Azərbaycanlı ifaçı türk müğənnidən niyə küsdü?

Day.Az представляет новость на азербайджанском языке.

Ötən ay Bakıya gələn türkiyəli müğənni Ebru Polatın ölkəmizi pislədiyi xəbərləri yayılıb. Anspress-ə açıqlama verən Ebru Polat yayılan xəbərləri təkzib edib və Azərbaycanı çox sevdiyini bildirib:

"İnanın ki, bu xəbərlərin heç birisi doğru deyil. Azərbaycanı və insanlarını çox sevirəm. Afaq mənim haqqımda yanlış xəbərlər yayıb. Bunu da niyə etdiyini bilmirəm. Ümumiyyətlə, mənlə danışmır, niyə küsdüyünü də bilmirəm. Konsertimiz olmalı idi, ancaq məkanda problem yarandığı üçün təxirə salındı. Afaqın məndən küsməyi bu xəbərlərin doğru olduğuna əsas vermir".

Milli.Az daha öncə xəbər vermişdi ki, türkiyəli müğənni Ebru Poladla azərbaycanlı ifaçı Afaq Aslanın 20 iyun tarixində Bakıda konsert proqramı təxirə salınıb. Səbəb Ebru Poladın Azərbaycan haqda səsləndirdiyi xoşagəlməz fikirlər olub. Afaq məsələnin təfərrüatlarını belə açıqlayır:

"İstəməzdim ilk konsertim təxirə düşsün. Amma Ebru ilə münasibətlərimiz də bu səbəbdən pozuldu. Azərbaycanın çörəyini yemək qərarına gələn Ebru Polad buranı bəyənmirmiş. Hər kəsin yanında Azərbaycanı pisləyir. Mənim həqiqətən qəlbimə dəydi, pisimə gəldi. Niyə Azərbaycanı pisləməlidir ki? Sonra da heç nə olmamış kimi burada konsert verməyə və digər açıqlamaq istəmədiyim işlərə qol qoymağı planlaşdırırdı".

Afaq qeyd edir ki, əgər onun konserti təxirə salmaq kimi imkanı olmasaydı belə, yenə də səhnəyə çıxmaqdan imtina edərdi: "Axı mən necə vətənimi sevməyən bir müğənni ilə elə öz vətənimdə səhnə bölüşüm?

Konsertin təşəbbüskarı mən idim. Amma iş ki bu yerə çatdı, vicdanım yol vermədi. Onun Azərbaycan haqda danışdıqlarını eşitdim və utandım. Yaxın rəfiqə idik. Ancaq artıq ürəyim sındı.

Çətin, qulağım eşitdiyim sözlərdən sonra ona qarşı yenidən əvvəlki kimi yaxşı münasibət bəsləyə biləm. Mən bu sənətdə yeni-yeni addımlarımı atsam da, vətənimi heç nəyə qurban verə bilmərəm.

Ən böyük problem onun Azərbaycan haqda səsləndirdiyi o dəhşətli fikirlərdir. Ancaq bundan başqa o xanımda bir çox mənfi xüsusiyyətlər gördüm. Üzülürəm olanlara".