Görkəmli şərqşünas Aida İmanquliyevanın Azərbaycan elminin inkişafında rolu

Day.Az представляет статью на азербайджанском языке.


Görkəmli şərqşünas alim Aida İmanquliyeva XX əsrdə Azərbaycan ərəbşünaslıq elminin əsas istiqamətlərinin müəyyən olunmasında, ərəb ədəbiyyatının müxtəlif problemləri və ayrı-ayrı mütəfəkkir ərəb yazıçılarının yaradıcılığının öyrənilməsində xüsusi xidmətləri ilə seçilir. Böyük tədqiqatçının fəaliyyətində üç əsas sahəni ayırd etmək mümkündür.

İlk növbədə Aida xanımın Azərbaycan şərqşünaslığı tarixində ilk qadın alimlərdən biri, bu sahədə doktorluq dissertasiyası müdafiə edən birinci xanım tədqiqatçı kimi fəaliyyəti diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, ərəbşünas alimin araşdırdığı problemin - ərəb mühacirət ədəbiyyatı mövzusunun elmi tematikası zəngin və mürəkkəb olmaqla yanaşı, yeni və tədqiq olunmamış bir istiqamət idi.

Aida İmanquliyevanın tədqiqatlarının əsas hissəsinin, monoqrafiya və məqalələrinin böyük bir qisminin həsr olunduğu ərəb mühacirət ədəbiyyatının araşdırılmasının başlıca əhəmiyyətini şərqşünas alim özü çox düzgün olaraq şərh etmişdir. Tədqiqatçıya görə, "VIII-XII əsrlərdə çiçəklənmə mərhələsini yaşayaraq intibah dövrünün mədəni yüksəlişinə öz əhəmiyyətli töhfəsini verən" ərəb mədəniyyəti XIX əsrin sonu - XX əsrin əvvəllərində məhcər ədəbiyyatının formalaşması, bu ədəbi istiqamətin yüksək fəaliyyəti ilə bir daha xüsusi zirvə fəth etmişdir.

Müəyyən zaman daxilində ABŞ-da fəaliyyət göstərən, milli ədəbiyyatı, eləcə də Şərqin çoxəsrlik inkişaf tarixinə malik ədəbi ənənələri, dini-fəlsəfi dünyagörüşü, icimai-siyasi fikirlərini dünya mədəniyyətinin müxtəlif analoji düşüncə sferası ilə vəhdətdə ifadə edən ərəb mütəfəkkir yazıçılarının - Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gətirmişdir.

Ərəb mühacirət ədəbiyyatının öyrənilməsi bədii ədəbiyyatın xüsusi forması olan, milli ədəbiyyatın dünya mədəniyyətinə inteqrasiyasında optimal və intensiv ədəbi şəraitin əsas göstəricisi kimi çıxış edən mühacirət ədəbiyyatı nəzəriyyəsinin aydınlaşdırılmasına gətirib çıxarır. Dünya elmində oriyentalizm konsepsiyasının ən məşhur nəzəriyyəçilərindən biri olan Edvard Said Qərb mədəniyyətini bir çox sahələrdə sürgün edilənlərin, mühacirlərin, qaçqınların yaradıcılıq məhsulu hesab edir. Bu kontekstdən yanaşdıqda ABŞ-dakı ərəb ədəbiyyatını da sırf milli ədəbiyyatın mühacirətdəki fəaliyyət qrupu kimi səciyyələndirmək olmaz. Ərəb ədiblərinin ingilisdilli fəaliyyəti onların milli ədəbiyyatın sərhədlərini aşmağa, təkcə mövzu, forma, ədəbi ənənələr deyil, dil göstəricisi baxımından da ərəb-Amerika yazıçıları kimi qəbul olunmalarına yol açdı. Mixail Nüaymə Cübran Xəlil Cübranın ingilisdilli ilk kitabı olan "The Madman" - "Dəli" kitabını dəyərləndirərkən mühacir yazıçının ikidilli yaradıcılıq fəaliyyətinin məhz mədəniyyətləri qovuşdurmaq arzusundan qaynaqlandığını ifadə edirdi: "O bilirdi ki, ruhunda rəssam və şair əkizdir. O, amerikalılara poeziyasını yox, rəssamlığını gətirmişdir, dili bir qardaşlarına isə rəssamlığını yox, poeziyasını qoymuşdur. Nə ərəblər təsviri incəsənəti anlamadıqları üçün onun rəssamlığından bir şey başa düşürdülər, nə də amerikalılar ərəb dilini bilmədikləri üçün onun poeziyasından bir şey dərk edirdilər. Deməli, əgər o, iki şeyi birləşdirmək istəyirdisə, ingiliscə yazmalı idi. Bu onun çoxdankı arzusu idi".

