Ermənistan: Oğru iqtidarın büdcəsi və ya xalqı qarət etməyin qanuniləşdirilməsi

Day.Az представляет статью на азербайджанском языке.

"Liska" ləqəbi ilə tanınan Suren Xaçatryan Ermənistanın Sünik vilayətinin administrasiyasının rəhbəridir. Bu adam yenidən həmin vəzifəsinə təyin olundu və Yerevandakı rejim cəmiyyətin etirazlarına, vətəndaşların hiddətlərinə fikir verməyərək istədiyini etdi.


Halbuki, "Liska" ləyaqətsiz, şərəfsiz, qəddar bir cinayətkardır. Müxtəlif cinayətlərinə görə 6 dəfə məhkum olunmuş adam indi Ermənistan prezidenti Serj Sarkisyanın "yerli dayaq"larından biridir. Daha konkret olsaq, bütün seçkilər zamanı Sünik vilayətində səslər hakimiyyətin namizədlərinin xeyrinə saxtalaşdırılır. Bundan başqa, "Liska" Ermənistan prezidenti S.Sarkisyanın qardaşı Aleksandr ("Saşik") Sarkisyanın əlaltısı olduğundan Yerevan iqtidarında yetərincə dəstək alan fiqur kimi çalışır.


Ona görə də ermənilərin kütləvi narazılıqları "camaat" adlanan toplumun "Liska"nın təyinatına etirazı, bu adamın həbsini istəyənlərin çağırışları kimsəyə gərək olmayan ünsürlər kimi qələmə verilir.


Serj Sarkisyan üçün Suren Xaçatryan, yəni "Liska" gərəkli adamdır və Yerevan rejimi məhz belə mənəviyyatsızların fəaliyyətinə söykənir.


Bunu ermənilər deyirlər və onu da vurğulayırlar ki, ölkə prezidenti üçün "Liska" lazımlı kadr sayılırsa, deməli, paytaxtla yanaşı, əyalətlərdəki məmurların fəaliyyət prinsipləri ilə mənəviyyatlarını araşdırmağa heç bir lüzum qalmır.


Serj Sarkisyanın vətəndaşlara "Cəhənnəm olun, səsinizi kəsin!" mesajını üstüörtülü şəkildə də olsa, verməsi adekvat cəmiyyətdə ən azı inqilabi situasiya yaradardı.


Yaratmadı və hər şey öz axarı ilə davam etdi.


İndisə Ermənistanın 2015-ci il üçün dövlət büdcəsinin layihəsi parlamentdə müzakirə olunub.


Əhalinin 35 faizinin yoxsulluq həddindən aşağı yaşadığı ölkədə dövlət büdcəsinin müzakirəsi apriori, cəmiyyətin gündəmindəki ən önəmli məsələ olmalıydı. Ümumiyyətlə, sivil ölkələrdə dövlət büdcəsi ilin ən mühüm hadisəsi sayılır və onun parlamentdə müzakirəsi ilə qəbulu da olduqca önəmli olaydır.


Amma Ermənistanda yox.


Çünki Ermənistanın siyasi sistemi anormallaşmaqla yanaşı, normal hərəkət istiqamətindən yayınıb. Hakimiyyət isə insanları konkret siyasi məsuliyyətdən yayındırmaq, müxalifətin fəaliyyətini xaosa sürükləmək üçün əlindən gələni edir.


Dövlət büdcəsi ilə bağlı başqa problem isə odur ki, bu sənədin parlamentdəki müzakirələrində iştirak edən siyasi qüvvələr, xüsusilə də müxalifəti təmsil etdiklərini vurğulayan millət vəkilləri vətəndaşların maraqlarını təmin etmək, cəmiyyətin mənafeyini düşünmək əvəzinə iqtidarla kuluar sövdələşmələri aparır.


Kütlə də narazılığını izhar etmək əvəzinə hakimiyyət-vətəndaş müstəvisindəki siyasi alveri müşahidə edir, laqeydliyinin yaratdığı fəsadları anlamır və ya anlamaq istəmir.


Gələk Ermənistan büdcəsinə.


2015-ci il üçün nəzərdə tutulmuş büdcənin gəlir hissəsi 1 trilyon 184,5 milyard dram, xərclər hissəsi isə 1 trilyon 298,6 milyard dram təşkil edr. Kəsir 114,1 milyard dramdır.


Müqayisə üçün deyək ki, 2014-cü ilin dünya büdcəsində gəlir hissəsi 1 trilyon 168,9 milyard dram, xərclər - 1 trilyon 284,5 milyard dram, kəsir isə 115,6 milyard dram idi.


