Сделать стартовой страницей PDA-версия Milli.Az Today.Az Письмо в редакцию Новости о Day.Az

Новости

ГлавныеПоследниеВидеоновостиФоторепортажи

Mahnılarımızın Türkiyə "sərgüzəştləri"


  • Нравится
  • 0

Day.Az представляет новость на азербайджанском языке.

Son zamanlar Türkiyə şou-biznesində Azərbaycan mahnılarının səslənməsi üstünlük təşkil edir. Bir neçə il öncə mahnılarımız ifa olunarkən bəstəkarı anonim göstərilirdisə də, bu hal getdikcə azalmaqdadır.

Məsələn, Sibel Can Şövkət Ələkbərovanın “Bir könül sındırmışam” mahnısını öz albomuna “Kabahatım büyükdür” adı altında daxil edib. Digər türk müğənnisi Gökhan Erol musiqisi Gövhər Həsənzadəyə, sözləri isə Leyliyə aid olan “Bir gecəlik” mahnısını öz repertuarına daxil edib. Türkiyənin super-starı Ajda Pekkanın yeni albomunda səsləndirdiyi xalq artisti Aygün Kazımovanın “Yenə tək” mahnısı son həftələr Türkiyə Top 3-lüyündə öz layiqli yerini tutub. Son zamanlar isə məşhur türk müğənnisi Tarkanın azərbaycanlı şairənin sözlərinə olan “Ağla ürəyim” adlı mahnısı gündəmi zəbt etməkdədir. Türkiyə şou-biznesində gedən bu prosesləri Azərbaycan bəstəkarları müsbət hal kimi qiymətləndirirlər.

Bəstəkar Aygün Səmədzadə mahnılarımızın əcnəbi televiziyalarda anonim getməsini mənfi hal kimi dəyərləndirdiyini bildirdi: “Əgər türk ifaçıları bizim xalq mahnılarımızı oxuyurlarsa, sonda mahnının adı anonim deyil, Azərbaycan xalq mahnısı kimi qeyd edilməlidir. Milliyyətindən asılı olmayaraq, hər bir ölkənin bəstəkar və yazıçılarının müəllif hüquqları qorunmalıdır. Bu işə daha ciddi yanaşmaq lazımdır. Bizim musiqiləri Azərbaycandan kənarda da çox ifa edirlər. Müəllifləri qeyd etmək şərti ilə oxunan bütün Azərbaycan mahnılarını müsbət hal kimi dəyərləndirirəm. Düşünürəm ki, mahnılarımızın yüksək səviyyədə oxunmasına heç kim etiraz etməz. Əvvəllər mahnılarımız əcnəbi televiziyalarında yayımlanarkən anonim yazılırdı. Sənət adamlarımız bu işlə ciddi məşğul olduqdan, ölkələrarası münasibətlər genişləndikdən sonra belə hallar azalmağa başladı. Mahnılarımızı anonim ifa edən ifaçılar gördülər ki, biz də öz mədəniyyətimizə hörmət edirik və hüquqlarımızı tələb edirik və bununla hesablaşmalı oldular. Əgər ifa olunan mahnılarda mahnının müəllifi qeyd olunmursa, bu, müəllifə hörmətsizlikdir, digər tərəfdən də plagiat hesab olunur”.

Bəstəkar əcnəbi müğənnilərlə işbirliyindən də danışdı: “Təkcə yerli müğənnilərlə deyil, əcnəbi müğənnilərlə də işbirliyim mövcuddur. “Tut ağacı” mahnısını bir neçə il bundan öncə Sibel Can oxumaq istədi. Amma mahnının sözlərində dəyişiklik ediləcəyini söylədi. Buna görə də mən mahnımın bu cür təhrif olunmasına razılıq vermədim. Onunla işbirliyimiz alınmadı. Düşündüm ki, mahnı 10 ildən artıqdır məşhurdur, onu dəyişməyə ehtiyac yoxdur. Çünki biz türk mahnıları oxuyarkən mahnıların sözlərini dəyişmirik. Əgər türklərlə eyni dildə danışırıqsa, mahnını da yazıldığı dildə oxumaq olar. Hava Doleq mənim “Tut ağacı” mahnımı oxuyub. O, mahnılarımdan birini oxumağı çox arzulayırdı. Mən də onun səsini dinlədim və bəyəndim, amma düşündüm ki, ona mahnını duet şəklində hazırlayım. İlk mahnını xarici müğənniyə tək həvalə edə bilmərəm. Duet şəklində mahnının ifası daha da maraqlı olacaq. Çünki Doleq mahnını öz ifa tərzi ilə, Ayaz da öz səs tembri ilə oxudu. Bu fərqli yanaşma olar deyə düşünürəm”.