"Mən iki dünyanın vətəndaşıyam - Kainatın vətəndaşıyam" deyən Əmin ər-Reyhani də ikidilli yaradıcılıq prosesini ədəbi düşüncənin qlobal həllində ən önəmli vasitələrdən sayırdı. Əgər müasir dövrümüzdə "ingilis dili sanki öz milli mənsubiyyətini itirir, qloballaşmanın həqiqi dili, müasir dünyanın "linqua-fransa"sı" kimi dəyərləndirilirsə, bu təlimin ədəbiyyatdakı təzahürlərini daha öncəki dövrlərdə müşahidə edir, məhcər ərəb yazıçılarının bədii irsində görürük. Burada artıq Şərq düşüncəsi Qərb dilində danışırsa, o, milli ədəbiyyatın dünya ədəbiyyatına birbaşa inteqrasiyası, dünyanın ədəbi-bədii yaradıcılıq sferasında qəbulolunma faktı, ən başlıcası isə, ədəbi dəyərlərin vəhdəti, fərqli dünyagörüşlərin sintezi kimi meydana çıxır. Bu baxımdan da ərəbşünas alim A.İmanquliyeva çox haqlı bir nəticəyə gəlir ki, "ərəb məhcər ədəbiyyatının bütün ərəb ədəbiyyatının inkişafı tarixində kiçik epizod olmasına baxmayaraq, "Suriya-Amerika məktəbi"nin yazıçıları həm ərəb Şərqində, həm də Qərbdə çox geniş şöhrət qazanmışlar və onların yaradıcılığını nəzərə almadan yeni ərəb ədəbiyyatının inkişafının tam və dolğun mənzərəsini təsəvvürə gətirmək qeyri-mümkündür".

Aida İmanquliyevanın tədqiqatları müqayisəli ədəbiyyatşünaslığın mühüm məsələlərinin araşdırılması, ərəb yazıçılarının yaradıcılıq nümunəsində Şərq və Qərb ölkələri ədəbiyyatlarının ortaq, uyğun və fərqli problemlərinin öyrənilməsi, qarşılıqlı və birtərəfli təsir nəzəriyyəsinin şərhini qarşıya qoyur. Ərəbşünas alim yazır: "Bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər". Həqiqətən də Ə.ər-Reyhani və C.X.Cübranın yaradıcılığında ingilis romantikləri və Amerika transsendentalizmi, M.Nüaymənin ədəbi-fəlsəfi irsində rus realizmi və nəzəri-estetik fikri ilə səsləşən məqamlar dünya ədəbiyyatının böyük bir sahəsinə kompleks şəkildə yanaşmaq, müqayisəli araşdırmalar aparmaq zəruriyyətini doğurur. İslam və xristian dini, sufizm və Qərb fəlsəfəsi, qədim hind mədəniyyəti və digər möhtəşəm mənbələrdən qaynaqlanan mövzu və ideyaları da nəzərə alsaq, ərəb yazıçılarının yaradıcılıq sferası və Aida İmanquliyevanın tədqiqatçılıq fəaliyyətinin sərhədlərini təsəvvür edə bilərik.

Bütövlükdə ərəbşünas alimin müqayisəli ədəbiyyatşünaslıq sferasında tədqiq etdiyi ədəbi nümunələr üç əsas problem ətrafında ümumiləşdirilmişdir: Birinci, mühacir yazıçıların yaradıcılığında Şərq və Qərb mədəniyyətinə baxış məsələsi alimin diqqət mərkəzində olmuşdur. Aida İmanquliyeva yazır: "C.X.Cübran, Ə.ər-Reyhani və M.Nüaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimsəmiş, onların dəyərlərini ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər".

Şərq və Qərb ölkələri arasındakı mədəni əlaqələrin tarixi nə qədər qədim olsa da, Şərq və Qərb problemi öz konseptual həllini son əsrlərin ədəbi-fəlsəfi və ictimai fikrində tapmış, XIX əsrin II yarısından sonra, xüsusilə sonlarına doğru qlobal düşüncənin aktual mövzularından birinə çevrilmişdir. Ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndələri də Şərq-Qərb probleminə bədii düşüncə və mövzu çərçivəsində yanaşan ədiblərdən fərqli olaraq, sistemli konsepsiya irəli sürmüş, prinsipial məqamları ortaya çıxarmışlar. Qərb ədəbiyyatında V.Şekspir, K.Marlo, B.Conson, D.Milton, V.Vordsvort, T.Mur, C.Q.Bayron, P.B.Şelli, V.Skott və b., ərəb ədəbiyyatında Q.Əmin, Ə.İshaq, M.Teymur və digərlərinin Şərq və Qərb mədəniyyətlərinin müqayisəli təqdimi ilə bağlı fikirlərindən daha ön plana keçərək məhcər yazıçılar problemini nəzəri təlim səviyyəsinə yüksəltdilər. Ərəb tədqiqatçısı Əmin Albert Reyhani mövzu ilə bağlı məhcər yazıçılardan biri haqqında çox haqlı olaraq yazır: "Ər-Reyhani istəyirdi ki, Şərq və Qərb arasındakı müzakirələr siyasətdən əxlaqa, etnik maraqlardan insan dəyərlərinə aid müzakirələrə çevrilsin". Ə.ər-Reyhani ingilis dilində yazdığı "The Book of Khalid" - "Xalidin kitabı" əsərində "Şərqin ürəyi və Qərbin ağlına sahib həqiqi xilaskarın" azadlıq və demokratiyaya əsaslanan ərəb imperiyası yaradacağına inanırdı. "The White Way and Desert" - "Ağ yol və Səhra" əsərində Şərq və Qərbi nəzərdə tutaraq "biz kifayət qədər dərinə və kifayət qədər yüksəyə gedəndə görüşürük" deyən ər-Reyhani mədəniyyətlərin birliyini vacib amil kimi dəyərləndirirdi.

Aida xanımın tədqiqatlarında müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri çərçivəsində araşdırılan ikinci problem romantizmlə bağlıdır. Ərəb yazıçılarının yaradıcılıq metodlarından bəhs edərkən şərqşünas alim yazır: "Suriya-Amerika məktəbi"nin təcrübəsində Qərb və Şərq ənənələrinin sintezi problemi, bu məktəbin nümayəndələri tərəfindən Qərbi Avropa və Amerika romantizminin və rus tənqidi realizminin mənimsənilməsinin özünəməxsus xüsusiyyətləri problemi, onların əsərlərində yaradıcı metodun təkamülü problemi meydana çıxır".

İnsan şəxsiyyətinə böyük önəm vermək, cəmiyyət və təbiətə maddi və mənəvi tərəflərdən yanaşmaq, həqiqət, xeyir və gözəlliyin vəhdəti, klassik ədəbi irsə münasibət, vətən və millət haqqında düşüncələr, humanizm ideyaları, şair təxəyyülünə xüsusi yer verilməsi, poeziya və sənət məsələləri, təbiət və sivilizasiya və digər mövzuları ilə ədəbiyyata yol açan romantizm mühacir ərəb yazıçılarının yaradıcılığında da aparıcı yer tutur. Əmin ər-Reyhani maarifçilik, Cübran Xəlil Cübran sentimentalizm, Mixail Nüaymə realizmin xüsusiyyətlərini müəyyən mərhələdə öz əsərlərində ifadə etsələr də, romantizm hər üç müəllif üçün xarakterik olmuşdur.

