“Kiçik xalqın qaçqın böhranı haqqındakı dərsi”

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın Los-Ancelesdəki baş konsulu: "Azərbaycan nümunəsi bu faciənin aradan qaldırılmasında Avropa İttifaqı üçün ilham qaynağı ola bilər"

ABŞ-ın nüfuzlu "The Dailly Caller" qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin "Kiçik xalqın qaçqın böhranı haqqındakı dərsi" başlıqlı məqaləsi dərc olunub. "Kaspi" qəzeti həmin məqalənin tərcümə variantını təqdim edir:

Milyonlarla başqa insan kimi, qırmızı köynək və şortikli, qara ayaqqabılı 3 yaşlı suriyalı balaca oğlan uşağının Aralıq dənizinin sahilində olan şəklini unutmaq asan deyil. Suriyalı körpə dənizin sahilində üzü üstə balaca uşaqların yatdığı kimi uzanıb. Aralıq dənizində batan Aylanın şəkli bütün dünyanı sarsıdıb və bu fakt Avropanı öz sərhədyanı ərazilərində olan faciəvi reallığı, yəni humanitar böhranı görməyə vadar etdi.

Heç bir böhranın səviyyəsi qiymətləndirilə bilməz. Belə ki, hər bir insan həyatı qiymətlidir. Ona görə də, bütün dünyanın diplomatlarının və liderlərinin qısa müddət ərzində humanitar böhrandan çıxış yolu tapması çox vacibdir. Biz bu problemi tez bir zamanda həll etməliyik. Lakin müharibə və dağıntı nəticəsində yaranan miqrant axınında heç bir azalma müşahidə olunmur.

Görünən odur ki, heç bir yerdə cavab yoxdur. Siyasətçilər və hökumətlər problemi bir-birilərinin üstlərinə atırlar və onlar bu məsələyə məsuliyyətli yanaşmırlar. Bəziləri isə çıxılmaz vəziyyətdə olan qaçqınlara qarşı gözyaşardıcı qazlardan istifadə edir və sədlər çəkirlər. Bu zaman biz yalnız mərhəmət hisslərini qabartmalıyıq. Və ola bilər ki, bir müddət bundan əvvəl bu çətin vəziyyətlə qarşılaşan balaca dünyəvi müsəlman dövləti, Avropaya çıxış yolu təklif edə bilər. 

Mənim ölkəm olan Azərbaycan bu vəziyyətlə tanışdır. Belə ki, Azərbaycan münaqişə ocağını tərk etməyə məcbur olan qaçqınları qəbul edib. 1990-cı illərin əvvəllərində Ermənistanın qeyri-qanuni olaraq Azərbaycan torpaqlarını işğal etməsi və xalqımıza qarşı etnik təmizləmə aparması nəticəsində 1 milyona yaxın azərbaycanlı, əsrlər boyu sülh şəraitində yaşadığı öz tarixi torpaqlarını tərk etməyə məcbur olub. Bu insanlar həmin vaxt Azərbaycan əhalisinin 15%-ni təşkil edirdi. 

Qeyd edim ki, ölkəmiz azərbaycanlı qaçqınlarla bərabər, Mərkəzi Asiyadan gələn 50 min Axısxa türkünə də sığınacaq verib. 

Həmin dövrdə Azərbaycan müharibə şəraitində idi və ölkə iqtisadi böhran, siyasi xaosla mübarizə aparırdı. 

Beynəlxalq ictimaiyyətin azərbaycanlı qaçqınlara humanitar yardım etməsi təqdirəlayiqdir, lakin bu kifayət deyildi: azərbaycanlı qaçqınlar məktəbsiz, lazımi tibbi yardımlardan məhrum olaraq, elektriksiz çadırlarda yaşamaq məcburiyyətində idilər.

Qaçqınların içində yüz minlərlə azərbaycanlı uşaqlar da var idi. Onların uşaqlı illəri məhv olmuş, arzuları parçalanmış və həyatların fürsətlərindən məhrum olmuşdular. Lakin Azərbaycan hökuməti onlardan üz döndərmək əvəzinə, qaçqınların qayğısına qalmağa başladı. İlk öncə köməyə ehtiyacı olan insanlara yardım edildi. İndiki məqamda beynəlxalq ictimaiyyət bu əməkdaşlığı, bu ruhu tapmalıdır. Mərhəmət hissini və əzmkarlıq ruhunu.

1990-cı illərin əvvəllərin indiyədək qaçqınlar böyük yol qət etdilər. Azərbaycanda sonuncu qaçqın düşərgəsi 2007-ci ildə bağlandı, məcburi köçkünlər hökumət tərəfindən tikilmiş, bütün lazımi şəraiti olan qəsəbələrə köçürüldü, Ermənistandan və Orta Asiyadan olan qaçqınlara Azərbaycan tərəfindən vətəndaşlıq hüququ verildi.

Qlobal danışıqlar zamanı insan həyatını xilas etmək və humanitar faciənin qarşısını almaq üçün, bu münaqişələr həll olunmalıdır. Belə ki, azərbaycanlı qaçqınlarda öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Əsas odur ki, onlar öz ümidlərini - sabit sülhə olan inamlarını, doğma torpaqlarında özlərinin və uşaqlarının gələcəyə olan ümidlərini itirmədilər.

Azərbaycanın qaçqın problemi haqqında öyrəndiyi dərs son dərəcə sadədir: sayından asılı olmayaraq biz qaçqınları mərhəmət hissi ilə qəbul etməliyik. 20 il bundan qabaq azərbaycanlıların etdiyi kimi. Yaxın Şərqdən qaçan insanlar da hər şeylərini itiriblər: evlərini, işlərini, arzularını, sabit həyatlarını. Onların əzablarını azaltmaq üçün beynəlxalq ictimaiyyət əlindən gələni etməlidir. 

Azərbaycan nümunəsi bu faciənin aradan qaldırılmasında Avropa İttifaqı üçün ilham qaynağı ola bilər: çətin zamanlarda biz daha az bəxti gətirən insanlara yardım etməliyik. Ümid edək ki, Avropa onun sahillərinə təhlükəsiz həyat üçün gələn qaçqınlara kömək etmək üçün, bu dərsdən nəticə çıxaracaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi.az