Ermənistan iqtidarının özü kimi, nazirliyi də yalandır

Day.Az представляет новость на азербайджанском языке.

Sivil və vətəndaşlarının halını qismən də olsa, düşünən hakimiyyətin idarə etdiyi ölkələrdə yeni qurumlar yaradılanda müzakirələr aparılır. Qurumun gərəklilik səviyyəsi, nə işlər görəcəyi, orada çalışacaq məmurların sayının dövlət büdcəsinə hansı məbləğə başa gələcəyi nəzərdən keçirilir. Həddən artıq ciddi zərurət yoxdursa, qurumun yaradılması ilə bağlı müzakirələrdə cəmiyyət, xüsusilə də media sərt mövqe tutur və axırda hakimiyyət geri çəkilərək fikrindən vaz keçir.


Əksi də olur: cəmiyyət, vətəndaşlar, siyasi təşkilatlar və ictimai qurumlar ehtiyac duyulan qurumun yaradılması ilə bağlı ictimai müzakirələr aparır, sonra bu və digər formada nisbətən yekdil qərar əldə olunur, hakimiyyətə təzyiqlər və iqtidardan tələblər başlanır - qurum yaradılır.


Normal ölkələrdə belədir.


Anormal iqtidarı olan dövlətlərdə isə hər şey tərsinədir. Qərarı hakimiyyət verir, cəmiyyət narazı qalsa da, onun mövqeyi və fikri nəzərə alınmır.


Postsovet məkanındakı ölkələr arasında bəxtsizlik, uğursuzluq, bədbinlik və indiki yaşamın dözülməzliyi şərtlərinin əsas götürələcəyi anonim sorğu keçiriləndən sonra nəticələr əsasında reytinq hazırlanacağı təqdirdə ilk yerlərdən birini tutacağı şübhə doğurmayan Ermənistanda belədir.


Bu məkanda vətəndaşların istəkləri qulaqardına vurulur, hakimiyyətin tələbləri və fikri əsas götürülür. Orta statistik erməninin yaşam ehtiyaclarının ödənməsini onun həyatının ən ciddi məqsədinə çevirməsinə can atan rəsmi Yerevan cəmiyyəti istehlakçılar toplusundan, siyasətə apatik münasibət bəsləyən fərdlər yığınından ibarət olmasını istəyir. Sosial siyasət büdcə pullarının müəyyən istiqamətlərə ayrılması və sonra da mənimsənilməsi, diplomatiya - yaxın qonşulara qarşı ərazi iddiaları, uzaqdakı hamiyə bel bağlayaraq şovinist və aqressiv siyasət yürüdülməsi, müdafiə siyasəti bütünlüklə ölkə ərazisindəki Rusiya hərbi bazasının "ümummilli sipər" kimi qələmə verilməsindən ibarətdirsə, hansısa məntiqli idarəetmədən bəhs etmək olmur.


Buna rəğmən, fantasmaqoriya davam edir.


Ermənistanada yeni qurum - "Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyi" adlı struktur yaradılır.


Rəsmi Yerevan yeni nazirlikləri yalnız məmurlar arasında əlavə və yeni ağızlar, qarınlar peyda olanda formalaşdırır. Həmin ağızları yedirmək, qarınları doyurmaq gərəkdir və proses müşkül, mümkünsüz təsir bağışlayır.


Məmur tayfası nə qədər yeməsindən, oğurlamasından və mənimsəməsindən asılı olmayaraq həmişə ac, həris, acgöz qaldığından Ermənistanın hakimiyyət dairələri düşərgəni genişləndirməkdən savayı bir çarə görmür.


"Nə qədər bacarsaq, o qədər olacaq, elə o qədər də xərcləyəcəyik", - Ermənistanın baş naziri Ovik Abramyan parlamentdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı belə deyib.


Ölkə çox ağır iqtisadi böhrandadır, maliyyə institutları faktiki olaraq iflic durumdadır, işsizlərlə bağlı statistikada artıq həndəsi silsilə qanunu işə düşüb, ölkədən qaçaraq mühacirət edənlər axına çevrilib - hökumət bu problemlərin həlli yollarını aramaq əvəzinə, əlavə nazirlik yaradaraq bir dəstə məmuru doyurmağın variantlarını düşünür.


"Beynəlxalq iqtisadi inteqrasiya və islahatlar" sahəsində fəaliyyət göstərməsi nəzərdə tutulan nazirliyin nə işlə məşğul olacağını təxminləmək asan deyil.


