Təranə Qumral Musa Musayevin qardaşlarını məhkəməyə verdi

Day.Az представляет новость на азербайджанском языке.

Son bir ayın ən qalmaqallı xanım müğənnisi Təranə Qumraldan təzə xəbər var. Anspress-in məlumatına görə, müğənni rəsmən boşandığı həyat yoldaşı və duet ortağı Musa Musayevin qardaşları Əli Cabbar Musayevləri məhkəməyə verib. Onun məhkəməyə müraciət etməsinə Musa ilə yaşanmış qalmaqalın ardınca qardaşlarının mediada barəsində verdiyi açıqlamalar səbəb olub.

Təranə Qumral hər iki şəxsin qanun qarşısında cavab verməli olacaqlarını bildirdi: "Əli və Cabbar Musayevlər Musanın əsəbi halda işlətdiyi bir sözü əsas gətirərək media vasitəsilə mənə hücum etdilər. Barəmdə təhqir və böhtanlarla dolu ifadələr səsləndirdilər. Şərəf və ləyaqətim alçaldı. Ləkələdilər məni. Ölkədə özümə görə dinləyici auditoriyam, sevənlərim, pərəstişkarlarım var. Eyni zamanda 3 qız anasıyam. Məni ləkələməklə qızlarımın da adına kölgə salmış olurlar. Bir Azərbaycan qadını kimi bütün bu yaşananlar məni nüfuzdan saldı və bu hal mənə əzab verir.

Bu səbəbdən də öz hüquqlarımı qorumaq üçün, tapdalanmış ləyaqətimi müdafiə etmək üçün məhkəməyə üz tutdum. Şərəf və ləyaqətimi alçaldan hər bir ifadəyə görə hər kəs, eləcə də media cavab verməli olacaq".

Qeyd edək ki, Təranə Qumral vəkili vasitəsilə media qurumlarına məktub göndərərək Əli və Cabbar Musayevlərin müsahibələrinin təkzib edilməsini, düzəliş verilməsini, yaxud birbaşa üzr istənilməsini tələb edib. Müğənni tələbi yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirib.