Böyük oyun başlanıb, milyonlar sovrulur

Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Milli.Az:

İtaliyanın Kampaniya vilayəti, Salerno bölgəsi. Buradakı Furore kommunasında cəmi 822 nəfər yaşayır.

Sahəsi 2 kvadrat kilometr olan kənd əvvəllər yalnız dağ cığırları ilə, sadəcə, bir yolla gediləcək məkandı. Ya da körfəzlə üzərək kəndə çatmaq olardı. Kənddən Aralıq dənizinə əla mənzərə açılır. Di gəl, dənizdən baxanda kənd bir yana - Furoreyə aparan yol belə, görünmür.
 

Məhz buna görə italyanlar Furoreni "olmayan kənd" adlandırırlar. 30 metr hündürlüyündə tağlı körpüsü də olan kəndə gün ərzində yalnız 10 dəqiqə gün işığı düşür. O da ikinci çağında, yalnız dar sahil zolağına.

Qərbdə bir para siyasətçilər də Azərbaycanı, deyəsən, Furore sayırlar.
 

Yəni var, mövcuddur, amma gözə görünmür. Yəni önəm verməyə dəyməzmiş bizim ölkəyə, bizə, maraqlarımıza, istəklərimizə, işimizə və gördüklərimizə.

Belə baxışlar, mövqelər və davranış ilk baxışdan qəflətən yaranıb. Çünki həmin siyasətçilər son aylaradək bizi əla görür, eşidir və duyurdular.
 

İndisə mövqelərini dəyişiblər, bu yaxınlaradək Azərbaycanla aktiv maraqlandıqlarını, inkişafımızı istədiklərini, əməkdaşlığa can atdıqlarını söyləyənlər Bakıya qarşı cəzalara, sanksiyalara, embarqolara əl atılmasını vacib sayırlar.

Özləri də çaşırlar hərdən, müəyyənləşdirə bilmirlər ki, bizi görmürlər, ya görmək istəmirlər, yaxud da görürlər, amma Pxenyan və ya Nyeypido təki.

Pxenyan məsələsi təsadüfi deyil, çünki ABŞ-ın dövlət katibi Con Kerrinin kuluar söhbətlərində dəstəklədiyi bir yığnaq siyasətçi, iş adamı, beynəlxalq təşkilat liderləri və sabiq siyasətçilərlə yanaşı, ABŞ-da yaşayan azərbaycanlılar olaraq Azərbaycana qarşı çıxanların dediklərinə görə, Azərbaycan Şimali Koreya, Bakı da Pxenyandır.

Ya da Nyeypidodur - onlarçün fərq etməz. Təki cəza olsun, hədəfin konkretləşdirilməsi sonra da mümkündür.

Plan və onun barədə deyilənlər

Yanvarın 15 və 16-da Varşavada bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə rəhbərlərinin görüşü olub.
 

Həmin görüşdə "Çexiyanın People in Need", "Human Rights Watch", Danimarkanın "İnternational Media Support", habelə "Platform London", "Netherlands Helsinki Committee", "İndex on Gensorship", "Article XlX", "İnternational Partnership for Human Rights", "YouAid Foundation" təşkilatları Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunlarını boykot kampaniyası, ümumiyyətlə, Bakıya qarşı anti-təbliğat kampaniyası ilə bağlı fəaliyyət planını müzakirə ediblər.

ABŞ-da planın reallaşdırılması "National Endowment for Democracy"yə (NED) tapşırılıb. ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyinin (USAİD) maliyyəlləşdirdiyi NED bilavasitə Dövlət Departamentinin nəzarətindədir.

NED uzun illərdir Azərbaycanda Vaşinqtona sadiq düşərgənin yaradılması, hakimiyyət dəyişikliyi və çevriliş ssenarilərinin qurulması, müxalifətin "etiraz aksiyaları"nın aktiv təşkilatçılarından biridir.

NED Bakıda "əməkdaşlıq" etdiyi QHT-lər, siyasi partiyalar və siyasətçilər, habelə "ictimai fəallar"ın vasitəsilə hakimiyyəti devirməyə can atır. Məhz bu məqsədlər müxalifətdəki partiyalara, QHT-lərə, media strukturlarına "seçim" ediləndən sonra milyonlarla dollar verilib.
 

Son vaxtlar yerli mediada sürətlə yayılan informasiyalardan birində deyilir: "Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb.

Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, "Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlib". Bu ayın əvvəlində "Freedom House" təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "5-ci kolon"un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində "milli şura" adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır.

