Hüseyn Dərya: "Ya özümü asacağam, ya da zəhərləyəcəyəm"

Day.Az представляет новость на азербайджанском языке.

  

"Ulduzlu axşam"ın qonağı olan tanınmış reper Hüseyn Dərya ilə söhbətin necə başlayıb, necə qurtardığını hiss etmədim. Bəlkə də ona görə ki, səmimi söhbət üçün qəribsəmişdim. Son vaxtlar bəzi müsahiblərimin boğazdanyuxarı müsahibəsi məni təngə gətirmişdi. Hüseyn isə ürəyindən nə keçirdisə, onu da dedi. Nə bəzək-düzək vurdu, nə də yalandan özünü qaldırıb dağ başına qoydu.

"Ulduz xəstəliyinə tutulmuşam"

- Hüseyn, özünü ulduz sayırsan?

- Mən özümü ulduz sayıram və elə ulduz olmaq üçün də fəaliyyət göstərmişəm. Mən ulduz xəstəliyinə tutulmuş sənətçiyəm. Bu sadəcə bir etirafdır. Əslində ulduz xəstəliyinə tutulmayan sənətçi yoxdur. Sadəcə, bunu boyunlarına almağa qorxurlar. Özün fikirləş, ulduz xəstəliyinə tutulmayan adam birincilik iddiasında ola bilərmi? Əlbəttə yox. Hər kəs birinci olmaq istəyirsə, deməli, onda ulduz xəstəliyi var. Ulduz xəstəliyi yara-xora deyil ki, bədəndən çıxsın, bu xarakterlə bağlı olan bir şeydir. Hər kəs zirvəyə çatmaq diqqət mərkəzində olmaq istəyirsə, o artıq ulduz xəstəliyinə tutulmuş insandır.

"Ulduzluq o demək deyil ki, maşınını kiminsə üstünə sürəsən"

- Sən nə vaxt tutuldun bu xəstəliyə?

- Elə səhnəyə gələn gündən. Amma bunun insani keyfiyyətlərə dəxli yoxdur. Tutalım, mən ulduzam və küçədə gedəndə hansısa yaşlı bir qadın mənə yaxınlaşıb pulunun olmadığını, amma qızının toyunda məni görmək istədiyini deyirsə, mən razılaşıram. Sadəlik başqa şeydir, səviyyəsizlik başqa şey. Bizimkilər əksər vaxt bunu qarışdırır və daha çox türklər demişkən, havalara gedirlər. Ulduzluq o demək deyil ki, maşınını kiminsə üstünə sürəsən, cangüdəninə kimisə döydürəsən. Bu, tərbiyəsizlik və vəhşilikdir.

"Hər kəs üstümdə dava salırdı ki..."

- Ulduzunu söndürmək istəyənlər də yəqin çox olub?

- Xalqın sevgisini dişim-dırnağımla qazanmışam, heç bir nadan məni ürəklərdən çıxara bilməz. Mən bronxlarımı müalicə etdirmək üçün Naxçıvana getmişdim. Məni həkimlər yox, Naxçıvan əhli sağaltdı. Biri aparıb türkəçarə ilə ödümü, digəri mədəmi müalicə etdi. Elə Gürcüstanda da xalqım məni əl üstə saxladı. Mən orada gözümün yaşını tökürdüm ki, aman Allahım məni nə qədər çox istəyirlər. Hər kəs üstümdə dava salırdı ki, onu mən aparıb müalicə etdirəcəyəm. Biri maşın tapdı, biri həkim tapdı, biri ev...

"Onu küçəyə ata bilmərəm, çünki..."

- Narkotika ilə birdəfəlik vidalaşmısan, deyilmi?

- Çoxdan, artıq beş ildir.

- Bir ara eşitdim, namaz qılırsan?

- Bəli, Məşhədə də getdim, Kərbəlaya da. Namaz da qılırdım, amma əfsuslar olsun ki, dayandırdım. Çünki bu şou-biznesdə olmaqla namazı batil etmiş olardım. Bu sənətimlə məşğul olmaq istəyirəm, onu küçəyə ata bilmərəm, çünki Allah tərəfindən verilib. Sonra inşallah, Allahın ibadətinə qayıdacağam.

"... ya özümü asacağam, ya da zəhərləyəcəyəm"

- Çətin günlərində dostlarını sınadın. Sınaqdan necə çıxdılar?

- Məlum məsələdir ki, üzüqara dostlarım çox oldu. Bu sınaqdan üzüağ çıxan dostlarım olsaydı, mən bu qədər əziyyətlər, ağrılar çəkməzdim. Məsələn, dörd il bundan əvvəl mənə 25 yaş verirdilərsə, indi 37 yaşım var, hansı ki, 45 yaş verirlər. Vaxtından qabaq qocaldım. Fiziki olaraq hədsiz ağrılar yaşadım. Yerimə kim olsaydı, çoxdan özünü öldürmüşdü.

- Ürəyindən intihar keçdimi heç o ərəfədə?

- Bəli, bir neçə dəfə özümü öldürmək istəmişəm. Demişəm ya özümü asacağam, ya da zəhərləyəcəyəm. Bir dəfə ağrılarım o həddə çatdı ki, uzandım və düşündüm ki, duran kimi intihar edəcəyəm. Hətta intihara belə gücüm yox idi, isəyirdim ki, yatım ağrılarımı hiss etməyim.

- Bəs qarşını nə kəsib?

- Prinsipiallıq.

"Pul yaşamaq üçün bir nömrəli vasitədir"

- Növbəti klipin "Pul" adlanır. Pul sənin üçün nədir?

- Pul yaşamaq üçün bir nömrəli vasitədir, amma müqəddəs deyil.

- Bəs sənin üçün müqəddəs olan nədir?

- Təbii ki, birinci anamdır. Amma Hüseyn Dəryanın həyat tərzinə baxanda müqəddəs olan arzularımdır.

- Valideynlərlə münasibətin necədir, soyuqluq aradan götürülüb?

- İndi anamı gətirmişəm yanımda qalır. Axı uzunmuddət anamdan ayrı qaldım. Daha doğrusu, mən ailəmi tərk etmişdim. İndi anam biraz xəstədir, onu Türkiyəyə müalicəyə göndərmək istəyirəm. Ümumiyyətlə, mənim həyatda əziyyət görmədiyim dəqiqə olmayıb.

- Belə çətin məqamlarda Allaha asi düşürsənmi ki, niyə bu taleyi sizə yazdı?

- Oyy, oyy... Mən kritik məqamlarda üzümü Allaha tutub onunla danışığımı kaş ki, görəsiniz. Həyat gözünüzdə tam dəyişərdi. Belə deyirlər ki, Allah heç kimə çəkə bilmədiyi yükü vermir. Amma sınaq nə qədər olar? Bir dəfə üzüm gülməmiş, yenidən sınaq... Nəyə görə, hansı əməlimə görə? Bax belə olur ki, insanlar intihara əl atıralr. Həyatdır, incidir, sonda mükafatını verir.

"Ayrılmışıq, olub-keçib, heç olmasa..."

- Şəxsi həyatında yaxın zamanlarda bir yenilik gözlənilirmi?

- Hələ özüm istəmirəm. Valideynlərim də bu barədə mənə deyiblər, hətta anam qız da göstərib, öz qohumlarımızdandır. Görmüşəm, xoşuma da gəlib, tanıyıb-bilirəm də... Ailə qurmağa hələ tələsmirəm, amma olacaq.

- Övladlarına baş çəkirsənmi?

- Baş çəkirəm, mütləq.

- Anaları tərəfindən problem yaranmır ki?

- Yaranır, bəzən heç zəngimə cavab da vermirlər. Bəzən elə cavab verirlər ki, verməsələr ondan yaxşıdır. Çox əfsuslar olsun ki, onların etdiyi forsun əziyyətini balalarım çəkir. Onlar mənə fors etməsələr, övladlarım da atalarını tez-tez görər, atasızlığı hiss etməz.

- Bu ayrılıqlarda özünü çox qınayırsan, yoxsa, keçmiş həyat yoldaşlarını?

- Günah tək məndə olmayıb. "Cənnət anaların ayaqları altındadır" o demək deyil ki, bəzi analar o dünyada hesab verməyəcək. Analardan da cəhənnəmə gedən olacaq. Bir-birimizə etdiyimiz forsun nəticəsində uşaqlarım qeyri-sağlam böyüyür. Ayrılmışıq, olub-keçib, heç olmasa, bunu uşaqlarımıza hiss etdirməyək.

"Brilliant Dadaşova dedi ki..."

- Sənət aləmində dostluq etdiyin kimsə var?

- Sirrimi açdığım adam da var, açmadığım da. Bir nəfər xoşuma gəlməyən varsa, o da Xosedir.

- Kimləsə duet nəzərdə tutmusanmı?

- Mənim nəzərimdə kimsə yoxdur, amma kimlərinsə nəzərində mən varam. Təkliflər də var, amma indi duetə üstünlük vermirəm.

- Ümumiyyətlə, elə bir müğənni varmı ki, onunla duet oxumaq arzusunda olasan?

- Bəli, o müğənni Brilliant Dadaşovadır. Mahnı da hazırdır; "Duysun". Özünə də demişəm, deyib baxarıq.

- Keçmiş duet ortağın, həm də şayiələrə səbəbkar olan Aynurla münasibətin davam edir, yoxsa?

- Yox.

- Yenidən təklif etsə, onunla duet oxuyarsan?

- Vaxtilə mən ona lazım idim, o mənə. Mən ona lazım idim, çünki tanınmaq, ulduz olmaq istəyirdi. Mən ona lazım idim, ona görə ki, türmədən yenicə çıxmışdım, dəstəyə ehtiyacım var idi. Sağ olsun mənə maddi dəstək oldu. Mən ona indi də minnətdaram. Biz bir-birimizə dəstək olduq, axırda ailəmin dağılmasına səbəb də elə onu müdafiə etməyim oldu.

"Mən türmədən çıxanda..."

- Ortada sevgi var idi?

- Bu barədə danışmayaq da... Mən türmədən çıxanda kirayədə qalırdım, heç nəyim yox idi. O mənə çox şey etdi, o axıracan davam etmədi, biz ayrıldıq.

"Azərbaycanda 80 faiz insanların xəyal etmədiyi həyatı mən yaşamışam"

- Peşmansan?

- Yox, mən ona vəd verməmişdim ki, ömrümün axırına qədər sənə himayədarlıq edəcəyəm. Mən ona demişdim ki, səni Azərbaycanın tanınmış simalarından biri edəcəyəm və sən də qərar verəcəksən; istəsən davam edərik, istəsən yox. Mən müəyyən bir vaxt ərzində çox adamla münasibəti soyutdum.

- "Keyf elə" hələ də qulaqlardadır... Həyatda necə, doyunca kef edə bilmisənmi?

- Pis günlərim olsa da, yaxşı günlərim də olub. Azərbaycanda 80 faiz insanların xəyal etmədiyi həyatı mən yaşamışam. Qızlarla keyf də eləmişəm, amma heç birini aldatmamışam.

- Sevənlərinə yeni sürprizlərin varmı, söhbət solo-konsertdən gedir?

- Yay mövsümüdür, hamının başı qarışıq olacaq. Artıq "Pul" adlı klipim çəkildi, sentyabrda albom gəlir, oktyabrda yeni klip, ardınca da fevral-mart ayında da konsert .

/Publika.Az/