Newtimes: Ermənistanda siyasi böhran və qeyri-müəyyən islahatlar

Day.Az представляет статью на азербайджанском языке.


Dövlət başçısı Serj Sarkisyanın atdığı son addımlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Siyasi qüvvələr yaranmış vəziyyətə ehtiyatla yanaşırlar. Faktiki olaraq qərbpərəst və rusiyapərəst qrupa bölünən erməni siyasi partiyaları arasında hələlik açıq və kəskin mübarizə getmir. Əvəzində, S.Sarkisyanın Rusiyaya meylliliyi ilə seçilən H.Tsarukyanla gizli görüşüb razılaşma əldə etməsindən bəhs olunur. Bunun fonunda Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsi və konstitusiyada islahatların aparılması haqqında ortaq qənaət əldə edildiyindən danışılır. Bundan sonra nələr ola biləcəyini isə heç kəs proqnozlaşdıra bilmir.
 

Gərginlik: çıxış yolu tapılmır
 

Ermənistanda daxili siyasi vəziyyət xeyli gərginləşib. Bunun müxtəlif səbəbləri göstərilir. Bütün proqnozlar proseslərin bədbin ssenari üzrə inkişaf edəcəyi üzərində qurulur. Siyasi dairələrdə və cəmiyyətdə mənfi ovqatın yaranması təsadüfi deyil. Ekspertlərin gətirdikləri arqumentlər vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir.
 

Burada maraqlı məqamlardan biri Ermənistandakı hadisələrin Gürcüstanda yaranmış siyasi böhranla demək olar ki, eyni vaxtda başlamasıdır. Tbilisidə nazirlər istefaya getdilər, İrəvanda isə hakim komandanın dəyişməsi məsələsi gündəmə gəldi. Təhlilçilər bunu "Serj Sarkisyan komandasını dəyişir" kimi qiymətləndirirlər (bax: Айказн Гагриян. Серж Саркисян меняет "команду" / Lragir.am, 6 noyabr 2014).
 

Bəzi ekspertlərin fikirlərinə görə, əslində, S.Sarkisyan öz mövqeyini möhkəmlətmək üçün "at gedişi" edir (bax: Айказн Гагриян. "Ход конем" Сержа Саркисяна / Lragir.am, 7 noyabr 2014). Məsələnin mahiyyəti bundadır ki, erməni mətbuatı bir tərəfdən prezidentin müxalifətçi "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Haqik Tsarukyanla gizli görüşdüyünü yazır, digər tərəfdən isə yeni nazirliklərin yaradılacağını vurğulayır. Onlardan biri ərazi idarəetmə, ikincisi isə beynəlxalq iqtisadi inteqrasiya və islahatlarla əlaqəlidir.
 

Dövlət başçısının müxalif liderlə görüşü ilə idarəetmə strukturlarında dəyişiklik edilməsi arasında əlaqə siyasi böhranın əlaməti kimi xarakterizə edilir. Məsələ bu aspektdə Ermənistan üçün kifayət qədər mürəkkəb proseslərə rəvac verə bilər. Məhz həmin müstəvidə ekspertlər bədbin proqnozlar verirlər. Çünki, onların sözlərinə görə, burada daxili amillərlə yanaşı, xarici amillər də öz təsirini göstərir.
 

Ermənistan uzun müddətdir ki, daxili sosial-siyasi və iqtisadi çətinliklər içində çapalayır. Əhalinin həyat səviyyəsi aşağı düşür. Ölkəni yüz minlərlə adam tərk edir. Cəmiyyətdə sabaha inam yox dərəcəsindədir. Siyasi mübarizədə müşahidə edilən sünilik vətəndaşların, ümumiyyətlə, dövlətə olan inamını minimuma endirib. Gömrük İttifaqına üzvlük haqqında qərar qəbul edildikdən sonra Ermənistanda pessimist əhval-ruhiyyə daha da yüksəlib. Hələ də erməni işçilər normal əmək haqqı ala bilmirlər.
 

Bu kimi iqtisadi və sosial çətinliklər əyalətlərdə müxalifətə imicini yaxşılaşdırmağa imkan verib. Onların sırasında H.Tsarukyan daha çox seçilir. O, "üçlük" adlanan (buraya Ermənistan Milli Konqresi, "Çiçəklənən Ermənistan" və "İrs" partiyaları daxildir) müxalif qruplaşmanın lideri kimi qəbul edilir. Son illər iqtidar "üçlük"lə hesablaşmalı olur. Bunun əsas səbəbi kimi həmin qruplaşmanın Moskvaya yaxın olması göstərilir. S.Sarkisyanın tez-tələsik struktur dəyişikliyi etmək və növbədənkənar seçki keçirmək planı məhz bununla əlaqələndirilir (bax: Акоп Бадалян.Чрезвычайная ситуация в России и Армении / Lragir.am, 8 noyabr 2014).
 

Rusiyanın hansısa konkret addımlar atmağa hazırlaşdığı da qeyd olunur . Belə ki, Moskvanın Gürcüstanda yaranmış hakimiyyət böhranından istifadə edərək Cavaxetiya üzərindən quru yolu açacağı proqnozlaşdırılır. Bu baş verərsə, Ermənistanda kimin hakimiyyətdə qalacağı məsələsini Kreml çox asanlıqla həll edər (bax: "Цель России - сухопутная дорога через Грузию к базе в Гюмри" - Шашкин / Грузия Online, 8 noyabr 2014).
 

