Zahid Oruc: “Bu qüvvələr yenə hansısa “arqumentlər”ə əl atacaqlar”

Day.Az представляет новость на азербайджанском языке.

Zahid Oruc: "Bu qüvvələr öz gerçək durumlarını göstərməmək naminə yenə hansısa "arqumentlər"ə əl atacaqlar"

Martın 30-da qardaş Türkiyədə bələdiyyə seçkiləri keçirildi. 26 siyasi təşkilatın, o cümlədən müxalifətçi Cümhuriyyət Xalq, Milliyyətçi Hərəkat, Demokratik Toplum partiyalarının da iştirak etdiyi bu seçkilərdə səsvermə hüququna malik 48 milyon 665 min seçici ölkə üzrə 92848 yerli idarəetmə orqanı təmsilçisini müəyyənləşdirdi. Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olundu.

Beləliklə də ölkənin siyasi taleyində önəmli rol oynayan bu hadisə növbəti demokratik proses kimi Türkiyənin tarixinə düşdü. Cari ilin sonunda isə Azərbaycanda sayca 4-cü bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərə hazırlığın vəziyyəti, müxalifət partiyalarının bələdiyyə seçkilərinə münasibəti və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını deputat Zahid Oruc cavablandırır.

- Zahid müəllim, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Azərbaycandakı siyasi partiyaların bu seçkiyə hazırlığını necə qiymətləndirirsiniz?

- Bələdiyyə seçkilərində iştirak hər bir partiya üçün strukturlaşmanı tələb edir. Ölkənin bütün əraziləri üzrə hər hansı dayaq nöqtələrinin mövcudluğu burada ən önəmli şərtlərdən biri kimi çıxış edir. Əks halda, indiyə qədər yalnız paytaxt partiyaları kimi mövcudluğunu qoruyan, hər hansı bir şəkildə ancaq ölkənin mərkəzində özləri barədə təsəvvür formalaşdıran qüvvələrin yerli seçkilərdə mühüm bir güc sahibi kimi iştirak etməsi, cəmiyyətdə gedən proseslərə təsir göstərməsi, həmçinin qeyri-hökumət qurumu olsa belə, bu sistemdə oturuşması mümkün olmur. Bu günə qədər olan təcrübə, real vəziyyət dediyimizi bir daha təsdiq edir. Ölkədə bütün respublika miqyasında təşkilatlanmış yeganə partiya var, o da hakim Yeni Azərbaycan Partiyasıdır (YAP). Ona görə də hakim partiya bu günə qədər keçirilən seçkilərdə üstünlük qazanıb.

Məsələnin digər bir tərəfi bundan ibarətdir ki, biz həqiqətən də bələdiyyə institutunun formalaşması, istər mülkiyyət və səlahiyyət, istərsə də digər baxımdan geniş imkanlara malik olmasını istəmişik. Qanunvericilik aktları baxımından bu, 50-yə yaxın sənədlərdir. Ancaq bütün bu hüquqi addımlar belə, mərkəzləşmə əleyhinə olan və xalqın özünün idarəçilikdə daha yaxın iştirakını təsbit eləyən bu qurumda xalqın maraqlarına bağlı bir səviyyədə iştirakını sona qədər təmin edə bilməyib. Onu da yaddan çıxarmaq olmaz ki, Avropa ölkələri ilə müqayisədə, ölkəmizdə 1999-cu ildən başlayan bir fəaliyyət kimi bələdiyyələr çox da böyük tarixə malik deyil. Yəni, 400-500 illik tarixlə müqayisə olunmayacaq qədər kiçik təcrübə var ortada. Ona görə də əminəm ki, gələcəkdə yerli icra orqanları ilə münasibətlər daha da aydınlaşdırılacaqdır. Həmçinin bələdiyyələrin balansına, imkanlarına və onların görməli olduqları işlərin sıra sayına yeniləri də əlavə ediləcək. Bütün bunlara rəğmən, baxmayaraq ki, bələdiyyə seçkiləri siyasi partiyaların yarışı şəraitində keçir, sonucda Türkiyədən, eləcə də digər Avropa ölkələrindən fərqli olaraq, hakimiyyət məsələsini bütövlükdə həll etmir. Düzdür, mənəvi-psixoloji baxımdan hər hansı bir üstünlüklər yaradır. Azərbaycanda da bütün seçkilər müəyyən mənada siyasi kampaniyadır. 30 martda Türkiyədə keçirilən seçkilərin bir tərəfdən az qala referendum səciyyəsi daşıması, ikinci tərəfdən hər bir partiyanın istənilən sıravi vətəndaşın səsi uğrunda belə, mübarizə aparması sübut etdi ki, bu, parlament və president seçkiləri kimi nə dərəcədə əhəmiyyətə malikdir. Ona görə də bizdə bu system oturuşduqca, bələdiyyə üzvlərinin sayı daha da dəqiqləşdirildikcə, bu seçkilərdə də mübarizənin miqyası, gərginlik dərəcəsi artacaq.

