Fərhad Hacıyev: “Biz gənclərin ideyalarını və təşəbbüslərini dəstəkləyirik”

Day.Az представляет интервью на азербайджанском языке.


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin APA-ya müsahibəsi.

- Gənclər Fondunun yaranmasından 3 il keçir. Fond 3 il ərzində hansı yeniliklərə imza atıb?

- Dövlətimizin gənclərə diqqəti və qayğısı hər bir sahədə özünü göstərir. Azərbaycanın gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. Tam əminliklə deyə bilərəm ki, ölkəmizdəki gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan yararlansın.

Ümummilli lider Heydər Əliyev hər zaman gənclərə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrində təmsil olunmasına şərait yaradıb. Cənab prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi Gənclər Fondunun yaradılması oldu. Azərbaycan prezidenti cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondu yaradıdı. Prezidentin sərəncamı ilə Fondun Müşahidə Şurasının tərkibi formaladı. Gənclər Fondu ölkədə ilk dəfə elektron müraciət sistemi yaratmaqla gənclərin Fond ilə əməkdaşlığını daha asan və maraqlı etdi.

- Bu günə qədər Gənclər Fondunun maliyyələşdirdiyi layihələrin statistikası necədir?

- Fond bu günə qədər 6 qrant müsabiqəsi üzrə gənclərdən və gənclər təşkilatları tərəfindən daxil olan layihə müraciətlərindən 1865-ni maliyyələşdirib. Müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və təşkilati inkişaf layihələri olmaqla 5 kateqoriya üzrə keçirilir.

Müsabiqələrdə qalib olmuş və icra edilmiş layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Qrant müsabiqələri ilə yanaşı, gənclər il boyu Fondun səfər qrantı kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara, tədbirlərə qatılmaq imkanı əldə edə bilirlər. Gənclər Fondu, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarında təqdimatlar keçirib, gəncləri Fonda müraciət qaydaları barədə maarifləndirib. Gənclər Fondu üç il ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün şərait yaradıb. Bu müddət ərzində Gənclər Fondunun saytı Azərbaycan və ingilis dillərində hazırlanıb. Ümumilikdə gəncləri daha çox Fondun ümumi fəaliyyəti, layihələrin istiqamətləri və maliyyələşdirilməsi maraqlandırır. Eyni zamanda, Fonda və onun əməkdaşlarına saytımız və e-mail vasitəsilə müxtəlif suallar verilir. Əsas suallar isə elektron ərizə formalarının doldurulması qaydaları və layihə istiqamətləri barədə olur. Gənclər Fondu ölkəmizdə ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib. İlk qrant müsabiqəsində Gənclər Fonduna 165 layihə daxil olmuşdursa, sonuncu 6-cı qrant müsabiqəsində isə 1249 layihə daxil olub. Baş tutan 6 qrant müsabiqəsində 598 yerli, 70 beynəlxalq və 1197 fərdi layihə qalib olub. Hər yeni müsabiqədə də müraciətlərin sayı artır.

- Gənclərin fərdi layihələrinə dəstək verilməsini nə üçün zəruri saymısınız?

- Fondun unikal xüsusiyyətlərindən biri də gənclərin fərdi olaraq layihələrini dəstəkləməkdir. Yüzlərcə gənc ideya və təkliflərini reallaşdırmaq üçün Fondun dəstəyini qazanıb. Hazırda Fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatıb, digər bir hissəsi isə önümüzdəki il davam edəcək. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, Fond tərəfindən də bir sıra tədbirlər də həyata keçirilib.

- Fond gənclərin nə dərəcədə etimadını qazana bilib? Gənclər daha çox hansı istiqamətdə layihələr həyata keçirməyə maraq göstərirlər?

- Gələn müraciətlər deməyə əsas verir ki, Fond gənclərin etimadını qazanıb, gənclər Fonddan dəstək ala biləcəklərinə inanırlar. Gəncləri daha çox maraqlandıran sahələr təhsilə yönəlmiş layihələr, vətənpərvərlik, sağlam həyat tərzinin təbliği ilə bağlı layihələr, ekoloji maarifləndirmə layihələri, ictimai işlərdə gənclərin aktivliyinin təmini və könüllülüyün yayılması, təşviqi və təbliği istiqamətində layihələr olub.

- Regionda gənclərin fəallığının artırılması istiqamətində təşəbbüslər nəticə verirmi?


- İlk qrant müsabiqəsi elan edilərkən regionlardan olan gənclərin fəal olması, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılması əsas istiqamətlərdən biri kimi götürüldü. Gənclər Fondu tərəfindən regionlarda dəstəklənən layihələrin əksəriyyəti gənclər evləri və mərkəzlərində keçirilir. Beləliklə, region gənclərinin bu mərkəzlərin işində aktiv iştirakı təmin edilir.

- Gənclər Fondunun gələcəkdə fəaliyyətində hansı yeniliklər gözlənilir?

- Gənclər Fondu gələcəkdə öz fəaliyyətini daha da geniş şəkildə aparmağı planlaşdırır. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarx müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək. Eyni zamanda, Gənclər Fondu internetdə fəaliyyətini genişləndirməyi planlaşdırır. Hazırda Fondun saytında 304 gənclər təşkilatı və 3842 fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri on minlərlə gənc tərəfindən izlənilir. Qarşıdan gələn 2015-ci ildə Azərbaycanda dünya idman təqvimi və ölkəmizin tarixi üçün olduqca mühüm hadisə olan İlk Avropa Oyunları keçiriləcək. Cənab prezidentin sərəncamı ilə İlk Avropa Oyunlarının yüksək səviyyədə həyata keçirilməsi üçün Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi yaradıldı, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Komitənin sədri təyin olundu. Cənab prezidentin və ölkənin birinci xanımının nəzarəti və rəhbərliyi ilə Avropa Oyunlarına hazırlıqlar sürətlə həyata keçirilir. Şəhərimizdə yeni stadionlar, idman obyektləri inşa olunur, mövcud məkanlar rekonstruksiya edilir. Gənclər Fondu 1200-dən çox əcnəbi və yerli əməkdaşı olan Əməliyyat Komitəsi ilə birlikdə İlk Avropa Oyunlarının uğurla həyata keçirilməsini təmin etmək üçün könüllülərin cəlb edilməsi və onların hazırlanması ilə məşğul olur. Ümumilikdə, 13000 nəfər könüllü gəncin Oyunlar üçün fəaliyyət göstərməsi nəzərdə tutulub. Geridə qalan 3 il ərzində gənclərlə sıx əməkdaşlıq etdik, onların ideyalarını, təşəbbüslərini reallaşdırmağa köməklik göstərdik. Gələcəkdə də gəncləri və gənclər təşkilatlarını müsabiqələrimizdə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclər Fondu məhz gənclər üçün fəaliyyət göstərir.