Nisə Qasımova onu yalançılıqda ittiham edənlərə kəskin cavab verdi - FOTO

Day.Az представляет статью на азербайджанском языке.

Xalq artist Nisə Qasımova onu yalançılıqda ittiham edən bəzi mətbu orqanlara kəskin cavab verdi. Xatırladaq ki, az müddət əvvəl yerli informasiya saytlarının birində xalq artistinin efirlərin birində "Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynadığı barədə verdiyi açıqlama yalan kimi qələmə verilib.

Bundan hiddətlənən Nisə xanım özünə qarşı edilən hörmətsizliyə simsar.az vasitəsilə münasibət bildirib: "Əvvəla, heç kimə ixtiyar verməmişəm ki, mənim dediklərimi təkzib etsin və ya yalana çıxartsın. Nə qədər ki, ağlım başımdadır, səhvə yol vermərəm. Bəzi jurnalistlər heç nəyi araşdırmadan mənim sözlərimi yalana çıxarırlar. Belə ağıllıdırlarsa həqiqəti bilmək üçün ilk növbədə mənimlə əlaqə saxlamalıdırlar. Özüm haqda düzü ancaq özüm deyə və təsdiqləyə bilərəm. İştirak etdiyim hansısa verilişə ala-babat baxıb söylədiyim fikirləri düzgün anlamayaraq savadsız yazı yazmaq ayıbdır".

Xalq artistinin bildirdiyinə görə onu yalançılıqda ittiham edən mətbu orqan özü böyük səhvə yol verib. "Mənim "Leyli və Məcnun" tamaşasında Leyli obrazını canlandırdığım haqda danışdığım verilişi anormal izləyib sonra savadsız yazı yazan jurnalisti qınayıram. O jurnalist diqqətli olmalı idi. Mən deməmişəm ki, Leyli obrazını Opera və Balet Teatrının səhnəsində oynamışam. Jurnalist dediyimi tərs anlayıb bundan ötrü necə həmin teatrın işçisinə zəng edib bunun doğru olub olmadığını soruşa bilər? Mənə zəng etməli və anlamadığı həqiqəti məndən soruşmalı idi. 40 ildir oxuyuram və bu illər ərzində başıma gəlməyən pis hadisə qalmadı. Mən isə hər dəfə susdum. Bu, o demək deyil ki, zəifəm"!

Söhbət zamanı sənətkar az müddət əvvəl efirlərin birində danışdığı illər öncə canlandırdığı Leyli obrazı barədə məlumatı bir daha bizimlə bölüşdü: "O zaman mərhum Ələkbər Tağıyev çox istəyirdi ki, mən Opera və Balet Teatrının solisti olum və "Leyli və Məcnun" operasında Leylini canlandırım. Bununla bağlı onun mərhum tarzən Bəhram Mansurovla söhbəti olmuşdu ki, məni Leyli roluna hazırlasınlar. Bəhram müəllim də söz verdi ki, bu obraza Nisəni hazırlayaram. Hətta rəhmətlik rejissor Mehdi Məmmədova tapşırdılar ki, bu tamaşanın yeni quruluşunu o versin. O vaxt teatrın direktoru Azər Rzayev idi. Məşqlərə başlayanda teatra daxil olmaq üçün mənə buraxılış vərəqəsi vermişdilər. Bir dəfə teatrın səhnəsində mənim səsimi yoxladılar... O vaxt mənim sənət yolumu kəsənlər, əngəlləyənlər var idi. Bunu hamı bilir. Müəyyən müddətdən sonra Ələkbər müəllim dolayısı yolla mənə başa saldı ki, Opera və Balet Teatrında Leyli obrazını oynamağım mümkün olmayacaq. Çünki bunun alınmaması üçün kimlərsə haralarasa müraciət edib tapşırtdırmışdılar. Ancaq buna başqa cür don geyindirirdilər. Guya səbəb mənim vizual görünüşüm-sarışın və ala gözlü olmağım idi. Deyirdilər ki, bu görünüşlü müğənninin Leylini oynaması absurddur. Ələkbər müəllim çox istəyirdi ki, mən Leylini oynayım. Hətta Bəhram müəllim ona demişdi ki, məşqlər çox gözəl gedir və Nisə bu obraza çox yaraşır. Sarışın olmasına isə əncam çəkmək olar, qara parikdən istifadə edilə bilər... Fəqət Leylini canlandırmaq arzumu mənim gözümdə qoya bilmədilər. 1975-ci ildə Milli Televiziyamızda "Klassik irsimizdən" adlı veriliş yayımlanırdı. Verilişin bir buraxılışı Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuşdu. Verilişdə əsasən "Leyli və Məcnun" operasından parçalar görüntülənməli idi. O zaman Ələkbər müəllim təşəbbüsü ilə o verilişdə göstəriləcək tamaşada mən Leyli, mərhum sənətkarımızin Məmmədbağır Bağırzadə isə Məcnun obrazını yaratdıq. Və Füzuli poeziyasına həsr olunmuş verilişdə sözügedən tamaşa bizim ifamızda yayımlandı. Bunları xatırlamaqda məqsədim odur ki, sözlərimi, fikirlərimi təhrif edənlər bilsinlər ki, izlədikləri verilişdə mən Leyli obrazını Opera və balet Teatrının səhnəsində deyil, o tamaşanın televiziya verilişi üçün çəkilmiş versiyasında oynadığımı demişəm. İnanmırlarsa, özlərinə haqq qazandırırlarsa izlədikləri verilişin yazı versiyasına dönə-dönə təkrar baxıb əmin olsunlar! Jurnalist olan kəs haqqı yazmalıdır, nəinki bəzi "ulduzcuqlar" kimi, gündəmə gəlmək xatirinə savadsız, absurd yazı yazmalıdır"!

Simsar.az

Фото: Simsar.az