Radikal müxalifət hətta şeytanla belə sazişə getməyə hazırdır

Day.Az представляет новость на азербайджанском языке.

Bir sıra xarici təşkilat və maliyyə qurumlarının Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifmeyilli qeyri-hökumət təşkilatlarına ölkədə sabitliyi pozmaq və gərginlik yaratmaq məqsədilə külli miqdarda vəsait ayırması ilə bağlı yayılan xəbərlər yenidən əsas diqqəti bu istiqamətə yönəldib. Bildirilir ki, sözügedən vəsait Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması və daxildə qarşıdurmanın yaradılmasına hesablanıb. Artıq bu barədə məlumatlar müvafiq qurumlar tərəfindən araşdırılmaqdadır və xaricdən maliyyə vəsaiti alan QHT-lər barədə müvafiq ölçü götürüləcəyi bildirilir. Elə siyasi dairələr də bunu tərəfindədirlər. Bu kimi halların əvvəllər də baş verdiyini deyən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı hesab edir ki, Qərbdən aldığı maliyyə vəsaiti ilə milli maraqlara zidd fəaliyyət göstərən QHT-lər barədə lazımi tədbirlər görülməlidir. Partiya rəsmisi bir qayda olaraq həmin QHT-lərdən təsir vasitəsi kimi istifadə edildiyini də vurğulayıb.
 

-Niyaməddin bəy, son günlər Ukrayna hadisələrinin Azərbaycanda təkrar olunması üçün bəzi QHT-lərə xarici təşkilatlar tərəfindən maliyyə yardımı ayrıldığı bildirilir. Bu məlumatı necə dəyərləndirirsiniz və Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması mümkündürmü?

-Xarici təşkilatların Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət nümayəndələrinin təsirindəki QHT-lərə pul ayırması ilk hadisə deyil. Uzun illərdir bu qüvvələrə xarici donorlar maliyyə vəsaiti ayırır. Bunun müqabilində isə həmin təşkilatlardan Azərbaycan hakmiyyətinə və milli maraqlarımızın əleyhinə fəaliyyət tələb edirlər. Bir çox hallarda hakimiyyətə təzyiq edilməsi üçün bu qüvvələrdən birbaşa istifadə edilir. Ukrayna hadisələrinin Azərbaycana təsirinə gəldikdə isə, bunu qeyri-mümkün hesab edirəm. Düzdür, bu onların arzusudur. Ancaq bunun reallaşması inandırıcı deyil. Azərbaycan xalqı Ukraynada baş verən hadisələri yaxindan izlədi və gördü ki, heç də Qərbin və ya Avropanın birgə etdiyi inqilab xalqa xeyir gətirmir. Əksinə Ukrayna xalqını parçaladı. Ərazisini itirdi. Ukrayna tarixində indiki kimi parçalanmağa məruz qalmamışdı. Ümumiyyətlə, heç bir inqilab xalqa xeyir gətirməyib. Bu bir daha Ukraynada özünü göstərmiş oldu. Azərbaycan cəmiyyəti də yaxşı bilir ki, xarici təşkilatların Azərbaycanda olan maraqları nədir və onların radikal müxalifətə yönəltdiyi vəsaitlər də heç bir nəticə verə bilməz...
 

-Maraqlıdır ki, həmin vəsait müxalif meyilli QHT-lərə ayrılıb. Daha doğrusu dövlətə qarşı olan təşkilatlara. Sizcə, hələ də Qərb və Amerikada müxalifətin həmin qanadının hakimiyyətə gələcəyinə inanan insanlar var?

-Qərb yaxşı bilir ki, radikal müxalifətin başında duran şəxslərin hakmiyyətə gəlmək imkanları yoxdur. İsa Qəmbərin və ya Əli Kərimlinin Azərbaycan xalqından ciddi dəstəyi olmamasını Qərb çox gözəl bilir. Və onu da yaxşı bilir ki, bunların hakmiyyəti Azərbaycanda anarxiya, özbaşınalıq deməkdir. İndiyə kimi bunlara, Azərbaycana milyonlarla vəsait qoyublar. Heç bir halda bu qüvvələrin hakimiyyətə gəlməsini belə arzulamırlar. Sadəcə, qeyd etdiyim kimi, müəyyən məsələlərdə İlham Əliyev hakmiyyətinə təzyiq edilməsinə görə, bunlardan istifadə edilir. Keçən il keçirilən prezident seçkilərinə radikal müxalifət Rusiyanın Milli Şura layihəsində baş rolda yer almışdı və bütün ətraflarında olan şəxsləri də inandırmışdılar ki, tezliklə Putin bunları hakimiyyətə gətirəcək. Əli Kərimli hər günün Qərbin əleyhinə bəyanatlar verirdi. Bütün bunları Qərb və Avropa çox yaxşı bilir. Ona görə də, Qərb bu qüvvələrin hakmiyyətə gəlməsində heç vaxt maraqlı ola bilməz...
 

-Bir məqam da qeyd edilir ki, bu prosesdə erməni diasporu və maliyyəsi daha çox ağlabatandır. Siz necə düşünürsünüz, müxalifət hakimiyyətə gəlmək üçün hətta erməni lobbisi ilə əlaqəyə girərmi?

-Radikal müxalifət hakimiyyətə gəlmək üçün hətta şeytanla da saziş bağlayar. Buna heç kimin şübhəsi olmasın. Bu adamların bəziləri bir il hakimiyyətın dadını görüb. Ona görə də Əli Kərimli təzədən kresloda oturmaq üçün istənilən addımı ata bilər. Bir neçə il bundan əvvəl Əli Kərimli Avropa komissiyasında acıq şəkildə çıxış edib dedi ki, Qafqazda sülhün təminatı demokratik qüvvələrin hakmiyyətə gəlməsindədir. Yəni demək istəyir ki, məni hakmiyyətə gətirin, mən də Qarabagı rəsmi Ermənistana verim. Həmçinin də Leyla Yunus və buna oxşar QHT sədrlərinin erməni lobbisi ilə yaxından əməkdaşlıq etməsinə və ermənilərlə birgə layihələr həyata keçirməsinə kiminsə şübhəsi yoxdur. Özləri belə mətbuatda acıqlama verirlər ki, ermənilərlə əməkdaşlıq sirr deyil. Bu tipli QHT rəhbərləri üçün əsas meyar maliyyədir. Maliyyənin kimin verməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, bunlara pul versinlər. Bu baxımdan da erməni lobbisi bunlardan çox səmərəli şəkildə istifadə edir. Bu adamların heç bir milli qüruru yoxdur.
 

-Bu ərəfədə Rauf Mirqədirovun həbs edilməsi və ermənilərlə əməkdaşlıqda şübhəli bilinməsi sizcə təsadüfdür, yoxsa bunlar arasında bir bağlılıq var?

-Rauf Mirqədirovun həbsini mətbuatdan oxudum. Ona qarşı rəsmi olaraq vətənə xəyanət ittihamı ilə cinayət işi açılıb və istintaq gedir. Ona görə də bununla bağlı fikir bildirmək istəmirəm. İstintaqın sonunu gözləmək lazımdır.
 

Olaylar