Ə.ər-Reyhaniyə həsr etdiyi tədqiqatlarda əsas problemlərdən biri kimi "sənətkar Əmin ər-Reyhani Qərb, xüsusilə də Amerika romantizmini hansı dərəcədə qəbul edib və romantizmin ideya və konsepsiyaları onun yaradıcılığında hansı inkişaf səviyyəsinə çatıb" məsələsini irəli sürən görkəmli şərqşünas ərəb yazıçısının yaradıcılığını R.U.Emerson, U.Uitmen, H.Toro kimi Amerika transsendentalizminin görkəmli nümayəndələrinin əsərləri ilə müqayisəli tədqiqat prosesində öyrənmişdir.

Amerika romantizminin xüsusi mərhələsi olan transsendentalizmin idealizm və sosial fəallıq kimi iki mühüm cəhəti Əmin ər-Reyhaninin "Xalidin kitabı" əsəri üçün də çox səciyyəvidir. Amerika transsendentalistləri fəlsəfi baza kimi alman idealist fəlsəfəsindən bəhrələnmişdilər ki, həmin fəlsəfi sistem, eləcə də Avropa idealist düşüncəsinin əsasında bir tərəfdən də zəngin tarixə malik Şərq idealizmi, hind fəlsəfəsi, brəhmənizm ideyaları dayanırdı. Amerika transsendentalizminə mənsub şairlərin mövzu baxımından da Şərqə meyil etmələri, Şərq ədəbiyyatına xüsusi maraq göstərmələri Əmin ər-Reyhaninin Qərb ədəbiyyatının məhz bu istiqamətinə meylinin əsasında dayanan faktlardandır. Ərəb yazıçısı inikas üsulu kimi, sözsüz ki, Şərq ədəbiyyatında daha qədim və zəngin ənənələri olan romantizmə Amerika transsendentalizminin ideyaları əsasında yeni ruh və orijinal sintez gətirmişdir. Buna görə də "güclü dalğa çimərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevrilir. Dünyanın böyük mütəfəkkirləri də belə edir" deyən Xalid Əmin ər-Reyhaninin Amerika transsendentalizmi ilə səsləşən fikirlərini göstərməklə yanaşı, milli ədəbiyyatın ənənələrini də ehtiva edir.

Aida İmanquliyeva C.X.Cübranın romantizmindən bəhs edərkən, haqlı olaraq, "XX əsrin 10-cu illərinin sonu - 20-ci illərinin əvvəllərində Cübranın yaradıcılığında romantizm əsas metod kimi öz təsdiqini tapır", - deyə qeyd etmişdir. Araşdırmalar göstərir ki, bu dövrdə və daha sonrakı mərhələlərdə yazılmış ingilisdilli "Dəli", "Müjdəçi", "Peyğəmbər" və digər kitablarında C.X.Cübranın romantik yaradıcılığı daha da zənginləşmişdir.

C.X.Cübranın yaradıcılığına öz təsirini göstərən Qərb şairləri arasında XIX əsr ingilis şairi V.Bleyk, "Göl məktəbi" nümayəndələri - S.T.Kolric, V.Vordsvort və Amerika transsendentalistləri daha çox diqqəti cəlb edir. "Sizin ideyalarınız iudaizm, brəhmənizm, buddizm, xristianlıq və islamı müdafiə edir. Mənim fikrimdə yalnız bir yeganə universal din var" deyən Cübranın fikirlərindən də göründüyü kimi, Qərbin ədəbi-fəlsəfi ideyaları Şərqin sufi dünyagörüşü zəminində ifadə olunmuşdur.

Müqayisəli ədəbiyyatşünaslığın nəzəri problemləri sistemində Aida İmanquliyevanın tədqiqatlarında araşdırılan üçüncü məsələ realizm ilə bağlıdır. Ərəbşünas alim M.Nüayməni ərəb ədəbiyyatı tarixində realist hekayənin məşhur nümayəndələrindən biri kimi dəyərləndirərək yazır: "M.Nüaymənin hekayələrinin əsas məziyyəti də onların məhz real həyatı əks etdirməsidir".