- İlin sonuna təyin olunan bu seçkilərdə YAP-la yanaşı, Müsavat Partiyasının da iştirak edəcəyi dəqiqləşib. Bəs, digər partiyaların susqunluğu nə ilə əlaqədardır?

- Müxalifətin bələdiyyə seçkilərində önəmli rol oynamayacağı hamıya bəllidir. Çox mümkündür ki, bu qüvvələr qarşıdakı günlərdə, bir qədər əvvəl onlar barədə dediyim fikri təsdiq edəcəklər. Yəni, öz gerçək durumlarını göstərməmək naminə hansısa "arqumentlərə" əl atacaqlar. Lakin hər kəsə gün kimi aydındır ki, istənilən rayonun ən ucqar kəndlərinə sözügedən partiyaların bir təmsilçisi belə getməyib, oralarda olmayıb. Belə olan halda, respublika miqyasındakı hakim partiya ilə mübarizədən danışmaq çətindir. Bundan başqa, özlərini demokratik qüvvələr adlandırıb Milli Şuranın çətiri altına toplaşan, saxta birlik görüntüsü yaradan müxalifət partiyaları, habelə onların liderləri arasında kəskin ziddiyyətlər mövcuddur. Bu zidiyyətlər hətta o qədər dərindir ki, bir partiya hər hansı addım atan kimi, o birilər dərhal eyni düşərgəni bölüşdükləri siyasi təşkilatı satqınçılıqda, xəyanətdə ittiham etməkdən belə çəkinmirlər. Bəzən mənə elə gəlir ki, Dağlıq Qarabağ probleminin həlli daha asandır, nəinki müxalifət liderləri, xüsusən də AXCP ilə Müsavat arasında olan, uzun illərdən bu yana davam edən konfrantasiya. Obrazlı şəkildə desək, bu, patoloji nifrət dözümsüz vəziyyətdədir. Dəfələrlə saxta yaxınlaşma cəmiyyətə nə qədər sərgilənsə də, bunun real koalisiya olmadığını zaman az keçmədən üzə çıxarıb. Etiraf etmək lazımdır ki, 2009-cu ilə qədər Müsavat Partiyası nisbətən loyal, liberal xətt sərgiləməyə çalışdı. Sanki onun çevrəsindəki insanların çox ciddi bir şüur transformasiyası baş verdi. Hətta hakimiyyətin uğurlarını çox yumşaq dillə etiraf etməyə başladılar. Təbii ki, bu, digər radikallar tərəfindən sezilirdi. 2010-ci ilin parlament seçkilərində çox ağır durumda olan Əli Kərimli AXCP-nin yaranması ilə bağlı tədbirdə İsa Qəmbərin təklifini öz maraqları üçün "uğurla" istismar edərək, guya ki, birləşmək qərarı verdi. Xeyli müddət bu prosesin danışıqları, görüşləri yaşandı və onlar medianı bununla qidalandırmağa başladılar. Elə ki, AXCP tənha durumdan çıxdı, həmin an Müsavatı özünün bəlli kəskinliklərinə yuvarlatdı, beləliklə də sözügedən normal platforma tamamilə zədələnmiş oldu. Qarşıdan gələn bələdiyyə və parlament seçkilərində Müsavatın, İsa Qəmbərin iştirakının qarşısını almaq məqsədilə isə həmin siyasi təşkilatın Milli Şuradan gedişini təşkil elədilər. Ardınca da Müsavatı separatçılıqda, xəyanətdə, hakimiyyətə satılmaqda ittiham edirlər.

