Arzu Nağıyev: "Azərbaycanla Ermənistan arasında neytral zona yoxdur"

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, "Trend" İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev Azərbaycan SQ tərəfindən vurulan helikopterlə bağlı ATƏT-in verdiyi bəyanat və bu hadisəylə bağlı ətrafda baş verən hadisələrlə bağlı Kəpəz TV-nin suallarını cavablandırıb.
 

-​ Ötən həftəyə damğasını vuran helikopter hadisəsi ətrafında müzakirələr davam etməkdədir. Hətta ATƏT-in Minsk Qrupunun vasitəçiləri də məsələyə münasibət bildiriblər. Burada narahatlıq doğuran məqam isə neytral ərazi ifadəsidir. Buna münasibətiniz necədir?

- 12 noyabr 2014-cü il tarixində uçuş taktikası seçdiyi zaman erməni helikopteri Azərbaycan SQ tərəfindən vuruldu. Hadisədən sonra xeyli bəyanatlar oldu ki, bunlardan biri də ATƏT-in Minsk Qrupunun bəyanatı idi. Onlar bəyanatlarında neytral zona deyilən bir ifadə işlətdilər. Neytral zona neytral ərazinin bir formasıdır. Neytral ərazi isə iki və daha çox dövlətin öz razılığı ilə sərhədləri arasında heç bir dövlətin hüquqi baxımdan nəzarəti olmayan əraziyə deyilir. Bundan sonra neytral zona məfhumu əmələ gəlir. Neytral ərazi deyanda İraq və Səudiyyə Ərəbistanı, Küveytlə Səudiyyə Ərəbistanı arasında olan ərazilər nəzərdə tutulur, lakin Azərbaycanla Ermənistan arasında neytral zona yoxdur. Eyni zamanda Dağlıq Qarabağ Azərbaycanın öz ərazisi olduğundan orada heç bir neytral zonadan söhbət gedə bilməz. Ora yalnız əhalinin yaşamadığı minalanmış ərazi ola bilər. Neytral zona söhbəti məntiqsiz bir məfhumdur.

-​ Azərbaycanın rəsmi orqanlarının reaksiyası buna sərt oldu. XİN başda olmaqla PA səviyyəsində bu bəyanata reaksiya gəldi. Bunu necə şərh edərdiz?

- Həm XİN, həm PA, həm də parlamentin spikeri səviyyəsində bu bəyanata sərt reaksiya bildirildi. Dağlıq Qarabağ və Azərbaycan arasında neytral zona olmadığı vurğulandı. BMT-nin 853 saylı qətnaməsi var- Ağdamın işğalını pisləmək haqqında. Belə ki, ermənilərin Azərbaycan torpağını zəbt etməsi burda pislənilir. Həm də helikopterin vurulduğu yer Mərzili ərazidir ki, bu da Ağdamın ərazisinə daxildir. Bu zaman hansı neytral zonadan söhbət gedə bilər?
 

- Bəs amerikalı vasitəçinin "Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" mövcud deyil" deməsi yol verilən xətayamı işarədir, yoxsa Azərbaycanın belə deyək könlünü almağamı?

- ATƏT öz səhvini düzəltdi. Neytral zona ifadəsini bəyanatdan çıxartdı. O ki qaldı Uorlikin fikrinə o, öz Tvitter səhifəsində də bildirdi ki, Azərbaycanla Ermənistan arasında neytral zona yoxdur.
 

- Hətta şəxsi nümayəndə Anjey Kasprşikin də hadisə yerinə getdiyi bildirildi, hansı ki, bu məlumat Kaspişikin dilindən öz təsdiqini tapmadı. Belə məlumatların yayılması nəyə xidmət edir?

- Kasprşik öz nümayəndələri ilə birgə həmin ərazidə monitorinq keçirdi. Ancaq bu helikopterin vurulduğu ərazi deyildi. Bu ərazi hadisə yerindən 20 km aralıda olan bir yerdir. O ərazidə keçiriləcək monitorinqin təhlükəsizliyini nə Azərbaycan, nə də Ermənistan öz üzərinə götürmədi. Erməni tərəfi vertolyotda ölənlərlə bağlı Kaspişikdən o əraziyə getməyi xahiş etsələr də o həmin əraziyə getməyib.
 

-​ Bəs hadisə ilə bağlı səslənən bəzi ermənipərəst bəyanatlara münasibətiniz necədir?

- ​ Ermənipərəst insanların, qurumların verdiyi bəyanatlar bu ərazini bilməyən, tanımayanlar üçün nəzərdə tutulub. Erməni diasporu bu istiqamətdə böyük işlər aparır. Onlar Ermənistanı günahsız bu müharibədən əziyyət çəkmiş tərəf olaraq göstərməyə çalışırlar. Bu bəyanatlar məntiqsiz, heç bir hüquqi bazaya əsaslanmayan bəyanatlardır. Bu bəyanatlarla dəqiq bir bazaya gəlib çıxmaq isə mümkün deyil.
 

- ​ Artıq 1 həftədən artıqdır ki, vurulan helikopter cəbhə xəttində, nəzarət edilməyən ərazidədir. Sizcə pilotların cəsədlərinin qaytarılması, belə deyək ərazinin helikopterin dağıntılarından təmizlənməsi, ümumiyyətlə prosesin bundan sonrakı mərhələsi hansı istiqamətdə olacaq?

-​ Son erməni əsgəri, qəsbkarı torpaqlarımızı tərk edənədək onlarla mübarizə aparmaq lazımdır. Dünya praktikasında da belə bir hadisə baş verdikdə bir komissiya təşkil olunur. Orada olan cəsədlər və qalıqlarla bağlı qərar qəbul olunur. Bildiyiniz kimi Qarabağ ərazisində girov götürülmüş və həlak olmuş Həsən Həsənovun cəsədini uzun müddət vermədilər. Bu ermənilərin qeyri-humanist hərəkəti kimi qiymətləndirildi. Eyni zamanda Mübariz İbrahimov həlak olanda ona qarşı da eyni hərəkət olundu. Yəni ermənilər bu tərəfdən özlərini daima qeyri-humanist büruzə verdilər. Əgər dünyada bu hadisələrin baş verdiyi ərazinin məhz Azərbaycan ərazisi olduğu qəbul olunarsa həmin qalıq və cəsədlərlə bağlı da yekun qərar qəbul olunar.