Sumqayıtda “Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçirilib

Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah" mövzusunda "dəyirmi masa" keçirilib.

AzərTAc xəbər verir ki, şəhər icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə reallaşan "dəyirmi masa"da Milli Məclisin deputatları, ziyalılar, gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işlərdən, yürütdüyü müdrik siyasətdən, reallaşdırdığı böyük layihələrdən danışıb. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixi imkanı reallaşdırıb. Bildirilib ki, bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.

"Dəyirmi masa"da çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin qüdrətli zəkasından güc alan ölkəmizin inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.

Milli Məclisin deputatları Muxtar Babayev, Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, şəhər Cümə məscidinin axundu Rauf Sərdərov, Müqəddəs Serafim Sarovski kilsəsinin keşişi Vadim Şelkov, Sumqayıt Texnologiyalar Parkının icraçı direktoru Sahib Musayev və digər çıxış edənlər də Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Diqqətə çatdırılıb ki, Sumqayıtın bir müasir şəhər kimi formalaşması, inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün şəhərin sənaye mərkəzi kimi tanınması, texnologiya parklarının yaradılması, müxtəlif infrastruktur və sosial layihələrin reallaşması ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunun uğurları sırasındadır.

"Dəyirmi masa"da bildirilib ki, Ulu Öndərin müdrik daxili və xarici siyasəti ölkəmizə beynəlxalq aləmdə nüfuz və dəyərli ünvan qazandırıb. Artıq Azərbaycan regionda lider dövlət kimi tanınır. Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə həyata keçirilən bu siyasət Ümummilli Liderimizin kursunun təntənəsidi.