Ermənistan: Axsaq ördək hakimiyyətdən getmək istəmir

Day.Az представляет новость на азербайджанском языке.

Ermənistanda sosial müavinət alan ailələrin sayı artıq 130 minə çatıb.


Yoxsulluğun ifrat həddinə yuvarlanmaqda olan bu ailələrin hər birinə orta hesabla 31350 dram, yəni təqribən 76 dollar aylıq müavinət verilir.


Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Anuş Danielyanın sözlərinə görə, məqsəd ölkədə yoxsul ailələrə yardım etməklə vətəndaşların maddi rifah səviyyəsini yüksəltməkdir.


Onun sözlərinə görə, təxminən 8500 ailə də hər ay 17 min dram məbləğində təxirəsalınmaz maddi yardımlar alır.


Göründüyü kimi, nazirlik mənsubu hakimiyyətin xalqa qayğısını göstərmək üçün belə statistikanı açıqlayır və öz aləmində sosial proqramların uğurla reallaşdığını göstərməyə çalışır.


Olsun, istəklər müxtəlifdir.


Əhalisinin sayına görə Cənubi Qafqazın ən kiçik ölkəsində 138 min ailənin yardımların və müavinətlərin ümidinə qalması heç bir halda dövlətin inkişafını səciyyələndirə bilməz. Belə ailələrin sayının fasiləsiz artımı, ermənilərin maddi rifah səviyyələrinin fasiləsiz şəkildə aşağı düşməsi, işsizlərin sayının artımı, Ermənistanı tərk edərək iş üçün başqa ölkələrə üz tutanların yaratdıqları əmək miqrasiyası və mühacirətin səngiməməsi Yerevandakı rejimin fəaliyyət prinsipləri ilə bahəm, potensialını və indiki durumunu səciyyələndirir.


Yerevandakı hakimiyyət mövqelərini qorumaq və dayaqlarının sarsılmasının qarşısını almaq üçün Konstitusiyaya dəyişikliklər etmək, Sarkisyanın voluntarizmini qanuniləşdirmək niyyətindədir.


Müxalifətçilər bunu bilirlər, amma fəal aksiyalara başlamaqdan çəkinirlər. Onlar kütlənin dəstəyini almayacaqlarından, yenə də çağırışların səslənməsindən sonra vətəndaşların tərəddüd edəcəklərindən qorxurlar.


Müxalifət partiyalarının passivliyinin səbəbləri çox olsa da, onların arasında ən ciddi problem işlək taktikanın olmaması, hakimiyyətə qarşı mübarizə strategiyasının hələ də hazırlanmamasıdır.


Daha doğrusu, erməni müxalifətçilər bunu etmək istəmirlər.


Kütləvi narazılıqları etiraz aksiyalarına, mitinq və yürüşlərə çevirməyin, mübarizəni səviyyə baxımından daha effektiv etməyin yolları məlumdur - di gəl, Ermənistandakı müxalifət qüvvələri anti-iqtidar koalisiyası qura bilmədiklərindən onların zahiri cəhdləri belə, uğursuzluğa düçar olur.


Eyni situasiya hakimiyyət düşərgəsində də müşahidə olunur. Serj Sarkisyan başçılıq etdiyi düşərgənin tam təhlükəsizliyinə nail olmağa can atsa da, bunu bacarmır.


Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı sazişi imzalayandan və sonra da həmin quruma qatılandan sonra Yerevandakı rejim Rusiyadan aldığı dəstəklə yardımların artacağını planlayır. Olaylayrın gedişatı Ermənistanın hakimiyyət dairələrinin planlarının böyük, reallıqda bu istəklərin gerçəkləşmə şanslarının isə kiçik olduğunu göstərir.


Serj Sarkisyan "axsaq ördək" olmadığını və hakimiyyət piramidasını kontrolda saxladığını göstərmək istəyir. Amma onun siyasi varisinin yoxluğu, fəaliyyətin məntiqdən kənarlığı və kriminal oliqarxiyanın yaxın gələcəklə bağlı perspektivlərinin şübhəli olması məmurlarla iqtidarın kölgəsində dolanan iş adamlarının nikbinliyini azaldır.


Yerevan bundan sonra nə edəcəyini bilmir. Tərəddüdlər artır, siyasi perspektivlərlə bağlı nigaranlıq güclənir. İqtidarda olduğu illərdə ölkənin siyasi mövqeləri ilə yanaşı, iqtisadiyyatını da hədsiz zəiflədən, öz komandasının daxilində intriqaların sayəsində nifrət və düşmənçiliklə yaşayan qrupların formalaşmasına səbəb olan Serj Sarkisyanın obyektiv olaraq varisi ola bilməz.


Onun yaxın ətrafındakı şəxslərdən heç birini iqtidar düşərgəsi "2-ci nömrə" qismində qəbul etmir. Sarkisyanın əlaltıları ya marionetkalar, ya da hadisələrə təsir edə bilməyərək yalnız özünü düşünən biçarələrdir.


O da var ki, Serj Sarkisyan hakimiyyəti tərk etməyi istəməməklə yanaşı, bunu bacarmır: o, gedişatından sonra taleyinin nə olacağını bilmir. Bu adamın yaşam prinsipi "hakimiyyətdəki hər gün puldur" anlamı olduğundan postunda mümkün qədər çox qalmaq istəyi idefiksə dönüb.


Ermənistan prezidentinin asılı olduğu Rusiya, Yerevandakı bir neçə marionetka, siyasi müştəriləri və "müstəqil media"dan savayı müttəfiqləri də yoxdur.


O həm də anlayır ki, Konstitusiyaya əlavələr və dəyişikliklələ bağlı referenduma elə indidən hazırlığa başlarsa, ölkədə kütləvi narazılıqların küçə aksiyalarına çevrilməsinə təkan verəcək.


Anlayır və hələlik susmağa üstünlük verir.


Ölkə müxalifətinin liderlərinə və onların yaratdıqları saxta müttəfiqliyə gəldikdə isə, hakimiyyətlə sövdələşmələr aparıldığından ən pis halda Sarkisyanın normal gedişi üçün ona "humanitar dəhliz" yaradılacağı da bəsit təxminlənən olaydır.


Sarkisyan məntiq və soyuqqanlı davranışa əsaslanan siyasətçi olsaydı, partlayış həddinə çatmış vəziyyəti normallaşdırmaq üçün zəruri addımlar atardı.


Lakin o, hakimiyyət hərisliyi ifrata varmış fiqurdur və heç bir halda vəzifəsini konstitusion yolla tərk etməyə meylli deyil.


Əksinə, vəzifəsində qalmaq üçün o, 2008-ci ilin martın 1-də Yerevanda yaşanmış gülləbaranı təkrarlamağa da hazırdır.


Axsaq ördək olmasına baxmayaraq.


Elçin Alıoğlu