Millət vəkili övladının müdafiəsinə qalxdı

Day.Az представляет новость на азербайджанском языке.

"Mən yaxşı bilirəm, bunu yazanlar da, yazdıranlar da kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü kampaniyadır"
 

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a millət vəkili Elton Məmmədov mediada oğlu Elnur Məmmədovun da avtoxuliqanlığı ilə bağlı yayılan videogörüntülər haqda danışarkən dedi.

Millət vəkili bildirdi ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: "Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyiblər".

Elton Məmmədov qeyd etdi ki, onun övladları Azərbaycan gəncliyi üçün nümunə olduğuna görə də gözü götürməyənlər əl-ayağa düşüblər: "Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də bütün dünyaya 155 kanalla canlı yayımlanan beynəlxalq miqyaslı kiq-boksinq üzrə turnirin qalibidir. Bəs bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər".

Qeyd edək ki, ötən gün mediada millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova aid olduğu deyilən 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GTR35" markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən videosu yayılıb. Bu gün isə millət vəkilinin digər oğlu Elnur Məmmədova aid olduğu deyilən növbəti avtoşluq videosu mətbuatın əsas mövzularından birinə çevrilib. Həmin videoda 10 AZ 458 nömrəli "Mersedes S klass" markalı avtomobilin 260-a yaxın sürətlə yarışdığı əks olunub.

Milli.Az