İlkin müzakirələrdən bir ay sonra, yəni fevralın 15-də "İnsan hüquqları naminə idman" kampaniyası layihəsi tam hazırlanaraq maliyyələşmə üçün aidiyyəti qurumlara təqdim edilib. Məlumata görə, bəzi təkmilləşdirmələrdən sonra, martın 31-də layihə təsdiq olunub və onun icrasına külli-miqdarda vəsait ayrılıb. Kampaniya 10 ay ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra olunacaq. Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam etdirilə bilər. Kampaniyaya İnternational Media Support (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik edəcəklər. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS həyata keçirirlər".

O da vurğulanır ki, plan çərçivəsində görülməsi nəzərdə tutulan tədbirlər arasında hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması; Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi; həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması; ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması; İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və müraciətlərin hazırlanması; Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi; Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri üçün istifadə edilməsi; Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi; xüsusi filmlərin hazırlanması və Avropa ölkələrində nümayiş etdirilməklə onların müzakirəsinin təşkili; Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi, habelə Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması da var.

Niyə təəccüblənirik?

ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycana qarşı yürüdülməsi nəzərdə tutulan kampaniya ilə aktiv şəkildə maraqlanması, hətta onun bu aksiyaları himayə etməsi ilə bağlı iddiaların reallıq həddinin az olmadığını düşünürük.

Kerrinin belə mövqe tutması ilk baxışdan təəccüblü görünə bilər. ABŞ-ın ən məşhur solçu siyasətçilərindən biri, Vyetnam savaşının qəhrəmanı, sonralar aktiv fəaliyyəti və siyasətdəki dəqiq hesablanmış qərarları ilə ad çıxaran adamın birdən-birə, zahirən paradoks təsiri bağışlayan şəkildə Bakıda 1-ci Avropa Oyunlarının keçirilməsi ərəfəsində aktiv anti-təbliğat aksiyaları ssenarisini dəstəkləməsi rasional davranış sayıla bilməzdi.
 

Amma Kerri sümük iliyinədək rasional insandır.

"Sirr"in ilk açması elə onun ad və soyadındadır. Azərbaycanda onu əksəriyyət "Con Kerri" kimi tanıyır. Halbuki, Birləşmiş Ştatların dövlət katibi katolikliyi qəbul etmiş yəhudi ailəsində böyümüş "Con Forbs Kerri"dir.

"Forbs" kəlməsi sizə heç nə demir ki?!
 

Demirsə, onda bildirək ki, Forbslar ABŞ-ın və dünyanın ən zəngin ailələrindən biridir.

Riçard Con Kerri və Rozmari İzabel Kerri-Foroobsun ailəsində ikinci övlad olan Kerri milyarder xalasının pulları hesabına Avropa və Yeni İngiltərənin elitar məktəblərində təhsil alıb.

Con Forbs Kerri ana nənəsi Marqaret Tindall Uintropuni "sayə"sində ABŞ-ın 4 prezidenti, o cümlədən Corc Buşla, habelə Birləşmiş Ştatların ilk şairəsi Anna Bredstritlə qohumdur. Kerrinin qohumları arasında Avropa, Yaxın Şərq və Afrika ölkələrinin müxtəlif kral və zadəgan sülalələri də var.

ABŞ-ın ən zəngin siyasətçilərindən sayılan Con Forbs Kerri prezident seçilsəydi, ölkə tarixində dövlət başçıları arasında varidatına görə 3-cü yeri tutardı.

Bu səbəblərdən, təbii ki, Con Kerri həmişə siyasətlə yanaşı, biznes maraqlandırıb və o, dövlət katibi olandan sonra rəsmən biznesdən kənarlaşsa da, yürütdüyü siyasətdə və tutduğu mövqelərdə biznesmen xislətindən qurtula bilməyib.

Çünki ABŞ-ın maraqları konkret fərdin istəklərindən üstün, "hansısa dövlət"in mənafeyindən daha önəmlildir.

