“The London Post”da Azərbaycanın inkişaf strategiyası haqqında məlumat vermişdir

Day.Az представляет новость на азербайджанском языке.

Böyük Britaniyanın "The London Post" xəbər portalında səfir Fəxrəddin Qurbanovla müsahibə dərc edilmişdir.

Müsahibəsində səfir Fəxrəddin Qurbanov Azərbaycanın yaxın gələcəkdəki inkişaf strategiyası haqqında məlumat vermişdir. Bildirilmişdir ki, son illərdəki sürətli inkişafı hamıya məlum olan ölkəmiz regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək, iqtisadiyyat, diplomatiya, turizm və başqa sahələrdəki nailiyyətlərimiz daha da artacaqdır.

Azərbaycanın beynəlxalq müstəvidəki günü gündən möhkəmlənən rolu haqqında faktlara əsalanan məlumatlar verilmişdir. Bildirilmişdir ki, Azərbaycanın, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyəti, Avropa Şurası Nazirlər Komitəsinə may ayında başlanacaq sədrliyi, 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Oyunları və bir çox beynəlxalq mədəni, idman və s.tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq sistemin etibarlı və mötəbər üzvünə çevrildiyinin əyani göstəricisidir. Həmçinin, Azərbaycanın müxtəlif dinlərin sülh və harmoniya şəklində birarada yaşadığı qeyd edilmiş və ölkəmizin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsi üçün atdığı addımlardan bəhs olunmuşdur.

Azərbaycanın regiondakı rolundan danışan səfir Fəxrəddin Qurbanov ölkəmizin mehriban qonşuluq siyasətinə toxunmuş, enerji, ticarət və daha bir çox sahələrdə sıx əməkdaşlıq edildiyi diqqətə çatdırlmışdır. Ölkəmizin təşəbbüsü və dəstəyi ilə regionda bir sıra mühüm layihələrin icra edilməsinin regional əməkdaşlıq və inteqrasiyanı yeni müstəviyə çıxardığını vurğulamışdır. Regionun gələcək inkişafına əsas əngəl kimi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini göstərərək, beynəlxalq qanunları pozan işğalçı dövlətin doğma torpaqlarımızdan geri çəkilmədiyini diqqətə çatdırmışdır. Ermənistanın nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymadığı qeyd edilmiş və təcavüzkar ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən təzyiqin artırılmasına çağırmışdır.

Müsahibədə Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin tətbiq olunması, ölkəmizdə gənclər siyasəti və insan resurslarının inişaf etdirilməsi istiqamətində görülən işlərdən də bəhs olunmuşdur. Azərbaycanın müasir təhsil sistemi haqqında məlumat verən səfir 2007-ci ildən etibarən həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində minlərlə gəncin dünyanın müxtəlif ölkələrində təhsil aldığını və bu addımın ölkənin insan resurslarının gələcək inkişafına yatırılan ən gözəl sərmayə olduğunu qeyd etmişdir. Təhsil sistemində informasiya-komunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirildiyi və bu sahədə müxtəlif layihələrin icra edildiyi bildirilmişdir.

Ölkəmizin gənclər siyasətinə toxunan F.Qurbanov, Azərbaycan hökumətinin ölkəmizdə fəaliyyət göstərən 3 yüzə yaxın gənclər təşkilatları ilə sıx əməkdaşlıq etdiyini və gənclərin öz potensialını reallaşdırmaları üçün onların çoxsaylı qeyri-hökumət təşkilatları çərçivəsində fəaliyyət göstərdiklərini vurğulamışdır. Müsahibənin sonunda F.Qurbanov ölkəmizdə insan resursalrının inkişafı sahəsində görülən işlər haqqında məlumat verərək, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırmışdır.

Müsahibənin tam mətni ilə aşağıdakı internet keçidi vasitəsilə tanış olmaq mümkündür:

http://thelondonpost.net/interview-with-h-e-mr-fakhraddin-gurbanov-ambassador-of-azerbaijan-to-the-uk/