Azərbaycanlı müğənni: "Kəbinim cəzaçəkmə müəssisəsində kəsildi"
Qəhrəmanım da bir zamanlar xoşbəxtlik, şöhrət sellərində üzürdü. Gözləri xoşbəxtlikdən nur saçırdı. Bu günsə o gözlərin dərinliyində kədər yuva salıb. Qəlbinin şüşəsi zəhərli oxlar ucundan qıyma-qıyma, bölük-bölük olub. Sevgisi sanki tale qarğışı, sevgisi göz yaşları oldu. Arzu, diləyi, ümidləri daşlara çırpıldı. İndi gücü yalnız gözlərindəki yaşına çatır... Qəhrəmanımın həyat və sevgi hekayəsinə birlikdə bələdçilik edək. O, sənətdə "Bala Rübabə" kimi tanınan "Lalə" qızlar ansamblının solisti Lətafət Qasımovadır.
Dünyaya arzular qoynunda gəldi. 5 yaşı olanda qonşuluqlarında dünyadan erkən köçən Mehriban adlı gəlinə ağı deməsi, hələ də o yas mərasiminə gələnlərin qulaqlarından getmir. Muğam üstə deyirdi ağını, doğmalarını itirənləri yandırıb-yaxırdı o səs... Hamı heyrət içidə idi...
Ömrünün qayğısız günlərində atasını itirdi Lətafət xanım. Sonralar anasını itirdi. 1987-ci ildə isə dünyalar qədər istədiyi qardaşı İnqilab itkin düşdü. Hələ də onun nə ölüm xəbəri var, nə də diri xəbəri.... 1963-cü ildə Yevlaxa gələn güclü sel onların evlərini yerlə-yeksan etdi. Artıq o zaman Lətafət xanımın atası dünyasını dəyişmişdi... Anası ailəni dolandırmaqda çətinlik çəkirdi. Məcburiyyət qarşısında qalan anası Lətafətlə İnqilabı internata verir. Ancaq Lətafət xanım həmin internatda qala bilmir. Bir ildən sonra anası Lətafəti internatdan çıxarıb, uşaqları ilə birlikdə Oğuz rayonuna köçür, övladlarını böyüdür.
5-ci sinifdə oxuyanda əmisi oğlunun toyunda bir ağız muğam oxuyur. Heç kim inana bilmirdi ki, balaca qızcığaz belə zəngulələr vura bilər. Həmin ifa onun gələcək sənət yolunu müəyyənləşdirdi. Müğənni olmaq, operamızın Leylisi, Əslisi olmaq... O, müğənni oldu, ancaq Leyli, Əsli olmaq arzusu ürəyində qaldı. "Göy-göl" ansamblının bədii rəhbəri Fikrət Verdiyev Lətafəti ansambla dəvət edəndə onun Leyli, Rövşən Behcətin isə Məcnun kimi çıxışlarına söz vermişdi. Lətafət isə daha geniş səhnəyə, Bakıya can atırdı.
Ağdam orta ixtisas musiqi məktəbinin direktoru Xosrov Fərəcovun, "Şur" ansamblının ona olan etimadını doğrultmaq istəyirdi. Ona görə də 1979-cu ildə Alim Qasımov, Qəndab Quliyeva, Sahibə Əhmədova, Tağı Salahlı kimi ifaçılarla musiqi yarışmasına qatılır. Ş.Ələkbərova, İ.Rzayev, C.Əliyev, V.Adıgözəlov kimi sənətkarları ifası ilə heyrətləndirir. Hətta V.Adıgözəlov X.Fərəcova deyir ki, "Sən bu bülbülü haradan tapmısan?". Yarışmada ikinci yeri tutan Lətafət onu dəstəkləyənlərin etimadını doğruldur, "Şur" ansamblının solisti kimi dünya və ölkədə təşkil edilən qastrol səfərlərinə çıxır.
1981-ci ildən 1992-ci ilə qədər "Lalə" qızlar ansamblının solisti olur. Hələ Ağdamda təhsil aldığı illərdə Ərəstun adlı bir gəncə könül vermişdi, əsl Leyli-Məcnun idilər. Hamı bu sevgiyə həsəd aparırdı, Lətafətə bəxtəvərlik verənlər çox idi. Həyatın sərt zərbələri bu xoşbəxt cütlükdən də yan ötmür. Ərəstun həbs edilir. Lətafət xanımsa onu atmır, eşqinə sadiqlik rəmzi olaraq 1993-cü ildə 12 saylı cəzaçəkmə müəssisəsində nikah kəsdirir və oradaca gəlin olur. 6 il həmin cəzaçəkmə müəssisəsinə gedib-gəlir. Qastrol səfərlərinin birində 7 aylıq körpəsini itirir. Ərəstun cəzasını başa vurub, Ağdamda gedən döyüşlərə qatılır. Ərəstun bilirdi ki, Lətafətin bətnində iki aylıq körpəsi var. "Əgər mən ölsəm, deməli, Lətafət tək qalmayacaq" deyir. Ancaq Ərəstunun ölümünə iki gün qalmış həmin körpə də dünyasını dəyişir. Bundan Ərəstunun xəbəri olmur. Lətafət iki faciəni birdən yaşamalı olur. Puç olan həyatı bir daha alt-üst olur.
Elə ucaltdım səni, indi əlim də yetmir.
Gözlərimdə bitmisən, gözümə yuxu getmir
Yalvarıb-yaxarıram, qulaqların eşitmir?
Üzümə baxma elə, ay sevgimdən doyanım,
Məni yalqız qoyanım....
Bu gün Lətafət xanım bu şeir parçasından təsəlli tapır, sevgilisinin, barını görmədiyi övladının ruhunu oxuduğu muğamlarda yaşadır. Oxuduğu hər bir muğam parçasının sözləri, qəzəlləri bu nakam eşq nağılı ilə sona yetir. Hələ də o sevgini unuda bilmir. "Mənim ürəyimdə səndən başqası ola bilməz, Ərəstun" deyib, hələ də o sevgiyə yas saxlayır.
Mədəniyyəti, tərbiyəsi, ifa tərzi ilə seçilən Lətafət xanım olduqca sadədir, hər kəsə inanır, çünki özü səmimi olduğu üçün, hamını səmimi bilir. Onun bu inamından sui-istifadə edənlər çoxdur. Həyata dik gözlərlə baxın Lətafət xanım. Hələ xoş həyat qabaqdadır, yaşamağa dəyər!
Sonda Lətafət xanım nədən bu şeiri söylədi? Demədi... susdu, susmuş taleyi kimi. Deməli, hələ də o gözlər, o sevgi, o ruh onu həbsdən xilas etməyib. Deməli, gözləri hələ də dəmir barmaqlıqlar arxasındadır. Bax, budur sevgi, budur sədaqət.
"Olaylar"
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре