Əmrah: "Еvliliyə bu qədər yaxın olmamışdım"

Day.Az представляет интервью на азербайджанском языке.

Mahnıları və çəkildiyi filmlərlə 90-cı illərə öz damğasını vuran Əmrah uzun illər jurnalistlərdən və kameralardan uzaq durub. Yeni filmi "Gəlməyən bahar"la təkrar kameralar qarşısına çıxan Əmrah Türkiyənin "Sabah" qəzetində Öner Öngünə müsahibə verib.

Soyadının artıq Ərdoğan olduğunu xüsusilə vurğulayan Əmrah haqqında yayılan xəsislik iddialarını da cavabsız qoymayıb.

Publika.Az müsahibəni təqdim edir:

- Ekrana çıxmamağınıza pərəstişkarlarınız necə münasibət bəsləyir?

- Sırf tanınmış biri olduğuma görə kanal-kanal gəzməyin doğru olmadığını düşünürəm. Burada maraqlı bir şey var, şan-şöhrət sizi idarə etməyə başlayarsa, işlər bir-birinə qarışar. Şan-şöhrət sizi yox, siz şan-şöhrəti idarə etməlisiniz. Bu ifadə 30 illik karyeramın şifrəsidir. Çox göz qabağında olmaq istəmirəm, buna ehtiyacım yoxdur. Şan-şöhrət gözəl olduğu qədər də təhlükəlidir. O qonaq kimidir, sizi tərk etmədən siz onunla vidalaşmalısınız. Yoxsa çox üzülə bilərsiniz.

- Filmləri ilə tez-tez gündəmə gələn Mahsun Kırmızıgül və Özcan Dənizlə müqayisə olunursunuz. Bundan narahat deyilsiniz?

- Düzü, müqayisə olunmaq və onlara bənzədilmək istəmirəm. Mən onların gördükləri işlərə hörmətlə yanaşıram. Ancaq ortada müqayisə olunacaq bir şey yoxdur. Mən 1980-ci illərdə kino sahəsinə ayaq basmışam. Yəni həyatım çəkilişlərdə keçib. Neçə filmim olduğunu özüm belə xatırlamıram. Mənimlə müqayisə olunan yoldaşlarımın gördükləri işləri təqdir edirəm, amma müqayisəni heç xoşlamıram.

- Sizcə, son filminizdə rol almamağınız risk idi?

- Bu üç il öncə proyektə başlayarkən verdiyim bir qərardır. Bundan sonra Əmrahın üzünü təkrar tanıtmaq, ya da Əmrah markasına güc qatmaq kimi bir dərdim yoxdur. Mən hansı mövqeyə və etibara sahib olduğumu çox yaxşı bilirəm. Asanın deyil, çətinin öhdəsindən gəlmək lazımdır. Mən də sırf pul gətirə biləcək filmlər çəkə bilərdim, amma bu seçimə əl atmadım. Bu film tamamilə çox yaxşı niyyətlə çəkilib.

- Sibel Kirer ilə evləndiyiniz doğrudurmu?

- Sibel xanımla çox gözəl münasibətimiz var. Ona çox dəyər verirəm. Həqiqətən onun həyatımdakı əhəmiyyəti çox böyükdür. Bir insanın birini sevməsi və sevgisinin qarşılıqlı olması çox gözəl duyğudur. İki insanın bir-birini anlaması da çox əhəmiyyətlidir, mən asan yola gedilən adam deyiləm. 30 ildir sənət dünyasında olan birini idarə etmək heç də asan deyil. Buna görə Sibel xanımın dəyərini çox yaxşı bilirəm, o da mənim dəyərimi bilir. Gözəl, yetişkin və yaxşı bir insandır. Hazırda münasibətlərimiz çox yaxşıdır. Mən onu ciddi qəbul edirəm, o da məni. İnsanın həyatını bölüşdüyü bir ömür-gün yoldaşının olmağı gözəl duyğudur. Evlilik məsələsində hər şey qismətə bağlıdır. Bunu deyə bilərəm ki, evlənməyimlə bağlı xəbərlər yalandır. Ancaq ciddi münasibətimiz var. İndiyə kimi yaşadığım bütün münasibətlərdə evliliyə bu qədər yaxın olmamışdım.

- Deyirlər 100-dən çox daşınmaz əmlakınız var. Bu doğrudur?