İslahatlar və proqnozlar: ziddiyyətlər qalır

Bəs bütün bunların fonunda S.Sarkisyanın seçki və struktur dəyişiklikləri ilə bağlı manevrləri nəyi ifadə edir? Ekspertlərin fikrincə, burada ilk olaraq Ermənistanın geosiyasi müstəvidə qeyri-müəyyən vəziyyətə düşməsi rol oynayır. Rusiyada böhranın dərinləşməsi və onun Qərblə münasibətlərinin kəskinləşməsi İrəvanı dilemma qarşısında qoyub. Bu günlərdə Avropa İttifaqının ona maliyyə yardımı göstərilməsi barədə qərarı əməkdaşlığı inkişaf etdirmək şansının qalması kimi dəyərləndirilir. Və buna qarşılıq olaraq rəsmi İrəvan beynəlxalq iqtisadi inteqrasiya və islahat nazirliyi yaratmaq arzusuna düşüb.
 

Lakin məsələyə başqa tərəfdən baxdıqda bu, Moskvaya inamsızlığın ifadəsi kimi səciyyələndirilə bilər. İrəvan Rusiya ilə strateji əməkdaşlığın perspektivlərinə müəyyən dərəcədə şübhə ilə yanaşır. Bununla yanaşı, əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvdürsə, onda o, Qərbə müstəqil olaraq necə inteqrasiya edə bilər? Deməli, burada da qaranlıq məqam vardır. Görünür, S.Sarkisyan kosmetik addımlar atmaqla ictimaiyyəti aldatmağa çalışır. Bilir ki, Rusiyanın təsirindən yaxa qurtara bilməyəcək. Burada başqa bir amil də mövcuddur.
 

Biz, H.Tsarukyanın siyasi kimliyini nəzərdə tuturuq. Bu adam erməni oliqarxıdır və biznesi Rusiyaya bağlıdır. Çoxdandır ki, H.Tsarukyanın Kremlin göstərişlərini yerinə yetirdiyindən danışılır. Deyilənlərə görə, S.Sarkisyan Rusiyaya yaxın olan siyasətçi ilə görüşərək Moskvanın mümkün qəzəbindən sığortalanmağa çalışır. Ölkədə həqiqətən də qeyri-müəyyən bir vəziyyət yaranıb.
 

Bu barədə parlamentin spikeri Qalust Saakyan da xəbərdarlıq edir. O, jurnalistlərə bildirib: "Heç kəs bilmir ki, hansı bloklar yaranacaq, Ermənistanda situasiya necə dəyişəcək, dünyada hansı dəyişikliklər olacaq" (bax: Айказн Гагриян. Неожиданное решение / Lragir.am, 8 noyabr 2014).

Belə çıxır ki, Ermənistan hakimiyyəti nə daxildə, nə də xaricdə proseslərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdıra bilmir. Qarşıya çıxa biləcək maneələri görmək iqtidarında deyil. Bir sözlə, rəsmi İrəvan tam qeyri-müəyyənlik içindədir və bundan hələlik çıxış yolunu tapa bilməyib. Belə olan halda S.Sarkisyanın struktur islahatlarında məqsədi qaranlıq qalır.
 

Məlum olan yalnız prezidentin H.Tsarukaynla razılığa gəlməsidir. Son məlumatlara görə, erməni oliqarx dövlət başçısı olmaq iddiasından əl çəkib. Burada incə məqam bundan ibarətdir ki, S.Sarkisyan konstitusiyada dəyişikliklər etmək istəyir. Sənəddə parlament idarəetməsi əsas yer tutmalıdır. Eyni zamanda, əsas qanunda təsbit olunacaq yeni maddəyə əsasən S.Sarkisyanın vaxtından əvvəl istefaya getməsi məsələsi çətinləşir.

"Üçlük" də bu aspektdə özünün təkliflərini verib. Ekspertlər hesab edirlər ki, konstitusiyada islahatların aparılması müqabilində S.Sarkisyan həmin təklifləri qəbul edib (bax: Наира Айрумян.Гагик Царукян отказался от президентских амбиций? / Lragir.am, 11 noyabr 2014).
 

Ermənistanın siyasi elitasında müşahidə edilən bu cür oyunların ölkəni hara aparacağı məlum deyil. İndidən bəllidir ki, iqtidarla müxalifətin Rusiyaya yaxın olan kəsimi arasında qarşılıqlı anlaşma prosesi gedir. Görünür, Kreml Ukraynada baş verənlərdən müəyyən nəticə çıxarmağa çalışır. Ancaq məsələnin digər tərəfi Ermənistanın daxili vəziyyəti ilə bağlıdır. Eyni zamanda, İrəvana ciddi maliyyə dəstəyi verən Qərbin bu proseslərə reaksiyası da məlum deyil.
 

Hazırda Ermənistan hər an sosial partlayışın baş verə biləcəyi bir ölkəni xatırladır. Siyasi qüvvələrin gedişləri vəziyyəti yüngülləşdirmir. S.Sarkisyan iqtisadi və sosial böhran fonunda hakimiyyətini saxlamağa çalışırsa, müxalifətin seçdiyi strategiya yaranmış vəziyyətdən yararlanmaqdır. İndi dövlət bu iki prosesin məngənəsində sıxılır.
 

Ekspertlər haqlı olaraq bütövlükdə idarəetmə sisteminin böhran keçirdiyini vurğulayırlar. Doğrudan da, idarəetmə sistemi köklü surətdə yeniləşməsə, yarımçıq islahatlarla ölkəni xilas etmək mümkün olmayacaq. Qlobal miqyasda cərəyan edən geosiyasi proseslərin fonunda mütəxəssislərin "Ermənistan hara gedir?" sualı yerinə düşür (bax: Куда идет Армения / Lragir.am, 11 noyabr 2014). Maraqlıdır ki, bunun cavabını rəsmi İrəvan özü də bilmir.
 

Newtimes.az