Rəsmi statistikaya görə, əhalinin 35 faizinin yoxsulluq həddində yaşadığı, gerçək rəqəmlərin isə ən azı 2 dəfə çox olduğu ölkənin iqtisadiyyatı ilə inteqrasiyaya can atan ölkələr varsa, onlar Eritreya, Banqladeş və ya Svazilend kimi dövlətlər ola bilərlər. Yaxud da Ermənistanın yaxınlığındakı separatçı məkanlar - Abxaziya və Cənubi Osetiya elə özləri kökdə olan Yerevanla "birgə fəaliyyət" fikrinə düşə bilərlər.


Nəzəriyyə və ehtimallar bu formadadır, reallıqda isə hətta osetinlərlə abxazlar da Ermənistanla sıx iqtisadi əlaqələrin qurulmasında maraqlı deyillər.


Əslində, Yerevandakı rejimin beynəlxalq inteqrasiya ilə iqtisadi islahatlara çox ciddi ehtiyacı var. İllərdən bəri özünü könüllü blokada şəraitinə salan, regional layihələrdən və inteqrasiya proseslərindən kənar qalan Ermənistanda bu problemin aradan qaldırılması ilə yanaşı, köklü iqtisadi və sosial islahatlara zərurət duyulur.


Nazirlik bəhs etdiyimiz müşküllərin aradan qaldırılması məqsədilə yaradılıbsa, mənasız işdir. S.Sarkisyan iqtidarının "ali" funksionerləri, xüsusilə də baş nazir O.Abramyan yeni strukturun effektiv fəaliyyət göstərəcəyindən, iqtisadi islahatlar proqramının hazırlanaraq gerçəkləşdiriləcəyindən, habelə beynəlxalq iqtisadi inteqrasiya yollarının aranaraq konkret işlərin aktivləşdiriləcəyindən danışır.


Yalandır, çünki Avrasiya İqtisadi Birliyinə qoşulandan sonra Ermənistanın hər hansı formada beynəlxalq iqtisadi inteqrasiya, illah da ki, iqtisadi islahatlarla bağlı müstəqil siyasət yürütməsi mümkün deyil.


Rəsmi Yerevan Moskvanın postsovet məkanında yaratdığı yeni kvazistruktura qoşulursa və bu qərar Rusiyanın göstərişlərindən sonra "könüllü, müstəqil" şəkildə verilibsə, yeni nazirlik yaradaraq, onsuz da, ağır vəziyyətdəki büdcəyə əlavə yük formalaşdırmaq bütün hallarda, sadəcə, məmurların maraqlarını ön plana çəkməklə əhalinin təlabatını qulaqardına vurur.


Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmuş Ermənistan Rusiyanın maraqları müstəvisindən kənar sayılacaq hər hansı iqtisadi perspektivdən əl çəkməyi boynuna götürüb. Yerevan özünü AİB çərçivələri ilə məhdudlaşdırıbsa, potensial investorların AİB əyaləti ilə maraqlanacağı çətin məsələdir.


Serj Sarkisyan rejimi ölkə iqtisadiyyatını bütünlüklə Rusiyanın nəzarətinə veribsə, hansı islahatlar və ya inteqrasiyadan danışmaq olar?


Rusiyanın Qərblə münasibətlərinin çox gərginləşdiyini, ABŞ və Avropa Birliyinin Moskvaya sərt sanksiyalar tətbiq etdiyini, Moskvanın da "cavab" olaraq Avropa Birliyindən çox uzun siyahıda əks olunmuş mallar və məhsullar almaqdan boyun qaçırdığını xatırlasaq, AİB, əslində, antiislahatlar, anti-inteqrasiya strukturudur.


Yerevanın da üzv olduğu sözügedən təşkilatın beynəlxalq müstəvidə nə isə etməsi mümkündürsə, "Qərbə qarşı cavab"lar olasıdır.


Rusiya, Qazaxıstan və Belarusdakı iqtisadi islahatların indiki vəziyyəti Ermənistanı gözləyən perspektivlərdən xəbər verir.


Elə bu səbəbdən də Moskvanın yeni göstərişindən sonra əl-ayağa düşən Yerevan Avrasiya İqtisadi Birliyi ilə "inteqrasiya" nazirliyi yaradaraq onu cəmiyyətə başqa adla təqdim edir.


Belədirsə, yeni nazirliyin adı həqiqəti əks etdirməli, "Ermənistanın Avrasiya İqtisadi Birliyinə zorla üzv edilməsi" Nazirliyi olmalıdır.


Axmaq əməldən sonra utanmaq yersizdir.


Elçin Alıoğlu