Nadir Qafarzadə: "Mən pulumu onların gələcəkləri üçün xərcləyə bilərəm"

Day.Az представляет новость на азербайджанском языке.

Hər zaman maraqlı fikirləri ilə seçilən müsahibimiz, müğənni Nadir Qafarzadə şou-biznesin bugünki durumu haqda danışaraq müğənnilərimizin biabırçı mahnılar ifa etdiyini, gənclər arasında isə heç kəsin səsi olmadığını deyib.

- Hazırda bir neçə retro mahnı üzərində işləyirsiniz. Bu haqda bir az ətraflı danışaq.

- Bir-iki retro mahnı üzərində işləyirəm. Musiqisi Elza İbrahimovaya, sözləri Əliağa Kürçaylıya aid "Mən sənin yanına qışda gəlirdim", Ramiz Mirişlinin "Xumar baxışlı" mahnılarına, Nüşabə Muradova və digər bəstəkarların repertuarına müraciət etmişəm. Son zamanlar oxunmayan mahnıları ifa etmək istəyirəm. Bundan başqa bəstəkarlarla yeni mahnılar üzərində də işləyəcəyik. Ancaq retro mahnıları oxusam, məni dinləyənlər də az olar.

-Niyə bu cür düşünürsünüz?

- Bunun səbəbi o zövqdə olan insanların az olmasındadır. Azərbaycanda səksən faizin zövqü sıfır dərəcəsindədir. Bunun günahı ya biz müğənnilərdə, ya da ki, bəstəkarlardadır. Heç olmasa iyirmi faizin zövqünün korlanmamasına çalışmalıyıq. Çünki bizim uşaqlarımız böyüyür. Onlar da klassik Azərbaycan musiqisinin varlığından xəbərdar olmalıdırlar. Biz ümidvarıq ki, gələcəkdə də klassik ifalar rəhmətə getməyəcək, yaşayacaq. Gələcəkdə gənclərin belə mahnıları yaşatması üçün əlimizdən gələni etməliyik. Artıq müğənnilər biabırçılıq mahnılar ifa edirlər. Buna görə bir az pərişan oluram. Gənclərdən heç kim oxumur. Hamısını bura aid edirəm. Nə yaxşı ki, Teymur Əmrah var. O, öz repertuarına bu cür mahnıları salmaqla klassik ifalarımızı yaşadır. Zamiq də sağ olsun ki, repertuarına bu mahnıları daxil edir.

- Nədənsə konsert, albom planları haqda da düşünmürsünüz...

- Konsert haqda düşünmürəm. Əziyyətimə heyfim gəlir. Özünüz də bilirsiniz ki, konsertə heç kəs gəlmir. Biletləri də tanışlıq ya da ki, hansısa yolla paylayırlar. Konsert də müğənni yalnız uduzur. Kim deyir ki, konsertdən pul qazanıb, inanmayın. Yalandır. Bu işin içində olduğumdan bu haqda danışa bilirəm. Qazandığım pulu havaya sovurmaq istəmirəm. Bu pulu boş yerə xərcləmək əvəzinə oğlanlarımın yaxşı ali təhsil almalarına xərcləyərəm. Mən pulumu onların gələcəkləri, gözəl şəraiti üçün xərcləyə bilərəm. Konsertdə ancaq mənim pulum gedəcək. Müğənnilərimiz konsert edib, dekorasiya düzəldib, çox pul xərcləyirlər. Lakin bunu geniş şəkildə işıqlandıran yoxdur. Telekanallarımız, jurnalistlərimiz ancaq pisləyib, vurub-dağıda bilirlər. Lakin xaricdən gələn, geyimi, oxu tərzi bərbad gündə, fonoqrama ilə ifa edən müğənniləri çıxarıb dağ başına qoyurlar. Adam lap yanıb-tökülür. Bu axı səninkidir, özünküdür. Niyə onu vurub yıxırsan? Sən nəyə görə onun əziyytini hədər edirsən? Bu səbəblərə görə, konsert vermək fikrim yoxdur. Gələcəkdə bəlkə olar. Amma yəqin ki, gələcəkdə də konsertim olmaz.

- Yəqin ki, yeni albomunuzun işıq üzü görməməsinin səbəbi də sadaladığınız bu səbəblərdir?

- Bəli. Bu səbəblərə görə o haqda düşünmürəm.

Olaylar.az