Aytən Səfərova: "Yedizdirmək – bax, bu, hər kəsin işi deyil" - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Müsahibəni edəcəyim xanımla söhbətləşməyə, düzünü desəm, bir az qorxurdum. Çünki qonağım hazırcavab, yumor hissi hədsiz güclü olan və ən əsası qarşısındakı ilə amansız zarafat etməyi çox gözəl bacaran Aytən Səfərovadır. ANS telekanalında yayımlanan "Salam Azərbaycan" verilişinin aparıcısı....
 

- Aytən xanım, yemək, yoxsa yeməmək?

- Baxır nəyi. Amma yedizdirmək - bax, bu, hər kəsin işi deyil.
 

- Hansı yeməkləri sevirsiz?

- İsti, acılı, dadlı. Dənli bitkiləri çox sevirəm, onlardan hazırlanan hansı yeməklər varsa, velkam mədəmə...
 

- Özünüz hansı yeməyi ustalıqla bişirirsiz?

- Sulu xörəklər məndə yaxşı alınır. Bundan başqa, plov bişirirəm ustalıqla, müxtəlif salatlar, xüsusilə "Paytaxt" və "Sezar" məndə əla alınır, kupatı, pxali, eləcə də suşini özüm hazırlayıram.

- Bizim mətbəxlə digər ölkələrin mətbəxi arasında fərq nədir?

- Bizim mətbəxdəki yeməklərin əksəriyyəti insanın damağının dadını oxşayır. İçində çoxlu ədviyyatlar olmur. Ədviyyat adətən yeməyin əsl dadını qaçırır. Bizdə ədviyyatlar əksər hallarda şirniyyatda olur. Bir də ki, bütün dünyada kartof qızardırlar, amma bizim "palatka" toylarında qoca nənələrin yekə teştin içində iri duzla bişirdikləri kartofa heç nə çata bilməz. Bizim yemək bişirənlərimizin əlləri dadlıdır, yəqin mətbəximizin yeməklərinin də dadlı olması bundan irəli gəlir.

- Fast food-la aranız necədi?

- Pis deyil. Qızardılmış toyuq qanadları və krevetləri sevirəm.

- Kababa münasibətiniz?

- Kababa münasibətim superdir. Amma qanlı yox. Yaxşı bişmiş, özü də acı bibər, badımcan, pomidor kababı və közləmə kartof yanında olmaq şərtilə, yoxsa kabab nəsə "nakam" alınır e elə bil.

- Dietaya münasibətiniz?

- Dieta?! O nədir ki? Zarafat eləyirəm. Bilirsiz, bir göz qırpımında həyatımın 32 ili gedib, bir göz qırpımında da bu qədəri də gedə bilər, az və ya çox. O dünyada məndən soruşanda "xeyirli nə iş görmüsən", deyim ki, dietada oturmuşam? Dieta bu dünyanın malıdır. Bu dünyada Allah nemət yetirir, yeyirəm. Şükür də edirəm. Başımı və vaxtımı o dünya üçün azuqə toplamağa sərf eləmək ac-susuz qalıb bədənimi düşünməkdən daha vacibdir. Həm də ki, məni dietasız sevirlər. Dietada oturanlar isə əksər hallarda onlara sevdiklərinin də hisslərində dieta yaradır. Qadın hərtərəfli qadın olmalıdır, quru taxta yox.

- Sizi təəccübləndirən hansı yemək olub?

- Krevetlər və midiya. Ömrüm boyu hesab eləmişəm ki, murdardırlar, amma sən demə, halal buyurulubmuş, özü də dadlıdır. Ona görə də bir bacı məsləhəti - nəyisə yeməzdən əvvəl onu pisləmək olmaz.

- Siz birdən-birə xeyli çəki atdız? Bunu necə elədiz?

- Bunu özümü rejimə salmaqla elədim, yəni ki, səhər nəyi var yeyirdim, günorta şorba içirdim, gün ərzində də çoxlu maye qəbul edirdim, axşamüstü də meyvə dilimləri. Amma mənim ən böyük problemim elə səhər yeməyilə əlaqədardır. Yenə də səhərdən günortayadək ac qalıram, bu da öz təsirini göstərir. Bu da ki, məzuniyyət zamanı oldu yenə... Kəndə gedəndə rejim nədir e?

- Ova münasibətiniz necədir?

- Əvvəl özüm də gedirdim, bir neçə dəfə ördək vurmuşam. İndi isə pisdir münasibət. İstəmirəm hansısa canlı öldürülsün.

- Kiminsə yeməyi üçün darıxmısız?

- Rəhmətlik nənəmin əməköməci ilə bişirdiyi yumru düyü şorbası və əvəliklə bişirdiyi plovdan ötrü... Allah cəmi ölənlərə rəhmət eləsin.

- Sizdən müsahibə almaq istəyəndə vaxtınızın olmadığını dediz. Ev işlərini necə çatdırırsınız?

- Çatdırmağa çalışıram. Qadın olmaq belədir də. Bu, bizim gücümüzdən və səbirli olmağımızdan irəli gəlir.

- Sosial şəbəkələrdə aktivsiz. Sosial şəbəkələrdə sizə sevgi elan edən olub?

- O qədər. Gülmüşəm, amma cavab verməmişəm. Mən də yeniyetmə yaşlarımda Silvestr Stalloneyə-Remboya eşq məktubu yazıb Moskva, Şabolovka 37-yə göndəmişdim.

- Siz uzun illərdir ki, efirdəsiz... Sizcə, efir adamının yeməyi necə olmalıdır?

- Efir adamının yeməyi ağız sulandırmayan olmalıdır. Yemək yedinsə, vəssalam. Efirdə danışığına da təsir göstərəcək, diksiyana da. Efirdən kənar olmalıdır efir adamının yeməyi. Əsas odur ki, "yediyimiz" xəbərlər bizim və başqalarının boğazında ilişib qalmasın.

- Tələbə olanda nə yeyirdiz?

- Tələbə olanda nə yediyim yadımda deyil, amma dəhşət susayırdım. Yemək heç yadıma da düşmürdü, düzü..

- Hansı musiqilərə qulaq asırsız?

- Musiqilər müxtəlifdir. Hans Zimmer, Nino Rota, Ennio Marrikone, Adam Lambert, Queen, Sam Smith, Dan Balan, Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Yalın, Tarkan, Sila... çoxdur e. O qədər gözəl mahnılar var ki... Maykl Boltonun konsertinə hazırlaşıram böyük məmnuniyyətlə.

- Sevdiyiniz yazıçı kimdir?

- Dostoyevski.

- Bizim xalqın yemək mədəniyyəti sizi qane edir?

- Sizinkini deyə bilmərəm, bizimkilər toya getməlidir. Toyda bütün mədəniyyət üzə çıxır. Orada fikir vermək lazımdır yemək, rəqs, davranış, hətta yeriş mədəniyyətinə. Allah hamımıza şəfa versin.

/Kulis.az/


Böyütmək üçün şəkillərə klikləyin.