Qafqaz Universitetinin rektoru: "Bu, çox çirkin oyundur" – YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке.

-----------
17:34

"Ənvər Özərən ölkədən getməyəcək". Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Ənvər Özərənin vəkili Emin Qurbanov deyib.


Vəkil Ənvər Özərənin Azərbaycandan deportasiya olunacağı ilə bağlı yazılanların hamısının yalan olduğunu bildirib:

"Bu barədə Türkiyə mətbuatında informasiya yayılmışdı. Daha dəqiq desəm, "Aydınlıq" qəzetində çap olunmuşdu. Amma o da təkzibini tapdı. Ənvər Özərinin ölkədən getməsi ilə bağlı yayılan informasiyaların hamısı yalandır".

Qafqaz Univeristetinin İctimaiyyətlə Əlaqələr üzrə prorektoru Natiq Paşa isə yayılan xəbərin, ümumiyyətlə, həqiqəti əks etdirmədiyini söyləyib:

"Ümumiyyətlə, yayılan xəbər tam yalandır. Bu, heç bir həqiqəti əks etdirmir. O, hazırda iş başındadır. Bu gün günortaya qədər İdarə heyətinin iclası keçirilib və rektor da həmin iclasda olub".

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və digər bir sıra şəxslərin Azərbaycandan deportasiya ediləcəyi ilə bağlı informasiya yayılmışdı.

Qafqaz Universitetinin rektoru Əhməd Sanıç isə yayılan xəbərlərin əvvəllər də olduğunu bildirib. O, bu tip informasiyaların təkrar yayınlandığını söyləyib və yaxın müddətdə Təhsil Nazirliyinin bununla bağlı açıqlama verəcəyini güman etdiyini söyləyib.

----------
17:23

Qafqaz Universitetinin rektoru Ahmet Saniç xarici və ölkə mediasında onun, "Çağ Öyretim İşletmeleri" şirkətinin rəhbəri Enver Özerenin, Bahri Topuzun və daha 5 nəfərin yaxın günlərdə deportasiya ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az bildirir ki, rektor A.Saniç publika.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu söyləyib.

O deyib ki, hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır və məlumat toplanılır: "Yəqin ki, sabah üçün geniş açıqlama veriləcək. Bu tip xəbərləri indi də Türkiyədə yayımlanan media qurumları yayıblar. Ancaq bu xəbərlərin kökü Azərbaycana bağlıdır. Həmin xəbərlər Azərbaycanda yayılmış xəbərlərdir ki, indi də təkrar Türkiyədə yayımlanır. Yəni bu xəbərləri Azərbaycan mediası Türkiyəyə, Türkiyə mediası isə bura yayır. Ümumilikdə isə baxırsan ki, eyni xəbərlərdir. Həmin xəbərlərin mənbəyi də buradadır. Mən bu cür xəbərləri yalan hesab edirəm. Bu, çox çirkin oyundur. Heç də yaxşı hal deyil. Yaşanan bu proses mənə heç də yaxşı təsir etmir. Yəqin ki, Azərbaycanın Təhsil Nazirliyi və ya digər hər hansı qurumunun bu məsələ ilə bağlı açıqlaması olacaq".

Qafqaz Universitetinin adının dəyişdiriləcəyi barədə yayılan məlumatlara da toxunan A.Saniç bu barədə xəbərlərin yalan olduğunu söyləyib: "Bunların hamısı yalandır. Qafqaz Universitetinin adı dəyişdirilmir".

----------
12:51

Azərbaycanda nurçu qalmaqalı ölkə mətbuatının əsas gündəmini tutmaqda davam edir.
 

Fətullah Gülən tərəfdarları arasında Qafqaz Universiteti və onun rektoru Ahmet Sanıçın adı bu qalmaqalda tez-tez hallanır. Belə ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, rektor Ahmet Sanıçın Azərbaycandan deportasiya edilməsi gözlənilir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı AzVision.az universitetin mətbuat şöbəsi ilə əlaqə saxlayaraq rektorun deportasiya xəbərinə münasibət öyrənməyə çalışıb. Şöbə müdiri Ceyhun Vəliyev sayta açıqlamasında bildirib ki, bununla bağlı universitetin rəsmi açıqlaması olacaq.

"Hazırda elmi şuranın iclası keçirilir. İclasdan sonra bizim prorektor məsələ ilə bağlı sizə açıqlama verəcək", - deyə C.Vəliyev əlavə edib.