Hyustonda 28 may "Azərbaycanın Respublika Günü" elan edilib

Day.Az представляет новость на азербайджанском языке.

Texasın Hyuston şəhərində 28 may "Azərbaycanın Respublika Günü" kimi elan edilmişdir.
 

ABŞ-ın aparıcı sənaye mərkəzlərindən və Azərbaycanın paytaxtı ilə qardaşlaşmış şəhər olan Hyustonda "Azərbaycan Mərkəzi" və "Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assossasiyası"nın təşkilatçılığı ilə Hyuston Şəhər Meriyasının binasında Azərbaycanın 28 May Respublika Gününə həsr edilmiş rəsmi tədbir keçirilmişdir. Tədbiri açılışı sözü ilə başlayan "Azərbaycan Mərkəzi" və "Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assossasiyası"nın rəhbəri İradə Axundova 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası barədə məlumat vermişdir.Çıxışı zamanı o, Hyustonda keçirilən layihələrə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə minnətdalığını bildirmişdir.
 

Daha sonra Hyuston Şəhər Şurasının üzvü Ed Qonzalez çıxış edərək, Azərbaycan xalqını və Hyustonda yaşayan azərbaycanlı icma nümayəndələrini təbrik etmiş, şəhər meriyası tərəfindən 28 may tarixinin Azərbaycanın Respublika Günü elan edildiyini qeyd etmiş və şəhər meri Anisa Parkerin adından bəyanmamə mətnini oxumuşdur.
 

Tədbirdə, eyni zamanda, Ştat Assambleyasının bir sıra üzvləri, konqresmenlər və yerli biznes nemayəndələri ilə yanaşı, Kolumbiya, Macarıstan, Pakistan, Rusiya, Türkiyə, Braziliya və Yunanıstanın Hyustondakı Baş Konsulları da iştirak etmişdir. Azərbaycanın Respublika Günü münasibətilə "Azərbaycan Mərkəzi"nə Assambleya üzvləri Cin Vu, Alma Alen və Hubert Vo, eləcə də konqresmenlər Stiv Stokman və Ted Po tərəfindən bəyannamələr təqdim edilmişdir.
 

Çıxış edən Assambleya üzvü Cin Vu Hyuston şəhərinin çox millətli və çox mədəniyyətli şəhər olduğunu, burada yaşayan azərbaycanlı icmanınsa bu mədəniyyətə xüsusi çalar qatdığını söyləmiş, Azərbaycan xalqını bayram münasibətilə təbrik etmişdir.
 

Tədbirdə çıxış edən Səfirliyin əməkdaşı Natiq Baxışov ilk olaraq, Hyustonda yaşayan azərbaycanlı icmanın iki ölkə arasında münasibətlərə verdiyi töhfələrə, eləcə də "Azərbaycan Mərkəzi"nin Azərbaycan xalqının mədəniyyətinin təbliğ edilməsinə oynadığı rola görə minnətdarlığını bildirmişdir. O, 28 may günün Azərbaycan xalqı üçün ilk respublikanın yaranması ilə əlamətdar olduğunu qeyd etməklə yanaşı, müasir Azərbaycan dövlətçiliyinin, əsası hələ 1918-1920-ci illərdə qoyulmuş ideyalar üzərinə kökləndiyini bildirmişdir. N.Baxışov 1991-ci ildə müstəqilliyimizin yenidın əldə edilməsinə baxmayaraq, ölkə ərazisinin 20%-nin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edidiyini və 1 mln-a yaxın azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu qeyd etmişdir.
 

Vurğulanmışdır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin, eləcə də ölkə rəhbərliyi tərəfindən yürüdülən strategiya nəticəsində Azərbaycan regionda ən müstəqil dövlətə çevrilmişdir.
 

Tədbir yerli amerikalı uşaqların Səməd Vurğunun Azərbaycan şerinin ingilis dilində ifası ilə davam etmişdir.