Məhərrəm Zülfüqarlı: "Bu, bizim yaralı yerimizdir"

Day.Az представляет новость на азербайджанском языке.

Məhərrəm Zülfüqarlı: "QHT-lər xarici donorlardan aldıqları qrantları daha çox öz şəxsi problemlərini həll etməyə yönəldirlər"

Bu günlərdə haqqın.az saytında dərc olunan "Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar..." başlıqlı araşdırma yazısı böyük rezonans doğurub. Məqalədə bəzi donor təşkilatlar tərəfindən Azərbaycanda inqilabi şəraitin yaradılması üçün bir sıra QHT-lərə külli miqdarda vəsaitlər verildiyi, lakin Azərbaycandakı qrantyeyənlər dəstəsinin bu vəsaitləri öz qərbli kuratorları ilə əlbir şəkildə oğurlayıb mənimsədikləri qeyd olunub.

Bildirilib ki, azərbaycanlı qrantyeyənlər və onların qərbli kuratorları hətta iki inqilaba bəs edəcək pulları oğurlayıblar. Məqalədə eyni zamanda qeyd edilib ki, 2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Bu məqalə xaricdən maliyyələşən QHT-lərdə şəffaflıq məsələsini yenidən gündəmə gətirib. Xaricdən maliyyələşən Azərbaycan QHT-lərində şəffaflıq və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı cavablandırır.

- Böyük dövlətlərin kiçik dövlətlərin milli hökumətinə təsir etmək üçün donor təşkilatların olması barədə fikirlərə münasibətiniz necədir?

- Bu məsələ təzə deyil. Azərbaycan müstəqilliyini bərpa edəndən bu günə kimi ölkəmizdə strateji maraqları olan dövlətlər müxtəlif vasitələrlə daxili işlərimizə qarışmaq, lazım gəldikdə hakimiyyətə təsir etmək, hətta hakimiyyət dəyişikliyi etmək arzularını həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Belə fəaliyyətlərdən ən geniş yayılmışı seçki ərəfəsi özlərinə uyğun qurumlara vəsait ödəməklə niyyətlərini həyata keçirməkdir. Daha doğrusu, istədiklərini dolayısı yolla reallaşdırmaqdır. Şəxsən mən bir neçə dəfə onlarla dialoqda olmuşam. Bəzi qüvvələr öz dövlətlərinin edə bilmədiklərini müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə reallaşdırmağa çalışırlar. Məsələn, ABŞ-ın Milli Demokratiya İnstitutu QHT-dən daha çox Amerikanın dövlət rəsmilərinin deyə bilmədiklərini, edə bilmədiklərini həyata keçirməklə məşğuldur. 2008-ci il seçkilərində Avropa Şurasının müşahidəçiləri ilə görüşə bir neçə QHT təmsilçisi, o cümlədən heç bir yerdə qeydiyyata alınmayan, buna baxmayaraq hesabına külli miqdarda vəsaitlər daxil olan QHT nümayəndələri də dəvət olunmuşdu. Mən o zaman onlara belə bir sualla müraciət etdim ki, sizləri kim maliyyələşdirir, əməkdaşlıq etdiyiniz donor təşkilatı hansıdır? Onlar cavab verirdilər ki, bizi ABŞ Milli Demokratiya İnstitutu maliyyələşdirir. Maraqlı burasıdır ki, Amerika Milli Demokratiya İnstitutu özü donor deyil, QHT-dir. Bunu onların diqqətinə çatdıranda bildirdilər ki, bu institut pulu başqasından alıb bizə verir. Yəni, vasitəçilik edir. Təbii ki, burada məqsədyönlü fəaliyyətlə yanaşı, korrupsiya halları da mövcuddur. Çünki, əgər bir QHT-nin qeydiyyatı, bank hesabı yoxdursa, deməli, vəsait əldən-ələ ötürülür. Burada da müxtəlif münasibətlər var. Dediyim kimi, seçki ərəfəsində bu cür qeydiyyatsız QHT-lərə müxtəlif məbləğdə vəsaitlər verilir, daha sonra onların əli ilə ölkədən xaricə həqiqəti əks etdirməyən, dezinformasiya xarakterli məlumatlar ötürülür. Sonradan isə bəzi dövlətlər bu məlumatlara əsaslanaraq ölkəmizə müxtəlif istiqamətlərdən təzyiqlər edirlər. Son prezident seçkilərində də belə metodologiyanın şahidi olduq. Bu kimi səbəblərdən müvafiq dövlət qurumları belə məsələlərdə kifayət qədər ayıq-sayıq olmalıdırlar. Azərbaycan dövlətçiliyinə xələl gətirən hər hansı məsələnin ölkəmizdə reallaşmasına imkan verilməməlidir.

- Ukrayna və Gürcüstan kimi bəzi ölkələrdə bu siyasət uğur qazansa da, bir sıra dövlətlərdə xarici donor təşkilatlar öz məqsədlərinə nail ola bilmirlər. Sizcə, bu, nə ilə əlaqədardır?