Bütövlükdə XIX əsrin ortalarından etibarən inkişaf edən yeni ərəb ədəbiyyatında realist istiqamətin inkişafı hekayə və novella janrlarının yeni yaradıcılıq metodunun keyfiyyətləri çərçivəsində formalaşması üçün də zəmin yaratmışdır. Şərq ədəbiyyatında XIX əsr və XX əsrin əvvəllərində realizmin formalaşması prosesi başa çatmışdır. Mühacirət ədəbiyyatı ərəb bədii yaradıcılığında realizmin inkişafında əhəmiyyətli rol oynamışdır. İlk realistlərdən biri kimi qiymətləndirilən M.Nüaymə bu sahədə realist rus yazıçısı A.P.Çexov, maarifçi-realist İ.S.Turgenev və mütəfəkkir ədib L.N.Tolstoyun yaradıcılıq keyfiyyətlərindən də orijinal şəkildə bəhrələnmişdir. M.Nüaymənin L.N.Tolstoy ideyaları ilə səsləşən "Mirdadın kitabı", "Ərqəşin xatirələri", "Sonuncu gün" kimi əsərlərinin romantizmlə daha çox bağlı olduğunu qeyd etməklə, hekayə və novellalarında A.P.Çexov ənənələri, "Atalar və oğullar" pyesində isə İ.S.Turgenevin görüşləri ilə səsləşən realist xüsusiyyətlərin üstünlük təşkil etdiyini söyləmək lazımdır. Bununla belə, M.Nüaymənin kiçik nəsr janrlarında yazdığı əsərlərdə milli ədəbiyyatın ənənələri başlıca yer tuturdu. Aida İmanquliyeva da həmin məqamlara xüsusi önəm verir, yazıçını "orijinal və özünəməxsus sənətkar" kimi səciyyələndirirdi: "Nüaymənin bütün hekayələri ərəb gerçəkliyinin səciyyəvi xüsusiyyətlərini əks etdirir. Onun novellaları yalnız süjet və məzmununa görə deyil, həm də öz ruhuna görə millidir".

Görkəmli alimin araşdırmalarında ön planda olan mühüm məsələlərdən biri tədqiq etdiyi yazıçıların yaradıcılığında qadın mövzusuna xüsusi həssaslıqla yanaşması ilə bağlıdır. Tədqiqatçının yaradıcılığını araşdırdığı C.X.Cubran, Ə.ər-Reyhani, M.Nüaymənin əsərlərində Şərq qadınının cəmiyyətdəki rolu, islam dini və qadın kimi çox mühüm problemlər öz əksini tapmışdır.

XIX əsrin sonları, XX əsrin əvvəllərində ərəb ədəbiyyatında çoxişlənən mövzulardan biri də qadın problemi ilə bağlı idi. Mövzunun sözügedən mərhələdə xüsusi aktuallıq kəsb etməsinə İslam modernizmi hərəkatı da çox böyük təsir göstərmişdir. Ərəb ölkələrində qadınların əsarəti və hüquqsuzluğu islam dininin insanların bərabərliyi ideyasına zidd idi. İslam modernizminin güclü təkan verdiyi maarifçi ədəbiyyat da islamın mütərəqqi ideyaları vasitəsilə həmin mövqeyi əsaslandırmağa çalışırdı. Müsəlman cəmiyyətində qadınların sosial və mənəvi əsarəti tendensiyasına, qadın problemlərini dinlə bağlamaq cəhdlərinə ən tutarlı cavab elə müqəddəs "Quran"ın qadına münasibətinin şərhində öz əksini tapırdı. Müsəlman cəmiyyətində qadının statusu məsələsindən ilk dəfə bəhs edən Butrus əl-Bustaninin "Talim ən-Nisa" - "Qadınların təlimi" (1849) əsərindən sonra əl-Kəvakibi, Q.Əmin kimi maarifçi ziyalılar da qadın probleminə geniş yer ayırmışlar.

Qadın mövzusu mühacir yazıçılar üçün də çox xarakterik idi. Məhcər ədiblər millətin inkişafında qadınların emansipasiyası problemini həlledici amillərdən hesab edirdilər. C.X.Cübranın hələ 12 yaşı olarkən anası ilə etdiyi kiçik söhbət qadınların Şərq dünyasındakı vəziyyətini əks etdirir, onların maariflənmək arzularını ifadə edirdi:

"Anam dedi: "Əgər sən dünyaya gəlməsəydin, mələk olardın".

Mən cavab verdim: "Mən hələ də mələyəm!"

O güldü və soruşdu: "Bəs sənin qanadların hanı?"

Mən onun əllərini çiynimə qoyub dedim: "Mənim qanadlarım bunlardır".

O, cavab verdi: "Lakin onlar qırıqdır".

"Qırılmış qanadlar" ifadəsini Cübran 17 il sonra yazdığı, qadınların ailə və cəmiyyətdəki roluna, sevgi və nikah məsələlərinə həsr etdiyi povestinə vermişdir. Əsəri geniş şəkildə araşdıran Aida İmanquliyeva povestdə qadın azadlığı mövzusunun sadəcə bir qadının şəxsi dramı çərçivəsindən çıxaraq, özünün daha geniş şərhini tapdığını qeyd etmişdir.

Əsərin qəhrəmanı Səlmanın dilindən "mən kənizəm, atamın var-dövləti məni bazara gətirdi və mən bir kişiyə satıldım" deyən Cübran "Hanili Varda", "Gəlin yatağı", "Banlı Marta" və digər hekayələrində də qadın problemini əks etdirmişdir ki, bütün bunlar ərəbşünas alimin tədqiqatlarında geniş şəkildə öz əksini tapmışdır.

Nəzərdən keçirdiyimiz cəhətlər Əmin ər-Reyhaninin yaradıcılığı üçün də xarakterik idi. Aida xanım öz tədqiqatlarında ədibin əsərlərindəki qadın mövzusuna da geniş yer vermişdir. Ərəbşünas alimin fikrincə, müəllif qadının emansipasiyası mövzusunu ilk dəfə 1910-cu ildə yazdığı "Nohur zanbağı" povestində işləsə də, mövzu daha əsaslı şəkildə "Hərəmxana divarlarından kənarda, yaxud Cihan" (1917) povestində qoyulmuşdur. Şərqin ziyalı xanımlarının ümumiləşdirilmiş obrazı kimi təqdim olunan Cihan özü türk qızı olsa da, bütün müsəlman qadınlarının azadlıq düşüncələrini səsləndirir: "...Sanki bu ilahə Cihanı yalanlara qarşı deyil, öz nəslini cəhalət və kişilərin zülmünə qarşı mübarizəyə təhrik edirdi: Kaş ki azadlığın ilahi küləyi Cihanın bacılarını - türk analarını, bütün Osmanlı millətlərini, bütün müsəlmanları oyadaydı!"

Aida İmanquliyevanın Azərbaycanın ictimai-mədəni həyatında reallaşdırdığı elmi-təşkilati fəaliyyəti də böyük əhəmiyyətə malik olmuşdur. Bir tərəfdən alim Moskva, Sankt-Peterburq, Kiyev, Poltava, Hamburq, Halle kimi dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan elmini təmsil etmişdir. Digər tərəfdən isə, AEA-nın Şərqşünaslıq İnstitutunda şöbə müdiri, direktor müavini və direktoru kimi mühüm təşkilati işləri reallaşdırmışdır.

Bütün qeyd olunan məsələlər görkəmli şərqşünas alim Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığının inkişafındakı mühüm rolunu göstərir, cəmiyyətimizin elmi mühiti və mədəni həyatındakı yüksək fəaliyyətindən xəbər verir.

Bəsirə ƏZİZƏLİYEVA,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

"Azərbaycan"