- Mənim mülkümü necə və nəyə əsasən təyin edirlər, anlaya bilmirəm. Bu şaiyələrə əsaslanaraq özlərindən rəqəm uydurub hekayə yazmaları çox təəccüblüdür. Bu sualı verməyin çox yaxşı oldu. Bunlar boş işlərdir. Bu tərz şaiyələrə qəhqəhəylə gülürəm. Kimə nə mənim pulumdan, daşınmaz əmlakımdan? 30 ildir fasiləsiz işləyirəm. Müəyyən qədər mülküm təbii ki, var, hamının olduğu kimi.. Sadəcə, necə rəqəm söyləyirlər ona təəccüblənirəm..

- Bu cür xəbərlər sizə necə təsir edir bəs?

- Belə şeyləri çoxdan arxada qoymuşam. Məni tanımadan haqqımda fikir yürütmələrini qınayıram sadəcə.

- Qazancınızı özünüz idarə edirsiniz?

- 18 yaşımdan bəri özüm-özümü dolandırıram. Əlbəttə, hər şeyi mükəmməl etdiyimi söyləmirəm. Ticarət işində bəzi xətalarım, səhv yatırımlarım olub. Həmçinin etibar etdiyim və məsləhət aldığım dostlarım var. Həmişə doğru hesab elədiyim işlərin qulpundan yapışıram. Bütün işlərimə "Allahım mənə ən xeyirlisini nəsib et" deyə dua edərək başlayıram. Bir işim yaxşı olmayanda da üzülmürəm, "xeyirlisi bu imiş" deyirəm. Ürəyin təmiz olanda işlərin də yaxşı olur.

- Atanızı kiçik yaşlarınızda itirmisiniz. Onun yoxluğunu heç hiss etmisiniz?

- Atam sağ olsaydı, indi hər şey daha yaxşı idi. Anam sağ olsun, onun yoxluğunu hiss etdirməməyə çalışdı, amma atanın yeri təbii ki, başqadır. Atam olsaydı, həyat çox fərqli olardı.

- Gələcəklə bağlı hansı hədəfləriniz var?

- Bir-iki yeni layihəm var. "Gəlməyən bahar" isə çox fərqli bir həyəcan yaşatdı mənə.

- Xəsis olduğunuzla bağlı çox şeylər danışılır. Bunlar sizə təsir edir?

- Bunlar çox gülməlidir, necə güldüyümü təsəvvür edə bilməzsiz. Mən necə həyat yaşadığımı bilirəm, heç kimə izahat verməyə ehtiyac duymuram. Gərək gecə klubuna gedib ordakı işçiyə 100 dollar verim? Mənim həyat tərzim belə deyil. Yoxsa gecə klublarında, lüks yerlərdə görünmürəm deyə belə söyləyirlər? Bir insanı tanımadan onun barəsində danışmaq çox ayıb şeydir. Bunlar mənim vecimə də deyil.

- Son vaxtlar soyadınızın İpək, yoxsa Ərdoğan olduğu müzakirə olunur...

- Bu hadisə illər öncə də gündəmə gəlmişdi. Bilmədən danışan bir neçə adam məkrli məlumat yaydı. Mən dərzi Elyasa Ərdoğanın oğluyam, anam Aytən Ərdoğan, mən isə Əmrah Ərdoğanam. Atamı yaş yarımımda itirmişəm və evin tək uşağıyam. Beləliklə soyadım Ərdoğandır. Anamın ilk evliliyindən olan ögey qardaşlarım məni İpək soyadı ilə qeydiyyata salıblar. Kiçik yaşlarımda bu işə başladığımda heç nəyə müdaxilə edə bilmirdim. Sonradan atamın həqiqi soyadını götürdüm. Bunu da sonuncu dəfədir söyləyirəm.

- Ananız Aytən xanımı həmişə yanınızda görürük. Yəqin ki, o da sənət dünyasında yaxşı təcrübə qazanıb...

- Anamın bu sektorda 30 illik çox ciddi təcrübəsi var. Artıq o da mənim kimi bu işin içindədir. Yaxşı ki, başımda anam olub. Onun sayəsində şan-şöhrəti həzm etməyim asanlaşdı. 18 yaşımda Diyarbəkirdən İstanbula gəldikdə səsimin dəyişdiyini gördüm. Hamı məni incə, uşaq səsimlə tanımışdı. Hər şeyin bitəcəyini düşündüm. Bu problemin öhtəsindən anamın köməyi ilə gəldim.

Publika.Az