- Postsovet ölkələri üçün xarakterik olan dövlət quruluşu prezident respublikasıdır. Çünki prezident respublikasında dövlət hakimiyyəti möhkəm olur. Bu isə yuxarıda qeyd olunan təxribatların qarşısını almağı daha asan edir. Hansı ölkədə ki, demokratiya abı-havasına aludə olub prezident respublikadan parlament respublikasına keçid ediblər, məhz oradakı qanunverici orqanda çoxsaylı dartışmalar müşahidə olunur, parlament müxtəlif qüvvələrin dava-dalaş meydanına çevrilir. Belə vəziyyətdə xarici donorlardan maliyyələşən QHT-lər daha asan və sivil yolla müxtəlif təxribatlar törədə bilirlər. Bunun adını isə demokratiya qoyurlar. Ona görə də mən tam əminliklə deyə bilərəm ki, 20 faiz ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, 1 milyona yaxın qaçqın-məcburi köçkünü olan Azərbaycan üçün prezident respublikası daha münasib dövlət quruluşudur. Azərbaycanda bayaq qeyd olunan təxribatların həyata keçirilməsinə münbit şərait ona görə yoxdur ki, burada hakimiyyət güclüdür. Bu faktı mən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prezident seçkiləri ərəfəsində keçirdiyi qapalı toplantısında öz çıxışım zamanı da bildirmişdim. Həmin toplantıda Azərbaycan hakimiyyətinə müxalif olan QHT nümayəndələri təkidlə ölkəmizin parlament respublikasına keçməsini tələb edirdilər. O zaman bildirmişdim ki, 20 faiz torpağı işğal olunan bir ölkə üçün güclü prezident hakimiyyəti lazımdır. Postsovet məkanında yalnız Qərbin tələbinə uyğun, ölkə reallıqları ilə səsləşməyən islahatların həyata keçirilməsi, sonda Ukraynadakı kimi qarşıdurmalara gətirib çıxarır.

- Sözügedən məqalədə Azərbaycanda da bu cür fəaliyyətin olması bildirilib, lakin uğursuzluğun səbəbi kimi QHT-lərin korrupsiyaya qurşanması göstərilib. Bu ehtimallar nə dərəcədə düzgündür?

- Azərbaycanda da belə layihələri həyata keçirmək istəyən qüvvələr var. Sadəcə, Azərbaycanda bunun reallaşması imkanları məhduddur. Ona görə də bəzi yerli QHT-lər xarici donorlardan aldıqları qrantları təyinatı üzrə xərcləyə bilmir, daha çox öz şəxsi problemlərini həll etməyə yönəldirlər. Məsələn, heç bir yerdə qeydiyyatı, bank hesabı olmayan, ciddi fəaliyyəti sezilməyən hansısa QHT rəhbəri birdən-birə maddi imkanlarını artırır, özünə bahalı mənzil, obyekt, avtomobil alır və sair. Təbii ki, bu, gülüncdür. Bəzən də Qərb ölkələrinin ayırdığı külli miqdarda vəsait müqabilində yerli QHT-lər hansısa prosesdə aksiya keçirir, dövlət əleyhinə hansısa fəaliyyəti ortaya qoymağa çalışırlar. Əslində bunun hamısı görüntü xarakterlidir. Məsələn, seçki prosesində elə təşkilatlar var idi ki, onlar çox böyük məbləğdə qrant alırdılar. Əksər rayonlarda strukturu olmaya-olmaya, Bakıda oturub regionlardakı vəziyyət barədə geniş hesabatlar hazırlayırdılar. Bu hesabatlar isə hər kəsin bildiyi, köhnə reallıqlara söykənən hesabatlar idi. Bunu etməklə, onlar qrant verən təşkilatlara guya, iş gördüklərinin görüntüsünü yaradırdılar. Məsələ burasındadır ki, həmin QHT-lərə pul verən xarici donor təşkilatları da belə fəaliyyət qane edirdi. Çünki həmin vaxt xarici donorlara Azərbaycan barədə ancaq mənfi informasiyalar gərəkli idi. Bu məlumatları toplayıb sonradan öz məqsədləri naminə, dövlətə təzyiq etməklə nələri isə Azərbaycandan əldə etmək istəyirdilər. Uzun müddət seçki prosesində iştirak edən şəxs kimi belə halları dəfələrlə müşahidə etmişəm və bu işləri görən insanlar da göz qabağındadır.

- Xaricdən maliyyələşən Azərbaycan QHT-lərində şəffaflıq nə dərəcədə təmin olunur?

- Bu məsələ bizim yaralı yerimizdir. Biz bütün hallarda qanunlara əməl edirik. Vaxtlı-vaxtında aidiyyəti dövlət orqanlarına hesabatlarımızı veririk. Lakin qanunvericiliyə edilən son dəyişikliklər daha çox xaricdən maliyyələşən QHT-lərə aid olsa da, bəzən ölkə daxilində fəaliyyət göstərən, QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyələşən üçüncü sektor təmsilçilərinin əziyyət çəkməsinə səbəb olur. Məsələn, xaricdən maliyyələşən QHT-lər çox vaxt donor təşkilatla öz aralarında iş görürlər. Hətta bəziləri Azərbaycanda deyil, Gürcüstanda özünə bank hesabı açdırır, buradan öz işlərini görürlər. Ölkə daxilində heç bir quruma hesabat verməyən belə QHT-lərin fəaliyyətində şəffaflıq sıfır dərəcəsindədir. Amma qanunlar birbaşa Azərbaycan dövlətçiliyinə xidmət edən QHT-lərə tətbiq olunur. Biz hər rübün sonunda DSMF-yə, ildə bir dəfə Maliyyə Nazirliyinə, eyni zamanda donor təşkilata hesabat veririk. Beləliklə də biz get-gedə daha çox hesabat verən quruma çevrilirik. Amma xaricdən maliyyələşən QHT-lər isə qeyri-şəffaf fəaliyyət göstərməklə, bunların heç birini etmirlər. Hər dəfə də onlara qarşı qanuna uyğun tələblər irəli sürəndə, deyirlər ki, biz ümumiyyətlə bu fəaliyyətlə məşğul deyilik. Yəni, fəaliyyətləri şəffaf olmayan bu QHT-ləri hesabatlılığa cəlb etmək çətin olur.

Milli.Az