Donorlar QHT-lərə maxinasiyalar üçün imkan yaradırlar

Day.Az представляет новость на азербайджанском языке.

Bu günlərdə haqqın.az saytında dərc olunan "Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar..." başlıqlı araşdırma yazısı böyük rezonans doğurub. Məqalədə qeyd edilib ki, bəzi donor təşkilatlar tərəfindən Azərbaycanda inqilabi şəraitin yaradılması üçün bir sıra QHT-lərə külli miqdarda vəsaitlər verilib. Lakin Azərbaycandakı qrantyeyənlər dəstəsi bu vəsaitləri öz qərbli kuratorları ilə əlbir şəkildə oğurlayıb və mənimsəyiblər:

"Bizim "kapitan Qrantın uşaqları" qrant kimi verilmiş maliyyə vəsaitinin oğurlanmasında yalnız öz belaruslu həmkarları ilə yarışa girə bilərlər. Lukaşenkonun devrilməsi üçün ayrılan pulların həcmi Yanukoviç və ya Qəzzafi ilə mübarizə məqsədilə ayrılan pulların məbləğindən on dəfələrlə çoxdur. Belarus QHT-lərinə çatası pullar MKİ-dən gəlir və Litva (ümumən Baltikyanı ölkələr) xüsusi xidmət orqanlarının əli ilə ünvanına çatdırılır. Belaruslu qeyri-formallar öz litvalı kuratorları ilə birlikdə milyonları silib yeyiblər. Elə azərbaycanlı qrantyeyənlər və onların qərbli kuratorları da hətta iki inqilaba bəs edəcək pulları oğurlayıblar!" Məqalədə qeyd edilib ki, 2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Yəni Azərbaycan müxalifətinə yaxın vətəndaş fəalları 10 il ərzində üç mənbədən ukraynalı müxalifətçilərdən az qala iki dəfə çox, yaxud da rusiyalı vətəndaş fəalları qədər pul alıblar. Bu məqalə xaricdən maliyyələşən QHT-lərdə şəffaflıq məsələsini yenidən gündəmə gətirib.

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə bizimlə söhbətində bildirdi ki, məhz bu cür halların qarşısının alınması üçün Milli Məclis tərəfindən QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər edilib. Dəyişikliklər heç bir hesabatlılığı olmayan, qeydiyyatdan keçməyən pulların ölkəyə axınının qarşısını almaq üçün nəzərdə tutulur: "Bəzən bir sıra QHT-lər xarici donorların təsiri altına düşür, aldıqları pulun hesabatını vermirdilər. Halbuki, hesabatlılıq olmalıdır. Hər bir QHT alınan qrantın istifadəsi və təyinatı ilə bağlı hesabat verməlidir. Eyni zamanda, maliyyə sənədləri həmin QHT-lərin hesabatlılığına daxil edilməlidir. Çünki, əksər hallarda bu ödəmələr birbaşa deyil, ikinci və ya üçüncü şəxslər vasitəsilə, tamamilə gizli və bəlli olmayan məqsədlər üçün olurdu. Lakin bayaq qeyd etdiyim kimi, müvafiq qanunlara dəyişiklik etməklə belə halların qarşısını almağa çalışırıq. Hesab edirəm ki, normal fəaliyyət göstərən, fəaliyyəti sırf QHT Nizamnaməsinə uyğun olan üçüncü sektor təmsilçiləri var ki, onlar qanunlara edilən son dəyişikliklərə normal yanaşdılar. Ancaq elə QHT-lər var ki, məram və məqsədlərinin nədən ibarət olduğu o qədər də bilinmir. Hansısa qüvvələrin maraqlarına, dini və siyasi cərəyanlara xidmət edən belə QHT-lər qanunlara edilən əlavə və dəyişiklikləri hiddətlə qarşıladılar. Hətta ölkə miqyasında belə bir rəy yaratmağa çalışdılar ki, guya biz bununla QHT-lərin fəaliyyətini məhdudlaşdırırıq. Təbii ki, bu, belə deyildi. Qanuna edilən dəyişikliklər hər hansı QHT-yə haradansa qrant və ya yardım almasını qadağan etmir. Sadəcə, tələb olunur ki, bu qrantın haradan, nə məqsədlə alındığı, hansı işlərə xərcləndiyi barədə müəyyən qurumlara hesabat verilsin, şəffaflıq təmin olunsun. Ümumiyyətlə, qanundan kənara çıxaraq, digər ölkələrin maraqlarına xidmət etmək baxımından gizli şəkildə maddi nemətlər əldə edən və bunun hesabatını verməyən QHT-lər, eləcə də bu qurumlara maliyyə vəsaiti verən təşkilatlar Azərbaycan qanunları qarşısında cavab verməlidirlər".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də deyir ki, Qərb ölkələri bir qayda olaraq ayırdıqları maliyyənin xərclənməsində şəffaflıq məsələsinə o qədər də diqqət ayırmırlar. Özləri bir qədər elastik, boşluqlarla dolu imkanlar yaradırlar ki, qrantı alan təşkilat və onun liderləri pulu rahat şəkildə xərcləyə bilsin: "Bu da ona xidmət edir ki, konkret bir layihə üçün ayrılmış qrant, əslində, 5-ci kolonu formalaşdıran şəxslərin şəxsi imkanlarını genişləndirsin, onları daha da şirnikləndirib həvəsləndirsin. Yəni bir anda on və hətta yüz minlərlə manat vəsaitə sahiblənib varlanan təsadüfi və ya hazırlanmış insanlar elə bir xəttə düşür ki, artıq onlar istəsə belə həmin xətdən çıxa bilmir. Bu isə nəticədə həmin şəxslərin və kor-koranə onlara inanaraq arxalarınca gedənlərin istənilən hərəkatda istifadəsinə imkan verir. Bəlli olduğu kimi, bütün proseslər ifadə azadlığı, siyasi hüquqlar üzərindən idarə edilir. Hətta bəzən ekologiya kimi məsələlər də işə yarayır. Qrant ayıran təşkilatın mənsub və bağlı olduğu dövlət bir tərəfdən, beynəlxalq QHT-lər də digər tərəfdən konkret bir ölkə üzərinə hücuma keçirlər. Adını da vətəndaş cəmiyyətinin inkişafına yardım, insan haqlarına dəstək qoyurlar. Nəticə də örnək üçün, Ukrayna kimi olur. O baxımdan Azərbaycanda da bu proseslər gedir və ölkədə güclü vətənpərvər, öz dövlətinə sadiq vətəndaş cəmiyyətinin mövcudluğu həmin planların gerçəkləşməsinə mane olur. Buna görə həm dövlətimiz, həm də biz vətəndaşlar diqqəti əldən verməməliyik".

Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə isə deyir ki, rəhbərlik etdiyi təşkilat heç vaxt xarici donordan maliyyə yardımı almayıb: "Biz yerli donorlarla işləyirik və ancaq milli mənafeyə xidmət edən, Azərbaycanda söz və mətbuat azadlığının, insan hüquqlarının təbliğinə yönəlmiş layihələri icra edirik. Əgər belə demək mümkündürsə, aldığımız hər qəpiyin hesabatını veririk. Hansısa QHT xaricdən qrant ala bilər. Amma bu həmin QHT-lərin donordan asılılığına səbəb olmamalıdır. Təəssüf ki, Azərbaycanda bu mənfi tendensiya getdikcə güclənir. Yəni, xaricdən qrant alan yerli QHT öz donorunun təsirinə düşür. Xaricdə fəaliyyət göstərən donor təşkilatların əksəriyyətinin Azərbaycana mənfi münasibətini nəzərə alanda xoşagəlməz vəziyyət yaranır. Bəzi QHT-lər xaricilərin puluna şirniklənib, Azərbaycan haqda beynəlxalq ictimaiyyətə həqiqətəuyğun olmayan məlumatlar ötürürlər. Hətta Dağlıq Qarabağ münaqişəsilə bağlı da təhrif olunmuş məlumatları yaymaqdan çəkinmirlər. Hesab edirəm ki, bu hallara qarşı ictimai müqavimət olmalıdır. Həcmindən asılı olmayaraq, heç bir vəsait yerli QHT-ləri qərəzli məlumatlar yaymağa vadar etməməlidir. QHT-lərin fəaliyyəti Azərbaycan qanunları ilə tənzimləndiyi üçün onlar ölkəmizin milli maraqlarını özlərinin korporativ maraqlarından üstün tutmalıdırlar".

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov deyir ki, məsələni sırf xarici donorlardan maliyyələşməsinin yolverilməzliyi kimi qoymaq doğru deyil. Çünki elə xarici şirkətlər var ki, konkret siyasi məqsəd güdmədən, qarşılıqlı əməkdaşlığa və mənfəətə əsaslanaraq müxtəlif ölkələrdə özlərinə tərəfdaş tapır, fəaliyyət göstərir və gördükləri işdən cəmiyyət də faydalıdır. Ölkəmizdə də xarici təşkilatlarla münasibətlərini normal şəkildə saxlayan qurumlar var: "Ancaq təəssüf ki, əksər hallarda biz tamam əks mənzərələrlə üzləşirik. Nəticədə ictimai rəyə xaricdən maliyyələşən təşkilatların müxtəlif maxinasiyalarda iştirakına dair məlumatlar daxil olur. Əlbəttə, Azərbaycanda fəaliyyət göstərən, məqsədinin və vəzifəsinin hansısa sahənin inkişafına dəstək olmaq, kömək göstərmək olduğunu açıqlayan qeyri-hökumət təşkilatı ən azından Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Nizamnaməsində yer alan və müəyyən mənada dəyər kimi təqdim olunan fikirlərə hörmətlə yanaşmalı, sui-istifadəyə yol verməməlidir. Bu baxımdan həm Azərbaycan dövlətinin, həm də cəmiyyətin məsələyə münasibətinin sərt olması zəruridir".

Kaspi.az