KXCP-Milli Şura münasibətləri gərginləşdi
Day.Az представляет новость на азербайджанском языке.

Xəzər Teyyublu: "Milli Şuranın tərkibinin bu cür genişləndirilməsinə ehtiyac yoxdur".

Milli Şuranın ötən həftənin sonunda keçirilən sessiyasına KXCP sədri Mirmahmud Mirəlioğlu və müavinlərinin qatılmamasına KXCP rəhbərliyi ilə Milli Şura arasında problemlərin səbəb olduğu haqda yazdıqlarımız təsdiqini tapıb. Məlum olub ki, KXCP rəhbərliyi Milli Şuranın sözügedən sessiyasında quruma AXCP-yə yaxın bir qrup şəxsin üzv qəbul ediləcəyini əvvəldən bilib və buna etiraz olaraq sessiyaya qatılmayıb. Dünən isə KXCP-nin Milli Şuradan tam tərkibdə çıxdığı haqda informasiya yayılıb.

Xəbəri dəqiqləşdirmək üçün KXCP sədrinin müavini Xəzər Teyyublu ilə əlaqə saxladıq. X.Teyyublu yeni üzvlərin qəbulu ilə bağlı etirazlarının olduğunu təsdiqləsə də, Milli Şuradan çıxdıqları barədə xəbərin yanlış olduğunu dedi. Sədr müavini qeyd etdi ki, Milli Şuranın son qərarından narazıdırlar və yeni üzvlərin quruma qəbul olunmasına etiraz edirlər: "Xatırlayırsınızsa, mayın 3-də KXCP-nin qərargahında keçirilən sessiyada Milli Şuranın genişləndirilməsi adı altında yeni üzvlər təqdim olundu. Biz o üzvlərin hamısına etiraz etmədik. Onların arasında bir-iki ziyalı və tanınmış şəxs var idi. Biz təklif etdik ki, yeni üzvlər Milli Şuraya daxil olan partiyalardan heç birinin üzvü olmasın. Bitərəf şəxslər olsun. O zaman AXCP tərəfindən təqdim edilən siyahıya etiraz etmişdik. Etirazımızdan sonra məsələ gündəlikdən çıxarıldı. Biz bildirmişdik ki, əgər Milli Şuranın tərkibi qurumda olan partiyaların üzvləri hesabına genişlənəcəksə, bunu genişlənmə adlandırmaq olmaz. Çünki Milli Şura daha geniş anlam daşıyır. Təəssüf ki, bu məsələ sanki heç müzakirə edilməmiş kimi yenidən sentyabrın 14-də keçirilən sessiyanın gündəliyinə daxil edilib. Yeni qəbul olunan üzvlər də Əli Kərimlinin rəhbərlik etdiyi qurumlara daxil olan şəxslərdir. Biz bu məsələdə Milli Şuraya uğurlar arzu edirik. Milli Şuranın tərkibinin bu cür genişləndirilməsinə ehtiyac yoxdur. Partiya üzvlərinin artırılması Milli Şurada daxili mübarizəyə səbəb olacaq. Biz mayın 3-də keçirilən sessiyada buna etiraz etmişdik, bu gün də etiraz edirik".

X.Teyyublu KXCP-nin bundan sonra Milli Şuradakı fəaliyyəti ilə bağlı yaxın günlərdə qərar verəcəklərini söylədi: "Dediyim kimi, bu məsələ partiyamız tərəfindən etirazla qarşılanıb. Biz bu məsələni çox ciddi şəkildə müzakirə edəcəyik. Milli Şurada qalıb-qalmamaq məsələsi müzakirələr nəticəsində bəlli olacaq. Bu gün üçün Milli Şuranın üzvü olaraq qalırıq. Milli Şura ölkədə bir müxalif düşərgə olmalıdır. Müxalifət düşərgəsində iki qütbün olması xoş hal deyil".

Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı isə virtualaz.org saytına açıqlamasında səslənən etiraz və narazılıqlara baxmayaraq, Milli Şuraya yeni üzvlərin qəbul ediləcəyini deyib: "Milli Şuraya yeni üzvlərin qəbul edilməməsi qurumun dinamizmini aşağı salır. Əgər Milli Şuraya qoşulmaq istəyənlər varsa, buna imkan yaradılmalıdır. Qurumun əsasnaməsinə uyğun olaraq yeni üzvlər qəbul edilir. Bu prosesə start verildikdən sonra bunu dayandırmaq da düzgün olmaz. Yeni üzvlərin qəbul edilməsi ilə bağlı problem yaranarkən bunun həlli məsələsi Cəmil Həsənliyə həvalə edilmişdi. Bildiyim qədəri ilə də bu istiqamətdə danışıqlar aparıldı. Yeni üzvlərin qəbul edilməsinə etiraz etmək olmaz".

R.Manaflının mövqeyi onu deməyə əsas verir ki, KXCP-nin nə deməsindən asılı olmayaraq, yeni üzvlərin qəbulu əvvəlki şəkildə davam etdiriləcək. Bu isə KXCP ilə münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, sentyabrın 14-də keçirilən sessiyada Milli Şuraya Məlahət Nəsibova (Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi və jurnalist), Qənimət Zahid ("Azadlıq" qəzetinin baş redaktoru), Fəxrəddin Mehdiyev (vəkil), Vahid Məhərrəmov (iqtisadçı), Məhəmməd Talıblı (iqtisadçı), Yalçın Qəhrəmanov (Ukraynada diaspor fəalı), Araz Gündüz (yazıçı-tərcüməçi) və İsa Sadıqov (Azərbaycan ordusunun keçmiş zabiti, polkovnik) üzv qəbul ediliblər. KXCP bu şəxslərin əksəriyyətinin AXCP-yə bağlı olduğunu bəyan edib.

"Yeni Müsavat"