Daha biri iqtibas: "Kampaniyanın məqsədi - "hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir. Layihənin preambulasında bildirilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin (ABŞ-ın və Avropanın bəzi dairələrinin) çağırışlarına biganə yanaşdığına görə "cəzalandırılmalıdır", ona qarşı koordinasiya olunmuş və əsaslı surətdə düşünülmüş təbliğat kampaniyası keçirmək üçün böyük beynəlxalq tədbirlərdən istifadə edilməlidir. l Avropa Oyunları həmin kampaniyanın pik zirvəsi kimi müəyyən edilib. Yaxın müddətli perspektivdə məqsəd Azərbaycanı insan hüquqlarının pozulması xəritəsində möhkəm yerləşdirmək, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və "siyasi məhbus" kimi təqdim edilən "5-ci kolon" nümayəndələrinin azadlığa çıxmasına nail olmaq, bunun üçün Azərbaycan QHT-lərini və mediasını fəallaşdırmaq və ictimai qınağı stimullaşdırmaq, Avropa institutlarını, siyasətçiləri, idmançıları Azərbaycana qarşı yönəltməkdir. Uzunmüddətli perspektivdə isə cəmiyyətdə "5-ci kolon" stereotipini dağıtmaq, Azərbaycan ictimaiyyətinin biganəliyini və passivliyini aradan qaldırmaq, vətəndaşlarda ölkədə baş verən müsbət dəyişikliklərin imitasiya xarakterli olduğu, əslində isə vəziyyətin dözülməzliyi barədə ümumi rəy formalaşdırmaq, QHT-lərin, medianın hökumət əleyhinə fəallığını təmin etmək və son nəticədə "cəmiyyəti dəyişiklik üçün istifadə etməyə ilhamlandırmaq və səfərbər etmək" məqsədi güdülür".

Yetərincə ciddi məsələlərdir.

Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başlanmış "qara piar" kampaniyasına, habelə ölkədə hakimiyyət dəyişikliyinə hesablanmış aksiyaların planlaşdırılmasına təcccüblənməməliyik.

Əslində, belə də olmalıydı və sözün açığı, ölkədəki radikal müxalifətçilər, ən müxtəlif qanun pozuntularına görə həbs olunmuş şəxslərdən istifdə etməklə, bəlli siyasi partiyaları, təşkilatları və qeyri-hökumət strukturlarını "işə salmaq"la mösvcud iqtidarı zəiflətməyə yönəlmiş ssenari çoxdan hazırlanmalıydı.

Səbəblər trivialdır.

Müsəlman və Asiya ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Avropa miqyaslı möhtəşəm tədbir keçiriləcək. Yadınızdadırsa, Bakıda "Eurovision" keçirilməzdən əvvəl də analoji qarayaxma kampaniyası başlanmış, Azərbaycana qarşı isterik ittihamlar, suçlamalar səslənmişdi. Həmin günlərdə Bakını hədəfə almış məqalələr, reportajlar, süjetlərə baxan və oxuyan qərbli obıvateldə belə təsəvvür yarana bilərdi ki, Azərbaycanın paytaxtı insanların mahnı oxuyaraq, səf tutaraq işə getdikləri Pxenyanla qızardılmış yarasaların satıldığı Kinşasanın qarışığıdır ki, şəhərdə şər qarışan kimi Meksika narkokartellərindən geri qalmayan bandalar meydan sulayır, hər tində də əlində tiyəsindən qan daman xəncər tutmuş saqqallı "islamçı terrorçu" durub.

Üstəlik, obıvatel oxuyurdu ki, ölkədə hakimiyyəti tənqid edən dərhal tutulur, həbsdə ona qarşı ağlasığmaz işgəncələr tətbiq olunur və s.
 

"Eurovision" uğurla keçirildi, başa çatdı və Azərbaycana qarşı absurd iddialarla çıxış edənlər, paranoidal təxəyyülün eybəcər məhsulu olan "ittiham"ları səsləndirənlər sakitləşdilər.

Amma 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar veriləndən sonra yeni isteriya başlandı.

İndisə məqsəd daha genişdir.

Avropa oyunları ilə bahəm, Azərbaycanda parlament seçkiləri də olacaq.

İllər əvvəl canını kiçik tanrıcıqlarına tapşırmış ölkə müxalifətini diriltmək, fəal siyasi aksiyalara cəlb etmək, fəaliyyət görüntüsü yaratmaq üçün bəlli fiqurlar, təşkilatlar və qüvvələr yenidən hərəkətə gəliblər.

Bu dəfə ABŞ-ın dövlət katibi də oyundadır.

Təbii, Birləşmiş Ştatların Azərbaycanla bağlı yürütdüyü siyasətlə bahəm, Vaşinqtondakı ayrı-ayrı qrupların maraqları da var və Vaşinqtonun kursu ilə bu maraqlar bəzən üst-üstə düşmür.

Olsun.

Azərbaycan siyasətini kimlərinsə maraqlarına və ambisiyalarına uyğunlaşdırmadığı üçün cənab Kerri dəstək verdiyi dəstənin uğursuzluğunu çox yəqin ki, təxminləyib.