Gənc bəstəkar Murad Arif türk müğənniləri ilə işləməyə can atdığını bildirdi: “Nil Karaibrahimgil, Zinet Sali mənim bəstələdiyim mahnıları ifa edib. Əcnəbi müğənnilər bizim mahnıları ifa edirsə, hər halda mahnının müəlliflərini qeyd etməlidir. Hər bir ölkənin buna öz yanaşma tərzi var. Biz də öz növbəmizdə çalışmalıyıq ki, öz bəstəkarlarımızın müəllif hüquqlarını qoruyaq. Onları məcbur edək ki, Azərbaycan müəlliflərinin hüquqlarını qorusunlar. Şikayətlərlə aidiyyatı qurumlara müraciət edərək bu və ya başqa yollarla çalışmalıyıq ki, buna icazə verməyək. Müəllif hüququ agentliklərimiz, Bəstəkarlar İttifaqı və bu kimi qurumlar onun üçündür ki, bu məsələni araşdırsınlar, belə halların qarşısını alsınlar”.

Gənc bəstəkar əcnəbi müğənnilərlə işləməyin maddi cəhətdən səmərəli olduğunu da qeyd etdi: “Azərbaycan müğənnilərinə mahnını satarkən sadəcə olaraq satış zamanı qonorar əldə olunur. Yəni mahnının dövriyyə olunmasından müəlliflərinin hesabına heç bir qonorar gəlmir. Türk müğənniləri ilə işləyərkən belə məsələlərə daha çox üstünlük verilir. Orada müəllif hüquqları agentlikləri var və onlar belə məsələlərə çox həssaslıqla yanaşırlar. Türkiyədə mahnının radioda, zəngimseldə, televiziyada yayımlanmasına görə müğənni ilə bərabər, mahnının müəlliflərinin hesabına da pul keçir. Bu çox sərfəli və maraqlı sistemdir. Mahnılarımı oxuyan müğənnilərin hər biri mənim üçün doğma insanlardır. Türkiyə bazarında mahnının qiyməti bizə nisbətən çox bahadır. Əgər mən onlara ucuz mahnı, ya da pulsuz mahnı hazırlasam, deyəcəklər “Dolamısan məni? Ver bütün mahnılarını oxuyaq”. Əcnəbi müğənnilərə satdığım mahnıların qiymətini açıqlamaq istəmirəm, yerli müğənnilərə isə 5 min manata mahnı yazıram”.

Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə müəllif hüquqları qurumlarında bəstəkar mahnılarını qeydiyyatdan keçirməyin vacib olduğunu vurğuladı: “Mahnılarım heç zaman anonim səslənməyib. Tacikistanda bir müğənni öz adından mahnımı səsləndirmişdi. Bununla bağlı müəllif hüquqlarına müraciət etdim. Onlar da mənə dedilər ki, bizim qanunlarda boşluq olduğundan hüququnuzu müdafiə edə bilməyəcəyik. Azərbaycan sənətinə yad münasibət göstərənlər var ki, guya xarici şou-biznesə qatılmaq üçün güc və bazamız yoxdur. Mən bu fikirlərlə razı deyiləm. Azərbaycan musiqisinə həmişə maraq olub və olacaq da. Şükürlər olsun ki, çox yüksək bir sənət sahibiyik. Əgər müəllif öz yaradıcılığına qarşı laqeydlik göstərməsə, onun mahnılarını heç kəs anonim səsləndirə bilməz. Artıq 10 ildir ki, Türkiyədə “Mesan” qurumunun rəsmi üzvüyəm və mahnılarıma görə də heç bir problem yaşamıram. Orada bəstəkar hansısa müğənniyə mahnı üçün müraciət etmir. Belə ki, şirkətlər, albom hazırlayan qurumlar özü qərara verir ki, ifaçı hansı bəstəkar ilə işləyəcək. Bu günə qədər də mahnılarım Türkiyədə ifa olunur. Orada mənim mahnılarımdan ibarət disk də hazırlanıb. Hazırda bizdə buna maraq yaranıb. 1997-98-ci illərdən mənim Türkiyə şou-biznesi ilə işbirliyim mövcuddur. Düşünürəm ki, Azərbaycan sənətini dünyaya inteqrasiya etmək lazımdır. Almaniyada, Amerikada mahnılarım ifa olunub. Demək olmaz ki, Avropada tanınıram və oranın şou-biznesinə qatılmışam. Çalışıram ki, Avropa bəstəkarlarının siyahısında kataloqlarda mənim də mahnılarım olsun”.

/kaspi.az/


  • 0
  • Нравится

В статье

Страны:
Азербайджан

Порекомендовать другу


Новости по теме

Отправить комментарий

Войдите на сайт или зарегистрируйтесь, чтобы оставить комментарий под своим именем


Содержание комментариев к новостям не имеет никакого отношения к редакционной политике Day.Az. Мы не несем ответственность за форму и характер выставляемых комментариев.
Просьба соблюдать установленные правила.