Sonuc nədir?

Əvvəla, ötən illə müqayisədə büdcənin göstəriciləri az da olsa, 14-15 milyon dram səviyyəsində artıb.


Ermənistanın baş naziri Ovik Abramyan gələn ildə 4,1 faizlik iqtisadi artımın və yüksəlişin olacağını vəd edib. Ölkə iqtisadiyyatının mövcud vəziyyətini nəzərə alsaq, O.Abramyanın hökuməti ya belə iqtisadi inkişafa inanmır, ya da Rusiyadan alınan pullar hesabına 2015-ci ildə iqtisadi inkişafın artacağına ümid edir.


Puç ümidlərdir: Ukrayna hadisələri ilə bağlı olaraq Qərbin Moskvaya tətbiq etdiyi sankisiyalar nəticəsində Rusiyada iqtisadi geriləmə olduğundan şimala güvənərək hansısa iqtisadi irəliləyişə bel bağlamaq illüziyalardan artıq heç nə deyil.


Amma Ovik Abramyanı da tam idiot saymaq olmaz. O, sözlərinin fərqindədir və nə dediyini də bilir. Hər halda ümid var.


Sadəcə, Ermənistanın baş naziri büdcə gəlirlərinin artımından bəhs edəndə sənaye istehsalının artımı və ya ümumdaxili məhsul səviyyəsinin yüksəlişini yox, "kölgə" iqtisadiyyatından əldə ediləcək pulların məbləğinin çoxaldılacığını ehtiva edir.


İqtisadiyyatın bütünlüklə süni inhisarların nəzarətində olduğu şəraitdə həmin pullar kiçik və orta sahiblkarlara məmur təzyiqlərinin intensivləşməsi hesabına əldə olunasıdır.


Normal dövlətlər üçün fəsadlı, yanlış yanaşma olsa da, Ermənistan üçün az qala adi situasiyadır. Büdcəni belə formalaşdırmağa çalışmaq, büdcəni məqsədə çevirmək əvəzinə iqtisadi göstəricilərin riskini azaltmaq, biznesə vergilərin və büdcəni təzyiqini aşağı salmaq gərəkdi.


Ermənistan iqtisadiyyatı iflic durumda olduğundan kiçik və orta sahibkarlığa vergi təzyiqlərinin intensivliyinin azaldılmasına da kəskin ehtiyac duyulur. Digər tərəfdən, "kölgə iqtisadiyyatı" hesabına ödənişlərin artırılmasına cəhdlər edilirsə belə, büdcə vaxt keçdikcə kiçik və orta sahibkarlığa pressinqə çevriləcək.


Göründüyü kimi, Yerevandakı rejim sahibkarlara mesaj verərək onlara "hami"lik təklif edir və aşkar şəkildə eyham vurur ki, məmurların kontrolunda olmayacaq biznes strukturlarını ağır günlər gözləyir.


Baş naziri Ovik Abramyanın fəaliyyətinin son aylardakı vəziyyəti də vergi yığımları prosesinin bərbad olduğuna dəlalət edir.


İqtisadiyyata və maliyyə sisteminə iqtidar mənsublarının təzyiqi fasiləsiz artır, məmurların iştahları və tamahları sərhəd tanımır.


Ovik Abramyan baş nazir postunda fiaskoya uğrayıb. 2015-ci ilin büdcəsi də bəlli ki, məmur nəzarətinə keçməmiş biznes obyektləri üçün olduqca ağır sınağa çevriləcək. Hakimiyyət mənsublarına məsxus biznes vahidləri isə bundan sonra da büdcə vəsaitini mənimsəməyə davam edəcək, pulları "yeyəcək" və sonucda prezident Serj Sarkisyanın ətrafındakı adamların inhisarları daha da böyüyəcək.


Gəlirləri artacaq adamlar arasında özlərini "müxalifət lideri" kimi təqdim edənlər də var. Məsələn, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan "Şimal-Cənub" avtomobil yolu layihəsi ilə bağlı tenderlərdə "qalib" gəlib və 2015-ci ildə də onun oğurlayacağı pulların məbləği artacaq. Axı həmin layihənin sementlə təminatı ÇEP liderinin zavodlarına həvalə olunub.


Ermənistanın dövlət büdcəsinin formalaşması, müzakirəsi və təsdiqi sakit, emosiyalarsız davam etdiyindən hadisələrin iqtidarın tam nəzarətində olduğu şübhə doğurmur.

Elçin Alıoğlu