İlk növbədə bu, siyasi mübarizənin normal bir fəlsəfə ilə aparılmamasının göstəricisidir. İstənilən hakimiyyət üçün belə müxalifət əlverişlidir. Onların fəaliyyət diapazonu, düşüncə arealı, həyata baxış sistemləri çox-çox dəqiq və tanışdır. Bu mənada Əli Kərimlinin özü olmayan perspektivini digər müxalifət qüvvələrini də zədələməklə sərgiləməsi və hamını hakimiyyət əleyhinə kökləməyə cəhd etməsi Müsavat üçün o qədər də təsirli rol oynamayacaq. Çünki İsa Qəmbər çevrəsində olanlar onun bu dəfəki səhvini ona bağışlamayacaqlar. Ona görə də hər seçki müxalifət partiyalarında parçalanma ilə müşayiət olunur. Əminəm ki, bələdiyyə seçkiləri dönəmində də biz bu cür münaqişələrin şahidi olacağıq. Əsl gerçəklikdə, biz bunlara sevinmirik. Çünki güclü siyasi sistemlər həm də qeyd etdiyimiz müxalif qüvvələrin normal təşkilati, ideoloji və hər hansı siyasi proseslərə baxışlarından müəyyən mənada nəsə götürür. Amma təəssüflər olsun ki, biz yaxşı müxalifət qüvvəsi halından yarımamışıq.

- Müxalifət partiya sədrləri hər seçki öncəsi iqtidar-müxalifət dialoqunun qurulmasını gündəmə gətirirlər. Amma proseslər göstərir ki, AXCP-Müsavat partiyaları xaricində belə, müxalifət təmsilçiləri öz aralarında dialoq yarada bilmir, hətta bir-biri ilə əməkdaşlıq etmək istəmirlər. Bu nəyin göstəricisidir?

- İlk növbədə bunlar təklif edilən əməkdaşlığın perspektivsizliyini bilirlər. Yəni, bu əməkdaşlıq nəyə gətirib çıxaracaq, bu, başqasının üstünlüyünü qəbul etməkdirmi və sair suallar ətrafında düşüncələr vahid mövqeyə gətirib çıxarmır. Bu partiyaların ayrı-ayrı adlarla yaranmağı da sübut edir ki, onlar arasında şəxsi hikkələr, maraqlar, potensiala uyğun olmayan siyasi ambissiyalar daha dərindr, böyükdür. Ötən dövrlər ərzində onların biri-digərlərinə o qədər xəyanət edib ki, bunları bir gəminin içərisinə yığıb yol getmək, konkret bir ünvüna, hədəfə üz tutmaq mümkün deyil. Çünki hər biri öz tərəfdaşlarından özlərinə qarşı satqınlıq, ziyankarlıq, xəyanət gözləyirlər. Bu partiyaların təmsil olunduqları birliklərdə elə ki, proseslərin kulminasiya nöqtəsinə çatırlar və onlar üçün içlərindən bir liderin ətrafında birlşmək zərurəti yaranır, o dəqiqə sözügedən birləşmə çat verir. Ənənəvi şər-böhtan kampaniyasına, qarşılıqlı ittihamlara start verilir ki, bu da müxalifəti yenidən sıfır nöqtəsinə qaytarır.

/Kaspi.az/