ABŞda ermənilərin cinayət əməlləri sübuta yetirilib

Day.Az представляет новость на азербайджанском языке.

Birləşmiş Ştatlarda ən qalmaqallı məhkəmə proseslərindən biri başa çatmaq üzrədir.

Los Anceles Federal Məhkəməsində 38 yaşlı Mher Darbinyanın işi üzrə dinləmələr ittiham hökmü ilə başa çatıb. Müttəhim ümumən 973 il müddətinə həbsə məhkum oluna bilər.

O, mütəşəkkil cinayətkarlıq fəaliyyəti məqsədilə sövdələşmə və hədələməklə pul qoparmaq, bank fırıldaqçılığı və kredit kartları ilə fırıldaqçılıq, fərdi məlumatların oğurlanmasında günahkar bilinir. Bundan əlavə, qadağan olunmuş odlu silah saxlamaq da daxil olmaqla, ittihamnamənin 57 bəndi üzrə müqəssir tanınıb.

Kaliforniya Mərkəzi Dairəsi prokurorluğunun bəyanatında deyildiyinə görə, Darbinyan həmçinin həbsxanada olarkən Meksika mafiyası üzvləri ilə cinayətkar fəaliyyətlə məşğul olub. Darbinyanı (həmçinin "Kapone", "Kaps" və "Hollivud Mayk") əsasən ermənistanlı gənc mühacirlərdən ibarət və 200-250 nəfər təşkil edən "Erməni gücü" (EG) cinayətkar dəstənin başçısı adlandırırlar.

Federal Təhqiqat Bürosu, polis və bir sıra başqa idarələr "Elektrikin kəsilməsi" adlı əməliyyat çərçivəsində beş il müddətində "Erməni gücü"nü tədqiq ediblər. 2011-ci ildə hakimiyyət dəstənin 100 üzvünü oğurluq, hədələmə ilə pul qoparmaq, qeyri-qanuni qumar oyunları, bir neçə növ fırıldaqçılıq və narkotik alverində ittiham edərək, cinayət işi qaldırıldığını elan etmişdi. Prokurorluq bunun ABŞ tarixində bu qəbildən olan işlərdən ən böyük iş olduğunu bəyan edib. Təkcə böyük erməni icması olan Kaliforniyada deyil, həmçinin Denverdə və Mayamidə də həbslər aparılıb. O vaxtdan 85 müttəhim mühakimə olunub.

"Erməni gücü" 1980-ci ildə şərqi Hollivudda erməni mühacirləri latın amerikalılardan ibarət küçə bandalarından müdafiə etmək üçün yaradılıb. Gənc ermənilər sonuncuları yamsılamaqdan başlayıblar: başlarını keçəl qırxır, döymə vurdurub, qolsuz köynək və xaki şalvar geyinirdilər. Latın Amerika dəstələri ilə müharibələr nəticəsində hər iki tərəfdən onlarla insan öldürülüb. "Ararat" Amerika jurnalının yazdığına görə, "Erməni gücü" əzəldən qətl, insan oğurluğu, soyğunçuluq, şahidləri qorxuzmaq və müxtəlif fırıldaqlarla məşğul olub: "Əvəllər az tanınan dəstə vaxtı gələndə "kredit kartları ilə çoxmilyonlu fırıldaqlar və fərdi məlumatlar oğurlamağa qadir olan beynəlxalq sindikata çevrilib".

"Bu qəbildən olan cinayətkar təşkilatlar öz icmalarının üzvlərinə qarşı hədələmə ilə pul qoparmaq, oğurluq və zorakılıq tətbiq edərək başqa cinayətlərə əl atmağa hazırdırlar" - deyə qrupa qarşı cinayət işi açıldığını elan edərkən, Los Anceles federal prokuroru Andre Birotte bəyan edib. Bu iş üzrə 2011-ci ilin fevralında elan olunan ittihamedici sənəd 212 səhifə təşkil edirdi. Prokurorluğun müdafiə tərəfinə təqdim etdiyi sübutedici baza 500 min səhifədən və 50 söhbət yazısından ibarət olub. Məhkəmə sənədlərində deyildiyi kimi, qərargahı Los Ancelesdə yerləşən "Erməni gücü"nün başçıları yerli Meksika mafiyası, eləcə də Ermənistan və Rusiya "qanuni oğru"ları ilə sıx əlaqədə olub. Dəstənin üzvləri "99 sents" ucuz mağazalarında kassirlərin başını qataraq, kassa terminallarına kredit və debet kartlarının maqnit zolağından məlumatları toplayan cihazlar quraşdırırmışlar. Sonradan bu məlumat saxta kartlara köçürdülərək, fırıldaqçılar başqa adamların bank hesablarından pul çıxarırdılar. Prokurorluq tək bu maxinasiya ilə "Erməni gücü"nün 2 milyon dollar qazandığını iddia edib. Başqa bir fırıldaq sxemi üzrə onlar rüşvətlə bank qulluqçularından bank müştərilərinin fərdi məlumatlarını alırmışlar. Bu məlumatlardan istifadə edərək, fırıldaqçılar zərərçəkənlərin qəbzlərini saxtalaşdıraraq, nağd pul əldə edirdilər. Hətta onların mənzilinə soxularaq, təmiz qəbzləri oğurlayıb, fırıldaq qurbanlarının adına bank hesabı açıb onların adından istiqraz və kredit xətləri açırdılar.

Qrup şimali Hollivudun sənaye zonasında icarəyə götürülmüş kontor otağında işləyirmiş. Polis orada kredit və debet kartlarının maqnit zolağını kodlamaq üçün qurğu və benzindoldurma stansiyalarında özgələrinin məlumatlarını çəkən mexanizm aşkar edib.

Cinayətkar qrupun üzvləri Los-Anceles yaxınlığındakı "Glendale"dən marixuana dolu furqon qaçırıb və San-Fernando vadisində bir neçə evdə hind çətənəsi becəriblər. Evlərdən birindən iki kiloqramdan artıq evdə yetişdirilmiş marixuana və 40 kalibrli "Beretta-96" tipli tapança, onun güllələri müsadirə olunub. "Erməni gücü" gizli kart oyunu turnirləri də təşkil edib. Birinin qalibinə 10 min dollar, o birisinin qalibinə 6 min dollar verilib. Şimali Hollivudda üzərində Ermənistan gerbi çəkilmiş poker oyunu üçün lomber masası, minlərlə fişka, banka atılan pulun hesaba alınması və kart borclarının jurnalı müsadirə olunub.

Darbinyanla birlikdə 35 yaşlı "At" ləqəbli Arman Şaropetrosyan və 29 yaşlı Rafael Parsadanyan da məhkum olunublar. Prokurorların sözlərinə görə, Darbinyan və Şaropetrosyan hansısa bir ermənidən pul tələb edib, bir dəfə də onun oğurlanmasını təşkil ediblər. Həmin vaxt - 2012-ci ildə Şaropetrosyan bank fırıldaqçılığı üstündə məhkum olunmuç, 25 illik cəzasını çəkirmiş və cinayət yoldaşlarına məhbəsə gətirilən mobil telefonlarla əmr verirmiş. Üst-üstə, oğurlanmış şəxs fırıldaqçılara 20 min dollar verib.

Şaropetrosyanın hökmü sentyabrın 15-də oxunacaq. O, 60 il həbs cəzasına məhkum oluna bilər. Darbinyanın hökmü isə iyulun 14-də oxunacaq.

Kaspi.az