclü polisi olan sovet ölkəsində cəbhə nəyə lazım idi ki? Mən bu fikirləri hər zaman səsləndirmişəm. Elə həmin ölü doğulan qurumdan da bu kimi təşkilatlar yarandı. Ona görə də onların daxilindəki iyrənclik hər kəsə bəllidir"- deyə, Zahid Qaralov fikirlərinə əlavə edib.
 

SİA