"Lift" realiti-şousunda ilk qadın dueli necə bitdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, tanınmış teleaparıcı Sərxan Kərəmoğlunun təqdimatında Lider TV-də yayımlanan "Lift" realiti-şousunda ötən gün ən sakit duel günü yaşandı. Meydanda xanımlar üz-üzə gəldilər.

Model Maya Cəfərova dueldə gənc müğənni Şəbnəm Qəhrəmanova ilə yarışmağı daha üstün tutdu. Sərxanın "ola bilər ki, sms baxımından onu zəif iştirakçı bilib duelə dəvət etdin" sözləri ilə bayrışmayan Mayanın cavabı belə oldu: "Bu, bir reallıqdır ki, tanınmaq baxımından biz ikimiz digər iştirakçılardan az da olsa, geri qalırıq.

Mən bu şouya qədər tez-tez efirə çıxmırdım, Şəbnəm də gənc ifaçı kimi səhnədə yeni addımlarını atır. Duelə çıxmaqla hesab edirəm ki, xanım iştirakçılar arasında ən cəsarətlisi olduğumu sübut etdim. İnanıram ki, qarşılaşmamız maraqlı keçəcək.

Qoy tamaşaçılar kimi dəstəkləyəcəksə, o da qalib olsun".

Daha çox susmağı ilə diqqət çəkən Şəbnəm canlı yayımın sonuna yaxın "Mehriban olaq" mahnısından zümzümə etməklə şouya xüsusi rəng qatdı. İştirakçılar liftin içində ona qoşulub, mahnını oxumağa başladılar.

Onu da qeyd edək ki, iştirakçıları günboyu ziyarətə gələn məşhurlar sırasına aktyor Fərda Xudaverdiyev, Lider TV-nin "Rəngarəng", "Pərdə", "Tet-A-Tet" verilişlərinin aparıcısı Zaur Nəbioğlu və bu telekanalın yeni "Bəyəndim" maqazin verilişinin siması Müşfiq Kərimov qoşuldular. Emil Bədəlov üçün ən böyük sürpriz isə körpə qızı Səadətin studiyaya gəlişi oldu.

Sərxan Kərəmoğlunun "stop" sözünü söyləməsi gərginliyi daha da artırdı. Və beləcə iki saat davam edən xanım duelinin qalibi Maya Cəfərova oldu.

Üç gün öncə prodüser Sayqa Cahidlə otelə istirahətə getdiyini əsas gətirən model dincəlmək şansını öz xoşu ilə müğənni Elton Hüseynəliyevlə, teleaparıcı Lalə Əlimuxtarovaya verdi.

Uduş fondu azalaraq 52 min 800 manata enən şounun iştirakçılarının təqdimata ehtiyacları olmasa da, onlarla sizi təkrar tanış edirik: müğənnilər - Elton Hüseynəliyev, Emil Bədəlov, Əfqan Quliyev, teleaparıcı Lalə Əlimuxtarova, prodüser Sayqa Məmmədova (Cahid), meyxanaçı Ehtiram Rüstəmov, model Maya Cəfərova və dizayner İbadət Tağıyev (İbo).

Şou öz maraqlı və sərt şərtlərilə seçilir. Şouda iştirakçıların bütün tələbatları pulludur.

12 kv.m-lik sahəsi olan "Lift"də yatmaq, kənara çıxmaq, qidalanmaq və s. tələbatları təyin olunmuş qaydalar çərçivəsində tənzimlənir. Hətta çimmək belə müəyyən məhdudiyyətlərlə həyata keçirilir.

Söyüş, əlbəyaxa dava, əcnəbi dillərdə danışmaq və digər qadağalara əməl etməyən iştirakçılar layihədən dərhal kənarlaşdırılacaqlar. Qadağalardan ən maraqlısı isə intim münasibətdir.

"Lift"də mayın 19-da nələrin yaşanacağını bilmək istəyirsinizsə, bu axşam saat 22:00-dan etibarən Lider TV-nin canlı yayımını izləməyi unutmayın. Şounu canlı izləmək arzusunda olan tamaşaçılar bir saat öncədən telekanala təşrif buyura bilərlər.

Məlumat üçün bildirək ki, realiti-şounun informasiya tərəfdaşları Milli.Az və Day.Az portallarıdır.